Tariximizə və soykökümüzə bağlı milli-mənəvi dəyərlər arasında qırılmaz bağlılığı təcəssüm etdirən dini ayinlərimizdən biri də Qurban bayramıdır. Builki Qurban bayramının 28 May Müstəqillik Günü ilə üst-üstə düşməsi onu daha möhtəşəm və duyğusal edir.
Tanrıya sonsuz sevginin, Onun qüdrətinə dərin inamın dayandığı Qurban möminləri halallığa, paklığa səsləyən Bayramdır. Allah öz sevimli peyğəmbəri İbrahimin (ə) sədaqətini sınamaq üçün onun duası, istəyi müqabilində peyğəmbərə nəsib etdiyi yeganə oğlu İsmayılı qurban kəsməyi əmr edir. Uca Yaradan qarşısında əhdinə sadiq qalan İbrahim peyğəmbər (ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (ə) göydən enib onun əlini saxlayır, İsmayılın əvəzinə Tanrının göndərdiyi qoçu kəsməyi təklif edir. Buna görə xalq arasında Qurban bayramında kəsilən heyvanlara “İsmayıl qurbanı” da deyilir.
Qurban bayramı günü məscidlərdə bayram namazı qılınır, qurbanlar kəsilir, vəfat etmiş əzizlərin xatirəsi yad edilir, evlərdə və qəbiristanlıqlarda dualar oxunur, ehsanlar verilir.
QEYD: Qurbanlıq heyvanın əti əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qurban şükranlıq, səmimiyyət və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.
Milli qürur və dini inancın vəhdətini ehtiva edən 28 May və Qurban bayramları münasibətilə ilk növbədə canlarını Azərbaycanın müstəqilliyi və torpaqların azadlığı uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərin analarını, qaziləri və müharibə veteranlarını təbrik edirik.
Barışıq, yardımlaşma və qüruru təlqin edən Qurban və 28 May Müstəqillik bayramları Azərbaycan və Türk dünyası üçün düşərli, qurbanlarınız qəbul, niyyətləriniz çin olsun – deyirik. Qoy bu bayramlar yurdumuza sülh və əmin-amanlıq, süfrələrinizə ruzi-bərəkət gətirsin!
XQ

