Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (VI LitBookFest) çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da silsilə tədbirləri təşkil olunub. Bu tədbirlər sırasına “Azərbaycan – Türkiyə ədəbiyyatı”, “Özbəkistan – Türkmənistan ədəbiyyatı”, “Qazaxıstan – Qırğızıstan ədəbiyyatı”, “Macarıstan – Şimali Kipr ədəbiyyatı” panelləri də daxildir. Həmçinin, “Səməd Vurğun - 120”, “Əlişir Nəvai - 585”, “Məhəmmədhüseyn Şəhriyar - 120”, “Qabil - 100”, “Süleyman Rüstəm - 120”, “Molla Nəsrəddin - 120”, “Xaqani Şirvani - 900” panelləri də Ədəbiyyat İnstitutunun alimlərinin iştirakı ilə baş tutub. “Güney Azərbaycan ədəbiyyatı şəxsiyyətlər, portretlər”, “Yunus Əmrə və Türk dünyası”, “Türkoloji Qurultay - 100” panelləri də festivalın mövzusuna uyğun olaraq xüsusi əhəmiyyət kəsb edib.

Festivalın sonuncu günü təşkil olunan “Türkoloji Qurultay - 100” paneli filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin moderatorluğu ilə baş tutub. Asif Rüstəmli qurultayın təşkili, keçirilməsinə qədər qət olunan yol, təşəbbüskarları və iştirakçıları haqqında geniş məlumat verib. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Qurşunlanmış türkologiyanın fikir və idealları” məruzəsində Qurultay iştirakçılarının fədakarlığı və onların sonrakı aqibəti haqqında maraqlı faktları təqdim edib. Bildirib ki, orada iştirak edən 131 nəfərdən təxmini 50 nəfəri sonralar repressiyaya məruz qalıb.

Filologiya elmləri doktoru, dosent Abid Tahirli məruzəsində vurğulamışdır ki, “Birinci Türkoloji Qurultayın gündəliyi türkologiyanın müxtəlif sahələrini əhatə etsə də, əsas istiqamət ortaq əlifba və ortaq ədəbi dil problemi idi. Əslində ortaq əlifba var idi, ərəb əlfbası və bu əlifba türkçülük ideologiyasının əsasını qoyanlardan Əli bəy Hüseynzadənin fikrincə, türk xalqlarının birliyinin əsas təminatçısı ola bilərdi. Amma hələ XIX əsrin ortalarından M.F.Axundov ərəb əlifbasını təkmilləşdirmək və ərəb əlifbasından latın əlifbasına keçmək təşəbbüsünü irəli sürmüş, layihələr tərtib etmiş, məqalələr yazmışdır. Sonralar bu ideya qabaqcıl ziyalılar -Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Süleyman Sani Axundov  və başqaları tərəfindən davam və inkişaf etdirilmişdir. Eyni proses bu və digər şəkildə Sovet imperiyasında yaşayan türk xalqlarının mədəni həyatında da gedirdi. Heç də təsadüfü deyil ki, Birinci Türkoloji Qurultaydan sonra - 1928-ci ildə türkmənlər, altaylar, qaraqalpaqlar, qırğızlar, 1929-cu ildən qazaxlar, başqırdlar, qumuqlar, xakaslar, yakutlar latın əlifbasından istifadə etmişlər. Təəssüf ki, bu vəziyyət uzun sürməmiş, sovet rejimi və kommunist ideologiyasının direktiv göstərişinə əsasən türk xalqları kiril əlfbasına keçmişlər. Sovet imperiyası çökdükdən sonra latın əlifbasına qayıtmaq ideyası aktuallaşmış və keçmiş SSRİ məkanında bu addımı ölkəmiz birinci atmışdır. Beləliklə,  uzun illərdən sonra Birinci Türkoloji Qurultayın gündəliyindəki məsələlərdən biri Azərbaycanda reallaşmışdır”.





Mədəniyyət