Pakistanda Azərbaycanın Müstəqillik Günü şənliyi

post-img

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

İki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Xəzər Fərhadov 108-ci ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR) keçdiyi müstəqillik yolu haqqında məlumat verib. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, parlament, hökumət, dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, həmçinin Azərbaycanın milli dövlətçilik tarixində demokratik ənənələrin əsası qoyulub.

Səfir əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin sayəsində öz suverenliyini qoruyub saxlaya bilib. Həmin siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Pakistanın kommunikasiya üzrə federal naziri Abdul Aleem Xan Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətini və xalqını Baş nazir Məhəmməd Şahbaz Şərif, Pakistan hökuməti və şəxsən öz adından ürəkdən təbrik edib. İki ölkə arasındakı qardaşlıq münasibətləri barədə danışan federal nazir bu əlaqələrin sarsılmaz təməllərə söykəndiyini bildirib.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani də Azərbaycan hökuməti və xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik edib. Azərbaycan-Pakistan parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini bildirən Senat sədri iki ölkə arasında mövcud olan qarşılıqlı anlaşma və həmrəyliyin diqqətəlayiq olduğunu vurğulayıb.

XQ

Son xəbərlər