Tarix kitabları bizə müharibələrin böyük imperiyalar, zəngin qızıl yataqları, strateji əhəmiyyətli torpaqlar və ya qlobal geosiyasi nüfuz uğrunda baş verdiyini təlqin edir. Lakin bəşər tarixi bəzən insan ambisiyalarının, qürurunun və kollektiv qəzəbinin nə qədər absurd, həm də dağıdıcı ola biləcəyini göstərən qəribə hadisələrlə doludur. 1325-ci ildə İtaliyanın şimalında baş vermiş və minlərlə insanın həyatına son qoymuş qanlı döyüş bu absurdlun ən bariz nümunəsidir. Həmin il iki qonşu şəhər-dövlət – Boloniya və Modena arasında alovlanan müharibənin görünən səbəbi nə tac-taxt, nə də sərvət idi: qanlı hadisələr sadə bir palıd vedrə ilə başlamışdı.
XIX əsrə qədər vahid dövlət strukturundan məhrum olan, müstəqil və iddialı şəhər-dövlətlərin daimi rəqabət meydanına çevrilən İtaliyada siyasi nifrətin kökləri daha dərində idi. Həmin dövrdə region iki barışmaz düşərgəyə bölünmüşdü: Roma Papasının mənəvi və siyasi nüfuzunu müdafiə edən Quelfilər və Müqəddəs Roma İmperatorunun ali hakimiyyətinə sadiq qalan Gibelinklər. Boloniya varlı və mütəşəkkil bir "papa şəhəri" kimi tanınarkən, qonşu Modena imperator tərəfdarlarının əsas qalalarından biri hesab olunurdu. Onilliklər boyu yığılıp qalan bu ideoloji və siyasi düşmənçilik kiçik sərhəd qarşıdurmaları ilə müşayiət olunurdu. "Barıt çəlləyi"ni partlatmaq üçün, sadəcə, kiçik bir qığılcım, qarşı tərəfi aşağılayacaq rəmzi bir bəhanə kifayət edirdi.
1325-ci ilin sentyabrında bir qrup Modena əsgəri gizlicə Boloniya şəhərinin mərkəzinə daxil olaraq, şəhərin əsas su quyularından birinin palıd vedrəsini oğurladı. Bu, əslində, qarşı tərəfi ələ salmaq, onların müdafiə sisteminin zəifliyini nümayiş etdirmək üçün atılmış bir xuliqanlıq addımı idi. Lakin Boloniya rəhbərliyi və əhalisi bu hadisəni adi bir oğurluq deyil, milli qürura vurulmuş ağır zərbə və dövlət səviyyəsində rəsmi təhqir kimi qəbul etdi. Boloniyanın təcili ultimatumla "milli rəmzə" çevirdikləri həmin vedrənin geri qaytarılması tələbi Modenada istehza ilə qarşılandı. Rədd cavabı alan Boloniya qürurunu bərpa etmək üçün silaha sarıldı və rəsmən müharibə elan etdi.
Boloniya rəhbərliyi tarixin bəlkə də ən qeyri-mütənasib hərbi səfərbərliyini həyata keçirərək 30 min piyada və 2 min ağır silahlı cəngavərdən ibarət nəhəng bir ordu topladı. Bu böyük qüvvə qarşısında Modena cəmi 5 min piyada və 2 min süvari çıxara bildi. Say fərqinin dörd dəfədən çox olmasına baxmayaraq, 1325-ci il noyabrın 15-də Zappolino vadisində baş verən döyüş hərbi tarixin ən gözlənilməz sonluqlarından biri ilə bitdi. Gün batarkən yaxşı təşkilatlanmış və motivasiyalı Modena süvariləri Boloniya ordusunun cinahlarına sarsıdıcı zərbələr endirdilər. Çaxnaşmaya düşən nəhəng Boloniya ordusu döyüş meydanından qaçmağa başladı. Cəmi bir neçə saat çəkən bu qanlı toqquşmada hər iki tərəfdən ümumilikdə iki mindən çox insan həlak oldu.
Qaçan düşməni Boloniya darvazalarına qədər qovan modenalılar şəhəri işğal etmək əvəzinə, divarların önündə zəfər ziyafəti qurdular və istehza əlaməti olaraq oradakı digər bir quyudan daha bir vedrə götürərək geri döndülər. Müharibədən sonra imzalanan sülh müqaviləsi ilə tərəflər ərazi iddialarından daşınsalar da, Modena həmin o palıd vedrəni qaytarmaqdan qəti şəkildə imtina etdi. Bu gün, hadisənin üzərindən yeddi əsrə yaxın vaxt keçməsinə baxmayaraq, həmin tarixi palıd vedrə hələ də Modenada xüsusi bir rəmz kimi qorunur. İnsan eqosunun, rəmzlərə verilən həddindən artıq dəyərin və siyasi korluğun yaratdığı bu unikal hadisə tarixin yaddaşında ən qanlı və eyni zamanda, ən absurd münaqişə kimi qalmaqdadır.
Hazırladı:
S.ELAY
XQ

