Fransa 300 illik köləlik qanununu tarixə göndərir: Niyə indi?

post-img

Fransa Prezidenti Emmanuel Makron müstəmləkəçilik dövrünün ən qalmaqallı hüquqi sənədlərindən biri hesab olunan “Qara Məcəllə”nin (Code Noir) ləğvini dəstəkləyib. 1685-1724-cü illərdə qəbul edilmiş bu kral fərmanları Fransa müstəmləkələrində köləliyi tənzimləyən hüquqi baza rolunu oynayırdı. “TRT Haber”in məlumatına görə, qanun layihəsi artıq Fransa Milli Assambleyasının Hüquq komissiyasında yekdilliklə qəbul edilib və mayın 28-də plenar iclasda təsdiqlənməsi gözlənilir. Bununla da, indiyədək formal olaraq Fransa qanunvericiliyində qalan sənədin hüquqi qüvvədən düşməsi prosesi başa çatacaq.

Fransa köləliyi hələ 1848-ci ildə ləğv etsə də, “Qara Məcəllə” hüquqi reyestrdən çıxarılmamışdı. Sənədin ilk versiyası maliyyə naziri Jan-Batist Kolber tərəfindən hazırlanaraq 1685-ci ildə kral XIV Lüdovik tərəfindən təsdiqlənmişdi. Daha sonra 1724-cü ildə XV Lüdovik dövründə yenilənmiş variantı qəbul edilmişdi. Bu sənədlər təkcə hüquqi akt deyil, bütöv bir müstəmləkə idarəetmə sistemini formalaşdırırdı.

Məcəllənin ən qalmaqallı maddələrindən biri olan 44-cü maddədə kölələr “daşınar əmlak” kimi təsvir edilirdi. Ümumilikdə 60 maddədən ibarət olan sənəd müstəmləkələrdə əsarət altına alınmış insanların hüquqi statusunu müəyyənləşdirir, onların itaətsizliyinə görə ağır cəzalar nəzərdə tutur və insanları faktiki olaraq əmtəəyə çevirirdi. Qaçmağa cəhd edən kölələr üçün qulaqların kəsilməsi, damğalanma və hətta edam kimi cəzalar hüquqi norma kimi rəsmiləşdirilmişdi. Tarixçilər bu sənədi Avropa hüquq tarixində insanlıq əleyhinə ən sərt hüquqi sistemlərdən biri hesab edirlər.

Makronun bu addımı həm də Fransanın öz müstəmləkə keçmişi ilə üzləşmək cəhdi kimi qiymətləndirilir. Müasir dövrdə dövlət rəhbərlərinin tarixi cinayətləri açıq şəkildə etiraf etməsi nadir hallarda baş verir. Makron bundan əvvəl də oxşar mövqelər sərgiləyib. O, 2021-ci ildə Ruanda soyqırımı ilə bağlı Fransanın ciddi məsuliyyət daşıdığını etiraf etmiş, lakin rəsmi üzrxahlıqdan yayınmışdı. 2024-cü ildə isə Fransa və müttəfiqlərinin soyqırımın qarşısını almaq imkanına malik olduqlarını, lakin bunu etmədiklərini bildirmişdi.

Analitiklər hesab edirlər ki, Parisin bu addımının arxasında həm daxili, həm də geosiyasi səbəblər dayanır. Son illərdə Fransa Niger, Mali və Burkina Faso kimi keçmiş müstəmləkələrində nüfuzunu ciddi şəkildə itirib. Afrika qitəsində anti-Fransa əhvali-ruhiyyəsinin güclənməsi fonunda Paris simvolik addımlarla “köhnə imperiya siyasətindən uzaqlaşdığı” mesajını verməyə çalışır. Digər tərəfdən, Fransadakı miqrant mənşəli əhali arasında sosial və etnik gərginliyin artması hökuməti tarixi məsələlərdə daha həssas davranmağa sövq edir.

Bununla belə, Fransa “tarixi məsuliyyət” anlayışını qəbul etsə də, hüquqi və maliyyə öhdəlikləri yarada biləcək rəsmi üzrxahlıq məsələsində ehtiyatlı davranır. Bu yanaşma xüsusilə Əlcəzair müharibəsi və Ruanda hadisələri ilə bağlı siyasətdə də müşahidə olunur. Paris keçmiş səhvləri etiraf edir, lakin mümkün təzminat və beynəlxalq hüquqi məsuliyyət risklərindən yayınmağa çalışır.

“Qara Məcəllə”nin ləğvi qlobal miqyasda dekolonizasiya prosesinin davamı kimi də qiymətləndirilir. Bu gün Belçika və Niderland kimi keçmiş imperiyalar da müstəmləkəçilik dövründə törədilmiş cinayətlər, qarət olunmuş tarixi eksponatlar və insan hüquqları pozuntuları ilə bağlı artan beynəlxalq təzyiqlə üz-üzədirlər. Fransa parlamentinin mayın 28-də verəcəyi qərar Parisin öz üzərindəki tarixi-siyasi təzyiqləri azaltmaq və beynəlxalq imicini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya