34 il öncə açılan bu körpü qardaşlığın sarsılmazlığını təcəssüm etdirir
Türkiyənin İğdır vilayətinin Dilucu məntəqəsi ilə Azərbaycanın Sədərək rayonundakı sərhəd-keçid məntəqəsini birləşdirən “Ümid” körpüsü indi Respublika Gününü – 28 Mayı ikiqat bayrama çevirən, xalqımız üçün unudulmaz tarixi hadisələr sırasında dayanır.
Qardaşlığın davamını ümidləndirən körpü
Bu körpüdən başlanan yol təkcə Türkiyə ilə Azərbaycan birləşdirmir, həm də Türk dünyasının coğrafi bütünlüyünü təmin edir. Tam əminliklə deyə bilərik ki, milli-mənəvi cəhətdən bu qədər dəyərli, qürurlu, açılışı bayrama çevrilən ikinci bir körpü dünyanın heç bir yerində yoxdur. Bəli, 34 il əvvəl həmin gün Azərbaycan–Türkiyə sərhədində, Araz çayı üzərində salınan “Ümid” körpüsü dara düşən qardaşa qardaş köməyi olmaqla yanaşı, iki xalqı bir-birinə qovuşduran, yurddan-yurda, könüldən-könülə körpü salan ümidlərin başlanğıcı kimi də yaddaşlara həkk olunub.
“Ümid” körpüsü, əslində, 70 il bir-birindən ayrı salınmış, eyni etnosun, dilin, mədəniyyətin, milli-mənəvi dəyərlərin daşıyıcısı olan qardaş xalqlar arasında XXI əsrdə münasibətlərin bərpası və əlaqələrin inkişaf simvoluna çevrildi.
ARAYIŞ: “Ümid” körpüsü Azərbaycan–Türkiyə sərhədində, Araz çayı üzərində inşa edilən, uzunluğu 286, eni 12 metr olan tağlı körpüdür. Körpü Türkiyənin İğdır vilayətinin Dilucu və Azərbaycanın Sədərək rayonunda yerləşən sərhəd-keçid məntəqələrini birləşdirir. “Ümid” körpüsünün tikinti işləri 1991-1992-ci illərdə aparılıb, 28 may 1992-ci ildə istifadəyə verilib.
Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovuşuğunda, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan tarix boyu düşmən hədəfində olub. XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda işğalçı Ermənistan Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını da ələ keçirmək üçün məkrli planlar hazırlayırdı. Belə bir ağır dönəmdə Heydər Əliyevin Naxçıvana gəlməsi, Ali Məclisin Sədri kimi burada siyasi fəaliyyətə başlaması muxtar respublikanı işğaldan qorudu. Onun bu məqsədlə həyata keçirdiyi tədbirlərdə dost və qardaş ölkə Türkiyə ilə əlaqələrin qurulması xüsusi yer tutur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası 1992-ci ilin martında qoyulub. Məhz həmin dövrdə Naxçıvanda “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlanıb. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, həmin görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə bir çox sahələr üzrə qarşılıqlı münasibətlər quruldu. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin rəmzi sayılan Araz çayı üzərində inşa edilən Sədərək–
Dilucu körpüsü istifadəyə verildi. Körpünün açılışında Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri iştirak edirdilər.
Həsrət sona çatdı, Ulu öndərin arzusu gerçəkləşdi
“Ümid” körpüsünün inşası tarixi zərurətdən irəli gəlirdi. Onun istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadları tədricən aradan qaldırıldı, əhalinin rifah halı yaxşılaşdı. Eyni zamanda, bu körpü Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verdi, nəqliyyat əlaqələri bərpa etdi, beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi. Heydər Əliyev sonralar körpünün açılışı zərurətini belə xarakterizə edirdi: “Belə bir körpü tikmək bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. 70 il bir-birimizlə görüşmək, əlaqə saxlamaq üçün həsrət çəkmişik. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
Bəli, qeyd etdiyimiz kimi, qardaş xalqların yaddaşına əbədi həkk olunan bu tarixi hadisə XXI yüzilliyin əvvəllərindən etibarən Türkiyə–Azərbaycan əlaqələrinin bugünkü səviyyəyə çatmasına, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsinə real zəmin yaratmış oldu. Məhz bu baxımdan, Sədərək–Dilucu körpüsü Azərbaycan–Türkiyə əlaqələrinin inkişafının, ikitərəfli manasibətlərin yeni mərhələsinin başlanğıc nöqtəsinə çevrildi. Ötən 34 ildə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter aldı.
Məhz o gün TDT-nin təməli qoyuldu
“Ümid” körpüsünün açılışında iştirak etmək üçün Naxçıvana gələn Türkiyənin Baş naziri Süleyman Dəmirəlin hava limanında dediyi sözlər Türkiyə–Azərbaycan arasında qardaşlıq bağlarının sarsılmazlığının dünyaya nümayişi idi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik. Bu körpü, sadəcə, Türkiyə və Azərbaycanı deyil, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır”.
2009-cu ildə təməli Naxçıvanda qoyulmuş və artıq dünyanın geosiyasi güc mərkəzlərindən birinə çevrilmiş Türk Dövlətləri Təşkilatının “xeyir-duası”nın da məhz “Ümid” körpüsünün salınması ilə verildiyini əminliklə yaza bilərik. Fikrimizcə, onu dəyərli edən ən önəmli amillərdən biri də budur.
“Ümid” körpüsü sonrakı illərdə Ankara–Bakı əlaqələrini intensivləşdirərək, “Bir millət, iki dövlət” prinsipinin tam reallaşmasına vəsilə oldu. 2020-ci il fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmir yolu nəqliyyat xəttinin və İğdır–Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından böyük əhəmiyyət kəsb edirdi. Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Xüsusilə iqtisadi-ticari, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da genişlənməsi məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə, Naxçıvandakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir.
Üstündən 34 il keçəndən sonra yaza bilərik ki, “Ümid” körpüsü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən körpü kimi tarixi missiyanı yerinə yetirdi. Məhz “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyətə başlaması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz boru xəttinin, Bakı–Tbilisi–Qars–Naxçıvan dəmir yolunun inşası reallaşdı.
Şuşa Bəyannaməsini möhürləyən lent...
“Ümid” körpüsü Türkiyə–Azərbaycan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində atılan taleyüklü addım oldu. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən strateji bağ kimi mühüm əhəmiyyətə malikdir. 27 il sonrakı Böyük Zəfəri müjdələyən körpünün açılış lenti 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin möhürünə çevrildi. İndi bu yola TRIPP layihəsi (Zəngəzur dəhlizi) kimi transmilli logistika qovşağı dəstək verir. Bu layihəyə dünyanın super gücü – Amerika Birləşmiş Ştatlarının dəstək verməsi isə Azərbaycanın daha böyük uğurlara imza atacağına ümidləri möhkəmləndirir. Azərbaycan Prezidenti
İlham Əliyevin dediyi kimi, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.
XQ-nin Analitik Mərkəzi



