Ballıcanın bal kimi şirin günləri...

post-img

Kənd sakinləri arıçılığın inkişafına böyük maraq göstərirlər

Prezident İlham Əliyevin erməni işğalından azad edilib yenidən qurulmuş Xocalı şəhərinə səfərindən 2 il keçir. 28 May Müstəqillik Günündə şəhərə ilk köçmüş xocalılarla görüşmüş dövlət başçısı 32 illik köçkünlüyünə son qoyulmuş sakinləri təbrik etmiş, bu hadisəni böyük qayıdışın ən önəmli səhifələrindən biri kimi dəyərləndirmişdi.

Ötən 2 ildə Xocalı rayonunun bərpa edilmiş məntəqələrində minlərlə ailə məskunlaşıb. Onlardan biri də rayonun böyük kəndlərindən olan Ballıcadır.

Cənnət Qarabağın füsunkar təbiətinə gözəllik qatan baharın gəlişi Xocalı rayonu Ballıca kəndinin sakinlərinin gündəlik qayğılarını da artırıb. Böyük Qayıdışın ilk ünvanlarından olan bu kənddə həyat gündən-günə canlanır, illər sonra yenidən əsl sahiblərinin əməyi, zəhməti sayəsində hər yerdə dirçəlişin, inkişafın təzahürləri göz oxşayır.

Ballıcalıların əksəriyyəti böyük həvəslə əkinçiliklə, heyvandarlıqla məşğul olur, təsərrüfatlarını böyüdürlər. Kənddə ən geniş yayılmış fəaliyyət istiqamətlərdindən biri isə arıçılıqdır. Demək olar, Ballıcanın əksər sakinləri həyətlərində arı saxlayır, arı ailələrinin sayını artırır, ətirli çiçəklərdən can dərmanı olan bal toplamaları üçün onların qulluğunda dururlar. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyevin 2025-ci il fevralın 19-da fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmaq məqsədilə bu kəndə səfəri zamanı Məhəmməd Quliyevin evində Ballıca balı ilə çay içməsi, “bu balın dadına baxmamaq olmaz” deməsi ballıcalıları arıçılıqla məşğul olmağa daha da həvəsləndirib.

Xeyli müddətdir məcburi köçkünlük həyatı ilə vidalaşaraq Ballıcaya köçmüş Eyvaz Əliyev ömrünün 50 ildən çoxunu arıçılığa həsr edib. Bizimlə söhbətində, el arasında deyilən kimi, gözünü açandan qapılarında arı gördüyünü, ağlı kəsəndən arı saxladığını dedi:

– Bu gün doğma Qarabağımızda keçirdiyim hər dəqiqə mənim üçün böyük xoşbəxtlikdir. Elə bil dünyaya yenidən gəlmişəm, ürəyim fəxrlə, qürurla doludur. Şəhid qanı ilə suvarılmış bu müqəddəs torpaqlarda yaşamağımız, bizim olana sahib çıxmağımız Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın müqəddəs ruhlarını da şad edir. Allah şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandanımızı qorusun!

Mən 7-8 yaşımdan arıçılıqla məşğul oluram. Tanrının bu möcüzəli canlılarının dilini bilməsən, onların nə istədiklərini, vəziyyətlərinin necə olduğunu anlamasan nə yaxşı məhsul götürmək mümkün olar, nə də arı ailələinin sayını artırmaq. Məcburi köçkün kimi Oğuz rayonunda məskunlaşmışdıq. Orada da arımız vardı. Təəssüf ki, son vaxtlar işimlə əlaqədar arı saxlaya bilmədim. Ancaq indi Ballıcada sanki yenidən yaşamağa başladığım kimi, arı təsərrüfatımı da yenidən qurmağa başlayıram. Dövlətimiz var olsun, bizim üçün hər çür şərait yaradılıb. Yeni təmirli ev verilib. Qazımız, suyumuz, işığımız daimidir. İnternet çəkilib, yollar asfaltlanıb. Üstəlik, məşğulluğumuz da diqqətdə saxlanılır. Mənim arı ailələri ilə təmin olunmaqla bağlı müraciətim dövlət tərəfindən müsbət həll olunmaqdadır. İnşallah, tezliklə indi qulluq etdiyim, qardaşıma və oğluma məxsus bu arı pətəklərinin sırasında öz arılarım da olacaq.

Eyvaz kişi Ballıcanın arıçılıq üçün çox münasib yer olduğunu bildirərək, burada təmiz və müalicəvi bal əldə etmək imkanları haqqında fikirlərini bölüşdü, işğaldan əvvəlki dövr təcrübələrini xatırladı:

– Nəinki Ballıca, Qarabağın hər bir guşəsi arıların yaşaması, məhsul toplaması üçün ideal relyefə və iqlimə malikdir. Yaz fəsli gələndən ta ki, yayın sonlarına qədər ardıcıllıqla müxtəlif güllər, çiçəklər açır. Hamısı da bir-birindən ətirli. Odur ki, şirə dalınca gedən arılar yuvaya əliboş dönmürlər.

Yadımdadır, işğaldan əvvəl qış yemini saxlamaq şərtilə hər arı pətəyindən ildə ortalama 30 kiloqrama qədər bal götürürdük. Hətta mövsümün yaxşı keçməsi səbəbindən bu göstəricinin 2 dəfəyə qədər artdığı vaxtlar da olub. İndi Ballıcada Qarabağ arıçılıq ənənələrini yenidən yaşatmağa başlamışıq. Ən əsası isə möhtərəm Prezidentimizin tərfilədiyi Ballıca balını kəndimizin brendinə çevirməyə çalışacağıq.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Sosial həyat