ABŞ Silahlı Qüvvələrinin raket zərbələri nəyi dəyişəcək?
ABŞ–İran danışıqlarının sülh müqaviləsi ilə başa çatacağına ümidlərin günbəgün artdığı bir vaxtda ABŞ ordusunun İranın cənubunda raket buraxılış məntəqələrinə və mina yerləşdirməyə çalışan gəmilərə zərbələr endirməsi xəbəri beynəlxalq gündəmi yenidən zəbt edib. Media mənbələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsin açıqlamalarına istinad edirlər. İran mediası isə 3 liman şəhərində partlayışlar barədə məlumat yaymaqla bu xəbəri təsdiqləyib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı çərşənbə axşamı, mayın 26-na keçən gecə endirilən bu zərbələri “özünümüdafiə və ABŞ qüvvələrini İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq” məqsədilə edildiyini bildirir. “ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərkən qüvvələrimizi qorumağa davam edir”, – deyə Tim Hokins fikrini tamamlayıb.
Yüksək vəzifəli ABŞ rəsmiləri “Fox News”a bildiriblər ki, ABŞ-ın İrana gecə zərbələri atəşkəsə son qoymaq istəməsi demək deyil. ABŞ ordusunun Hörmüz boğazı yaxınlığında ölkənin cənub hissəsindəki raket buraxılış məntəqələrinə və qayıqlarına zərbələrinə baxmayaraq, ABŞ və İran arasında atəşkəs qüvvədədir.
Başqa bir mənbəyə görə, hücum zamanı ABŞ ordusu Hörmüz boğazında mina yerləşdirməyə çalışan İİKK-ya məxsus iki qayığı da məhv edib. O, həmçinin qeyd edib ki, raket buraxılış qurğusuna zərbə ABŞ hərbi təyyarələrini hədəf aldıqdan sonra endirilib.
CNN-in məlumatına görə, bu, İranla danışıqları əlaqələndirmək üçün Qətər vasitəçiləri ilə görüşdən bir neçə saat sonra baş verib. Ölkələr hazırda “anlaşma memorandumu” üzərində razılığa gəlməyə çalışırlar, lakin proses İranın nüvə proqramı və sanksiyaları ilə bağlı şifahi mübahisələri səbəbindən yubanır.
ABŞ-ın zərbələrindən qısa müddət sonra dövlət katibi Marko Rubio da İranla danışıqların mübahisələr səbəbindən uzandığını bildirib. “Bir söz, bir cümlə ilə bağlı mübahisələrin həlli bir neçə gün çəkəcək. Biz bundan keçməliyik”, - deyə dövlət katibi zərbələr barədə şərh verərək “boğazın açılmasının lazım olduğunu” bildirib.
Mayın 26-da səhər İİKK rəsmiləri İranın əsas dəniz və hava qüvvələri bazalarının yerləşdiyi cənub liman şəhəri Bəndər Abbasda 3 partlayış baş verdiyini bildiriblər. Daha sonra İİKK komandanlığı partlayışın şəhərin hava limanı yaxınlığında baş verdiyini dəqiqləşdirib.
İRNA dövlət xəbər agentliyi də Bəndər Abbasdakı partlayışları təsdiqləyib. İİKK-nın nəzarətində olan Fars xəbər agentliyi isə Fars körfəzində Sirik və Cask şəhərləri yaxınlığında partlayışlar barədə məlumat verib.
Yeri gəlmişkən, bu, ABŞ Silahlı Qüvvələrinin atəşkəs dövründə İrana ilk hücumu deyil. Mayın əvvəlində ABŞ İranın Qeşm limanına və Bəndər Abbas şəhərinə zərbələr endirib. ABŞ rəsmiləri bildiriblər ki, zərbələr İranın hücumundan sonra baş verib.
Məlum olduğu kimi, ABŞ və İran arasında razılaşdırılmış atəşkəs aprelin 8-dən qüvvədədir. Mayın 25-də ABŞ Prezidenti Donald Tramp “Truth Social”da dərc olunan açıqlamasında “İslam Respublikası ilə sülh danışıqlarının əla getdiyini” bildirib: “Bu, ya hər kəs üçün əla bir razılaşma olacaq, ya da heç bir razılaşma olmadan - cəbhə xəttinə və atışmaya qayıdış olacaq. Amma bir atışma əvvəlkindən daha böyük və güclü olacaq, bunu isə heç kim istəmir!”, – deyə Tramp paylaşımda özünəməxsus şəkildə İranı hədələyib.
Bu hədələrinə baxmayaraq, Tramp Yaxın Şərqdə müharibə yenidən alovlanmasın deyə, razılaşma imzalamağa tələsir. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, bu ərəfədə ABŞ və İranın artıq imzalamağa hazır olduğu razılaşma atəşkəsin 60 gün uzadılmasını nəzərdə tuturdu. Bu müddət ərzində Hörmüz boğazı gəmiçilik üçün yenidən açılacaq, Tehran öz neftini məhdudiyyətsiz sata biləcək və yaxın gələcəkdə İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar raundu planlaşdırılacaqdı.
“Axios”un verdiyi məlumatda deyilir ki, anlaşma memorandumunun layihəsində İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və uranı zənginləşdirmə proqramının dayandırılması barədə danışıqlar aparması öhdəliyi xüsusi yer alır. Bundan əlavə, nəşrin administrasiyadakı mənbəsinin məlumatına görə, ABŞ Tehranın bütün yüksək zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını öz ərazisindən çıxarmasında israr edir.
İki məlumatlı mənbəyə görə, İran nümayəndələri vasitəçilərin xəttilə ABŞ-a şifahi olaraq güzəştlərin miqyasını vəd ediblər. İddialara görə, ölkə uranın zənginləşdirilməsini dayandırmağa və nüvə yanacağından imtina etməyə hazırdır. Bəlkə də buna görədir ki, Donald Tramp mayın 25-də “Truth Social”dakı açıqlamasında yazır: “Tehranın zənginləşdirilmiş uran ehtiyatları ya dərhal ABŞ-a köçürüləcək və onun ərazisində məhv ediləcək, ya da İranla əlaqələndirilərək Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında hazırda saxlandığı yerdə və ya başqa uyğun bir yerdə məhv ediləcək”.
Əslində, Ağ Ev İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a daşınmasına ehtiyac olmadan İslam Respublikasında məhv edilməsini daha məqbul seçim hesab edir. O, həmçinin ABŞ-ın İranın nüvə infrastrukturunu bombalamasına istinad edərək zənginləşdirilmiş uranı “nüvə tozu” adlandırır.
Aydın məsələdir ki, İranın nüvə proqramının yaratdığı təhlükə, ABŞ və İsrailin 28 fevraldan bəri İslam Respublikasına qarşı apardığı müharibəyə görə Trampın özünü haqlı çıxarmaq üçün istifadə etdiyi səbəblərdən biridir. ABŞ əmindir ki, hazırda Tehranın əlində 440 kiloqramdan çox 60 faizə qədər zənginləşdirilmiş uran var və bu, mülki nüvə enerjisi üçün lazım olduğundan xeyli çoxdur.
Nəzəri olaraq, bu uran nisbətən qısa müddətdə 90 faizə qədər zənginləşdirilə və nüvə silahlarında istifadə üçün yararlı hala gətirə bilər. Tehran hakimiyyəti dəfələrlə atom bombası yaratmaq niyyətini təkzib edərək, nüvə proqramının yalnız dinc məqsədlər üçün istifadə olunacağını iddia etsə də, sonrakı vaxtlarda ona hücumlar olarsa, uranı daha da zənginləşdirməklə hədələyib.
Bir gerçəklik də ondan ibarətdir ki, Prezident Trampın açıqlamalarına baxmayaraq, hazırda ABŞ-ın Tehranın uran ehtiyatlarına əli çatmır. Çünki İranın uran ehtiyatlarının dəqiq yeri hələ də məlum deyil.
Ümumiyyətlə, İranın nüvə proqramı onilliklərdir ki, münaqişə mənbəyi olaraq qalır. Analitiklər hesab edirlər ki, yüksək dərəcədə zənginləşdirilmiş uran əldə etmək Tehrana qarşı ciddi sanksiyaların tətbiqinə səbəb olub və bəzi hesablamalara görə, bu sanksiyalar ölkəyə təxminən 3 trilyon avro məbləğində birbaşa iqtisadi ziyan vurub.
Tehran hələlik zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a və ya başqa bir ölkəyə köçürülməsi ilə bağlı hər hansı bir razılaşmanı rəsmi olaraq təsdiqləməyib. Hələ mart ayında xarici işlər naziri Abbas Əraqçi “CBS”ə verdiyi müsahibədə bildirmişdi ki, ötənilki Amerika hava hücumlarından sonra İranın uran ehtiyatları dağıntılar altında qalıb və Tehranın bu materialları çıxarmaq üçün “heç bir proqramı və ya planı yoxdur”. Bununla belə, Əraqçi həmçinin ehtiyatla Vaşinqtonla mümkün gələcək razılaşmanın bir hissəsi olaraq yüksək zənginləşdirilmiş uranın konsentrasiyasını azaltmaq ehtimalını da istisna etməmişdi.
Buna baxmayaraq, Ağ Evin sahibi dəfələrlə ABŞ-ın onları nəzarətə götürəcəyinə söz verib və bunun necə həyata keçiriləcəyi barədə ziddiyyətli açıqlamalar verib. Tramp iddia edib ki, amerikalılar “onu (zənginləşdirilmiş uranı - İ.R.) İranla birlikdə dağıntıların altından, ehtimal ki, sülh razılaşması əldə edildikdən sonra çıxaracaqlar”.
Kütləvi informasiya vasitələrində dərc edilən xəbərlərdə bildirilir ki, İran uran ehtiyatının bir hissəsini qarışdırıb zəiflətməyə və qalan hissəsini üçüncü ölkəyə ötürməyə hazırdır. Hətta Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə Moskvanın İranın zənginləşdirilmiş uranını saxlamağa hazır olduğunu bildirmişdi. Lakin onun yeri və ona çıxış üçün tələb olunan texniki çətinliklər hələ də məlum deyil. İranın İsfahan, Fordo və Natanzadakıi üç ən böyük nüvə obyekti ötənilki ABŞ bombardmanları zamanı ciddi şəkildə zədələnib.
Ekspertlər bildirirlər ki, uranın İrandan çıxarılması texniki cəhətdən mümkündür, lakin bu, bir çox amillərdən asılıdır. Məsələn, uran MAQATE-nin ciddi nəzarəti altında xaricə daşına bilər, lakin bunun üçün xüsusi təhlükəsizlik tədbirləri görmək zəruridir. Tibbi fizika və radiasiya mühafizəsi üzrə mütəxəssis Roland Volff iddia edir ki, İran zənginləşdirilmiş uranı yeraltı Fordoda saxladığı üçün ona fiziki müdaxilə çətindir.
Trampın ilk prezidentlik müddətində ilyarım milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Con Bolton, Liviyanın 2000-ci illərin əvvəllərində nüvə silahı proqramından imtina etməsini xatırladaraq bildirir ki, Liviya proqramı “daha az inkişaf etmişdi”. 2003 və 2004-cü illərdə Tripolidən nüvə materiallarının çıxarılması təşəbbüsü münaqişənin ortasında deyil, “əlverişli şəraitdə” həyata keçirildi. “Amerika və Britaniya rəsmiləri onları sadəcə qablaşdırıb hazırda olduqları Tennessi ştatının Ok Ridc şəhərinə apardılar. Düşünürəm ki, əlverişli şəraitdə İran proqramı ilə də oxşar bir şey edə bilərdik. Amma bu, daha uzun çəkərdi, çünki o, artıq daha inkişaf etmişdi. Ən əsası, yüksək dərəcədə zənginləşdirilmiş uranın və ya proqramın digər elementlərinin terrorçuların və ya digər yaramaz dövlətlərin əlinə keçməsinin qarşısını almaqdır”, - deyə Bolton müsahibəsində açıqlayıb.
ABŞ-ın çərşənbə axşamı İranın bir neçə obyektinə hava zərbələri endirməsinə baxmayaraq, sülh razılaşmasının əldə edilməsi istiqamətində danışıqlarda xeyli irəliləyişlər var və Vaşinqton bunu dayandırmaq fikrində deyil. Hətta amerikalı rəsmilərdən biri layihənin hazırkı vəziyyətinin ətraflı təsvirini “Axios” nəşrinə təqdim edib. Onun böyük hissəsi danışıqlarla tanış olan digər mənbələr tərəfindən belə təsdiqlənib. İran tərəfinin hələlik detalları təsdiqləmədiyinə baxmayaraq, Tehran da digər tərəfə razılaşmanın başa çatmaq üzrə olduğunu bildirib.
Razılaşmaya nələr daxildir?
Hər iki tərəf imzalayacağı, 60 gün müddətində qüvvədə olacaq və qarşılıqlı razılaşma ilə uzadılacaq anlaşma memorandumu qismən aşağıdakıları ehtiva edir:
– 60 gün ərzində Hörmüz boğazı rüsumsuz açıq olacaq. İran kommersiya gəmilərinin maneəsiz keçidini təmin etmək üçün sularda qoyulmuş minaları təmizləməyə razılaşacaq.
– Əvəzində ABŞ İran limanlarının blokadasını aradan qaldıracaq və ölkəyə sanksiyalardan bəzi güzəştlər verəcək, bu da Tehrana neftini sərbəst satmağa imkan verəcək.
Amerikalı rəsmi belə bir razılaşmanın İran iqtisadiyyatına böyük fayda verməklə yanaşı, bunun qlobal enerji bazarındakı vəziyyəti də əhəmiyyətli dərəcədə yüngülləşdirəcəyini etiraf edib.
Danışıqlar yekunlaşmağa yaxınlaşdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp mayın 25-də özünün “Truth Social” media hesabında açıqlayıb ki, ABŞ-İsrail koalisiyasının İrana qarşı müharibəsində sülh sazişi əldə olunarsa, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya Yaxın Şərqdə sülh və rifahı təmin etmək üçün İbrahim Sazişlərinə qoşulmalı olacaqlar. Tramp xatırladıb ki, BƏƏ və Bəhreyn artıq bu sazişlərin tərəfləridir.
Bu sazişlər Donald Trampın 2020-2021-ci illərdəki ilk prezidentlik müddəti ərzində Vaşinqtonun iştirakı ilə əldə edilən razılaşmaya bənzər şəkildə, əsasən müsəlman olan bir neçə ölkə ilə İsrail arasında münasibətlərin normallaşdırılması barədə razılığı nəzərdə tutur. Bura diplomatik münasibətlərin qurulması, səfirliklərin açılması, eləcə də iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq daxildir.
Trampın sözlərinə görə, o, artıq bazar ertəsi günü Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə digər ərəb ölkələrinin İbrahim Sazişlərinə qoşulmasının zəruriliyini müzakirə edib. “Bir və ya iki ölkənin buna getməmək üçün səbəbi ola bilər və bu, qəbul ediləcək, lakin əksər ölkələr İran sazişinin başqa cür ola biləcəyindən daha əhəmiyyətli bir tarixi hadisəyə çevirməyə istəkli, hazır və qadir olmalıdırlar”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.
Tramp fikrinə davam edərək bildirib ki, “İbrahim Sazişləri iştirak edən ölkələrə – Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə, Mərakeşə, Sudan və Qazaxıstana, hətta bu münaqişə və müharibə dövründə belə, əsl maliyyə, iqtisadi və sosial tərəqqi gətirib. Ona görə də hazırkı iştirakçılar sazişlərdən çəkilməyi və ya hətta qısa bir fasilə verməyi belə düşünmürlər”.
Onun açıqlamasına görə, Səudiyyə Ərəbistanı və Qətər ilk yeni iştirakçılar olmalıdırlar. Hər kəs onların ardınca getməlidir. Əgər digər ölkələr bunu etməsələr, İranla razılaşmanın bir hissəsi olmamalıdırlar, çünki bu, pis niyyətləri göstərir”. Trampın fikrincə, İslam Respublikasının özü də nəticədə İbrahim Sazişlərinin üzvü olmalıdır. Amerika lideri əlavə edib ki, öz nümayəndələrinə digər ölkələrin sazişləri imzalaması üçün hazırlıqlara başlamağı tapşırıb.
İbrahim Sazişləri 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir neçə ərəb ölkəsi tərəfindən əldə edilib. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə Sudan İsrail ilə diplomatik münasibətlər qurduğunu elan edib. Bu sazişdən əvvəl İsrail yalnız Misir və İordaniya ilə diplomatik münasibətlər qurmuşdu.
Danışıqların ümidverici məcraya düşdüyü bir vaxtda, Tramp Administrasiyanın rəsmisi bildirib ki, ABŞ İranı nüvə danışıqlarına ciddi yanaşmadığı təqdirdə, razılaşma hətta 60 gün belə davam edə bilməz: “İranın həqiqətən nə qədər irəli getməyə hazır olduğunu görmək maraqlı olacaq. Lakin əgər onlar kursu dəyişdirə bilərlərsə və ya etməyə hazırdırlarsa, növbəti mərhələ onları hansı ölkə olmaq istədikləri barədə bəzi vacib qərarlar qəbul etməyə məcbur edəcək”.
Şərhlər deməyə əsas verir ki, Trampın İranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirilərsə, prezident Tehranla münasibətləri yenidən qurmaq üçün çox ciddi səy göstərməyə hazırdır. İnanmaq istərdik ki, ABŞ ölkənin iqtisadi potensialını reallaşdırmasına imkan verəcək və bu da Ağ Ev rəhbərinin müşavirlərinin fikrincə, “böyük” bir irəliləyiş olacaq.
İlqar RÜSTƏMOV,
XQ-nin siyasi eksperti

