Yüksək balla dünyanın aparıcı universitetlərinə qəbul olunub
Zəngilan şəhərinə ilk qayıdış çərçivəsində doğma yurduna dönən və Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan Yaqub Yaqubovun ailəsinə növbəti sevinci oğlu Yusif Yaqubov yaşadıb.
O, Bakı şəhərində yerləşən Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb və riyaziyyat üzrə respublika fənn olimpiadalarının dəfələrlə qalibi olub. Qəbul imtahanlarında yüksək nəticə göstərərək ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və ölkəmizin digər ali təhsil müəssisələrinə imtahansız qəbul hüququ qazanıb. Bununla yanaşı, qəbul olduğu xarici universitetlər sırasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay Jiao Tong Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkent, Sabancı və Koç universitetləri, həmçinin ABŞ-nin Arizona Dövlət Universiteti və Peys Universiteti də yer alır.
Qəbul olduğu ali məktəblərdən ona müxtəlif məbləğlərdə təqaüdlər də təklif olunub. Belə ki, Şanxay Jiao Tong Universiteti 37 min, Bilkent Universiteti 72 min, Sabancı Universiteti 109 min 500, Koç Universiteti 64 min 800, Arizona Dövlət Universiteti 80 min, Peys Universiteti isə 148 min ABŞ dolları həcmində təqaüd ayırıb.
Qeyd edək ki, Yusif Yaqubov Zəngilan rayonunun tanınmış və nüfuzlu ailələrindən birində böyüyüb. Babası Arif kişi rayonun tanınmış baytar həkimlərindən olub, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışaraq böyük hörmət qazanıb. Ata tərəfdən nənəsi isə uzun illər ingilis dili müəllimi işləyib, indi digər babası və nənəsi kimi təqaüddədir və dövlət başçısı tərəfindən verilmiş Zəngilan şəhərindəki evdə yaşayır.
Atası Yaqub Yaqubov uzun müddət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsinə qədər yüksəlib. Hazırda isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi vəzifəsində çalışır. Anası Vəfa Həsənova Bakı şəhəri Nizami rayonu 109 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Bacısı isə 7-ci sinifdə təhsil alır.
SAT imtahanından 1560, IELTS imtahanından isə 7.0 bal toplayan Yusiflə görüşərək yaradıcı kollektivimizin təbriklərini ona çatdırdım. O, uşaqlıqdan böyük sevgi ilə maraq göstərdiyi riyaziyyat sahəsində daim inkişaf etmək istədiyini bildirib.
Yusif qeyd edib ki, həm təhsil almaq, həm də yeni mühitlə tanış olmaq üçün Böyük Britaniyanın Edinburq Universitetini seçməyi düşünür və xaricdə təhsil almaq məqsədilə dövlət proqramına müraciət etməyi planlaşdırır.
Gənc istedadın əsas arzusu riyaziyyat elmini beynəlxalq səviyyədə inkişaf etdirmək, gələcəkdə isə Azərbaycanda dünya səviyyəsində tanınan kurs yaratmaq və gənclərə elmi biliklər aşılamaqdır.
Mikayıl NƏRİMANOĞLU,
XQ





