Təmiz hava, yoxsa siqaret tüstüsü?

post-img

31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür

Hər il 8 milyon insan “tütün epidemiyası”nın qurbanı olur

Tütündən istifadənin insan sağlamlığı üçün zərəri dövrümüzün təhlükəli bəlaları sırasında yer alıb. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. 1988-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə təsirli siyasət aparmağa çağırır.

Azərbaycan 2005‑ci il noyabrın 1‑də ÜST‑ün Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasına qoşulub. Konvensiya tütün istehlakı nəticəsində ölüm hallarının və bütün dünyada tütündən istifadənin azaldılmasına yönəldilən ilk beynəlxalq sənəddir. ÜST-ün məlumatına görə, yer üzündə hər il, təxminən, 8 milyon insan “tütün epidemiyası” səbəbindən həyatını itirir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Tibbi araşdırmalar göstərir ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütün çəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər ildən-ilə daha da ağırlaşır.

Ekspertlər hesab edirlər ki, tütünlə mübarizə yalnız qadağalarla məhdudlaşmamalıdır. Burada əsas amillərdən biri maarifləndirmə və ictimai məsuliyyətdir. İnsanların sağlam həyatın üstünlükləri barədə məlumatlandırılması, xüsusilə yeniyetmə və gənclərin düzgün istiqamətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə də tütünlə mübarizə istiqamətində mühüm addımlar atılır. İctimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması, maarifləndirmənin təşkili, sağlam həyat tərzinin təşviqi bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkədə tütünçəkmə və digər zərərli vərdişlərlə mübarizə aparır.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında qurumun ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, builki aksiyanın şüarı belədir:

– “Cazibənin pərdəsini qaldıraq: nikotin və tütün asılılığına qarşı mübarizə”. Əsas məqsəd xüsusilə gənc nəsli tütün və nikotin asılılığından qorumaq, güclü asılılıq yaradan real təhlükəni ortaya qoymaqdır.

Tütün insan orqanizmində hər bir orqana ciddi və bərpası çətin olan zərərlər vurur. Tütün tüstüsünün tərkibində, təxminən, 7 mindən çox kimyəvi maddə, 70-dən artıq birbaşa xərçəng yaradan kanserogen birləşmə var. Ağciyərlər tütün tüstüsünün birbaşa zərərinə məruz qalan ilk orqandır. Bu tüstü ağciyərlərdəki hava kisəciklərini (alveolları) məhv edir. Nəticədə, insan xroniki öskürək, bəlğəm və şiddətli təngnəfəslikdən əziyyət çəkir. Ağciyər xərçəngindən ölüm hallarının, təxminən, 80-90 faizi birbaşa siqaretlə bağlıdır. Siqaret çəkənlərdə bronxit, pnevmoniya (sətəlcəm) və qripə yoluxma riski qat-qat yüksək olur.

Müsahibimiz qeyd etdi ki, nikotin qan damarlarını daraldır, oksigenin miqdarını azaldır və ürəyin daha sürətlə işləməsinə səbəb olur. Damarların daxili divarında piy təbəqəsi yığılır, laxtalanma artır. Bu da ürəktutmalarına və beyin qansızmalarına yol açır. Damarlar elastikliyini itirdiyi üçün qan təzyiqi xroniki olaraq yüksəlir. Siqaret təkcə ağciyər deyil, bədənin digər nahiyələrində də xərçəng təhlükəsini artırır. Kişilərdə cinsi zəifliyə, qadınlarda sonsuzluğa yol açır.

Hamiləlik zamanı siqaret çəkmək və ya ətrafa yayılan tütün tüstüsünün təsirinə məruz qalmaq vaxtından əvvəl doğuşa, düşüklərə və körpənin az çəki ilə, yaxud anadangəlmə qüsurlarla doğulmasına səbəb ola bilər. Özü siqaret çəkməyən, lakin tüstüsünü udan şəxslər passiv çəkənlər hesab olunur. Bu hal siqaret çəkmək qədər təhlükəlidir. Siqareti tərgidən andan etibarən orqanizm sürətlə özünü bərpa etməyə başlayır. Cəmi 20 dəqiqə sonra nəbz və qan təzyiqi normalaşır, 1 il sonra isə ürək xəstəliyi təhlükəsi yarıbayarı azalır.

Bildirildi ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi təkcə Ümumdünya Tütünlə Mübarizə Günü ərəfəsində deyil, il boyu kütləvi tədbirlər təşkil edir. Məktəblərdə və universitetlərdə görüşlər aparılır, gənclər və yeniyetmələr arasında tütün və digər zərərli vərdişlər barədə mühazirələr oxunur. İctimai səhiyyə mütəxəssisləri tütün asılılığı olan şəxslərə psixoloji dəstək verir, zərərli vərdişlərdən uzaqlaşma yolları barədə tövsiyələr diqqətə çatdırılır. Televiziya, radio və sosial şəbəkələr üçün zərərli vərdişlərin orqanizmə vurduğu fəsadları əks etdirən videoçarxlar, posterlər hazırlanır. Zərərli vərdişlərin gənclər arasında yayılma statistikasını öyrənmək üçün mütəmadi olaraq sosioloji sorğular həyata keçirilir.

Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində dövlət proqramları çərçivəsində Mərkəzdə məqsədyönlü tədbirlər həyata keçirilir. İSİM-in keçirdiyi tədbirlərdə əsas məqsəd insanları tütün asılılığından çəkindirmək, sağlamlığa təhlükə yaratmadan qarşısını almaqdır.

Mustafa KAMAL
XQ



Sosial həyat