“Sea Breeze” idman infrastrukturu istiqamətində yeni mərhələyə keçir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

“Sea Breeze” kurort kompleksində yeni idman layihələrinin həyata keçirilməsi planlaşdırılır. Layihələr çərçivəsində futbol arenası, buz meydançası və beynəlxalq standartlara uyğun padel akademiyasının yaradılması nəzərdə tutulub.

XQ xəbər verir ki, bu barədə “Sea Breeze” layihəsinin təsisçisi Emin Ağalarov “Dream Fest” öncəsi keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, artıq beynəlxalq padel və tennis yarışlarının təşkilinə imkan yaradacaq qapalı padel-tennis akademiyasının tikintisi təsdiqlənib. Akademiyada dünya səviyyəli iki kort fəaliyyət göstərəcək.

Eyni zamanda, 5 min tamaşaçı tutumuna malik futbol arenası layihəsi üzərində iş aparılır. Gələcəkdə stadionun tutumunun 10-15 min yerədək artırılması nəzərdə tutulur. Arenanın beynəlxalq standartlara cavab verəcəyi və iri idman tədbirlərinə ev sahibliyi edəcəyi qeyd olunub.

Kompleks ərazisində buz meydançasının yaradılması da planlara daxildir. Layihə üzrə məşhur fiqurlu konkisürən və məşqçi Yevgeni Plyuşenko ilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Luna Park” layihəsi çərçivəsində inşa edilən kiçik qapalı konkisürmə meydançasının yaxın iki həftə ərzində istifadəyə veriləcəyi açıqlanıb.

Emin Ağalarov qeyd edib ki, “Sea Breeze”də mütəmadi olaraq marafonlar, veloyürüşlər, voleybol, MMA, tennis və padel turnirləri təşkil edilir. Onun sözlərinə görə, yay mövsümündə yeni yarışların keçirilməsi də planlaşdırılır.

“Sea Breeze”in yalnız istirahət məkanı deyil, həm də idman, təhsil və müasir yaşayış imkanlarını birləşdirən həyat tərzi konsepsiyası olduğu vurğulanıb.

Sosial həyat