Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Rusiyanın konsessiya idarəçiliyində olan Ermənistan dəmir yollarının idarəetmə modelinin dəyişdirilməsinin vacibliyini növbəti dəfə dilə gətirib.
Hökumət başçısı qeyd edib ki, beynəlxalq şirkətlər sanksiya risklərindən ehtiyat edərək Rusiya tərəfindən idarə olunan marşrutlardan qaçırlar. Bu fonda Ermənistan rəhbərliyi belə bir qənaətə gəlib ki, infrastrukturun 100% Ermənistana məxsus olmasına baxmayaraq, dəmir yollarının "konsessiya məntiqi" dəyişdirilməlidir.
O vurğulayıb ki, Ermənistanın hazır infrastrukturu artıq mövcuddur və onu təcili şəkildə yeni regional marşrutlara inteqrasiya etmək lazımdır. Baş nazirin sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açıldıqdan və yeni istiqamətlər işə salındıqdan sonra Şərqdən Qərbə doğru yük axını Ermənistana əhəmiyyətli gəlirlər gətirə bilər.
Paşinyan, həmçinin gələcək tranzit marşrutunun bir hissəsinə çevrilə biləcək ödənişli yük magistralları da daxil olmaqla, Tavuş, Lori və Şirakdan keçən yeni avtomobil yollarının tikintisinə beynəlxalq səviyyədə böyük marağın olduğunu bildirib.
S.ELAY
XQ

