AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli alim, pedaqoq, şair və ictimai xadim Valeh Hacıların 75 illik yubileyi keçirilib. Tədbiri giriş sözü ilə SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı açaraq Valeh müəllimin 75 illik yubileyinin bir müddət öncə Gürcüstanın paytaxtı Tbilisi şəhərində qeyd olunduğunu bildirdi.
Ulu Öndər Heydər Əliyevin " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" kəlamından sonra Valeh Hacıların Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışı təqdim olundu.
Akademik Nizami Cəfərov öz çıxışında Valeh Hacılarla ilk tanışlıqdan, alimin elmi fəaliyyətindən söz açaraq
“Ədəbiyyat” qəzetinin əməkdaşı kimi Tiflisə səfəri zamanı Valeh Hacıların yerli elmi-ədəbi mühitdə böyük nüfuza sahib olduğunu müşahidə etdiyini bildirdi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu öz nitqində Valeh Hacıların elmi və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən danışdı.
Təklif etdi ki, Azərbaycanda elmi - tədqiqat institutlarının birində Valeh Hacıların yaradıcılığına həsr olunmuş dissertasiya işi müdafiə olunsun, onun irsi, elmi fəaliyyəti geniş tədqiq olunsun.
Əməkdar incəsənət xadimi İsmayıl Ömərov Valeh Hacıların Gürcüstanda anadan olduğunu və ömrünün sonuna kimi orada yaşayıb - yaratmasının nümunə olduğunu bildirdi.
Professor Nəsib Nəsibli Valeh Hacıların yeri hər zaman görünüb və görünəcək sözləri ilə çıxışına başladı.O , bu gün sağ olsaydı, problemlərin həlli istiqamətində mühüm işlər görüləcəkdi. Tədbirdə həmçinin
Professorlar Rüstəm Kamal, Bədirxan Əhmədli, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xəzər Klinikasının baş həkimi İlqar Yusubov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və tələbələri adından, dosent Razim Məmmədli çıxış edərək Valeh Hacıların elmi-ictimai fəaliyyətini yüksək qiymətləndirdilər, onun barədə xatirələrini bölüşdülər.
Sonda ailəsi adından Valeh Hacıların oğlu, tarix elmləri doktoru Fəxri Hacılar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Yubiley mərasimində tanınmış elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər.

