Xalq şairi, akademik Səməd Vurğunun irsi Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin yaradıcılığında
Xalq şairi Süleyman Rüstəm özündən sonrakı nəslin istedadlı şair-ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin poetik portretini belə yaratmışdı: “Qatlayıb dizinin altına qoyar – Alim Bəxtiyarı şair Bəxtiyar”.
Doğrudan da, Bəxtiyar Vahabzadə şair kimi daha üstün mərtəbəyə yüksəlib – Xalq şairi adı qazanıb, istiqlal nəğməkarı kimi tanınıb. Lakin onun alimlik dərəcəsi də şairliyindən geri qalmayıb.
Filologiya elmləri doktoru, professor və akademik Bəxtiyar Vahabzadə şifahi və yazılı ədəbiyyatımız, milli kimlik və soykökümüz, dilimiz, görkəmli ədəbiyyat xadimlərimiz haqqında davamlı elmi araşdırmalar aparmış, maraqlı fikirlər söyləmişdir. Onun elmi araşdırmaları “Səməd Vurğun” (1968), “Sənətkar və zaman” (1976), “Sadəlikdə böyüklük” (1978),”Vətən ocağının istisi” (1982), “Şənbə gecəsinə gedən yol” (1991) və 2005-2007-ci illərdə nəşr olunmuş 12 cildlik əsərlərində işıq üzü görmüşdür.
1947-ci ildə Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olan Bəxtiyar Vahabzadə (1925-2008) 1951-ci ildə filologiya elmləri namizədi olmuş və 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” haqqında doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru, professor, sonralar Azərbaycan Elmlər Akademiyasının akademiki səviyyəsinə yüksəlmişdir.
Bəxtiyar Vahabzadənin “Səməd Vurğun” adlı monoqrafiyası ciddi elmi araşdırmalar üçün zəngin material vermişdir. Bu qiymətli monoqrafiyada B.Vahabzadə “Səməd Vurğun yaradıcılığı küll haqqında dünya görmüş, sinəsi xəzinə, ağsaqqal bir qocaya bənzəyir. Bu qocanın sinəsində xalqın nağıl və dastanları, atalar sözləri və məsəlləri, muğamı, aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu qoca ağsaçlı Azərbaycan xalqının simvoludur” – deməklə şairin yaradıcılığındakı xəlqiliyi ifadə etmişdir.
Sovet hökumətinin sərt qadağaları illərində Səməd Vurğun yaradıcılığı ilə bağlı xəlqi və milli ifadələri dilə gətirmək böyük cəsarət tələb edirdi. Bəxtiyar Vahabzadənin “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda yazdığı dissertasiyanın müdafiə zamanı nə qədər mübahisələrə səbəb olduğunun şahidlərindən biri də bu məqalənin müəllifidir.
Bəxtiyar Vahabzadə 1965-ci ildə 39 yaşında Bakı Dövlət Universitetinin böyük akt salonunda doktorluq dissertasiyası müdafiə edirdi. Mövzusu “Səməd Vurğunun yaradıcılıq yolu” idi. Zalda elmi şuranın üzvləri və şura üzvü olmayanlar var idi. B.Vahabzadə hələ 20 yaşında belə bir şeir yazmışdı: “Sarılığın xisləti”. Şeirdəki sarılıq sözü birbaşa ruslara ünvanlanmışdı. Şeiri o zaman Səməd Vurğuna təqdim edən Bəxtiyar müəllim şairdən müsbət cavab ala bilmədiyi üçün bədxahlar bunu mövzu edib Bəxtiyar Vahabzadənin müdafiəsinə mane olmaq, buna siyasi don geydirmək istəyirdilər. Çünki dissertasiyada bu şeirdən söhbət açılmırdı.
Bəxtiyar Vahabzadə elmi-tədqiqat əsərində böyük Səməd Vurğunun yalnız şeirlərində deyil, tarixi mövzuda olan əsərlərində də müasir məsələləri qələmə alaraq xalqın ictimai fikrini istiqamətləndirdiyini yazırdı: “S.Vurğun nədən danışır-danışsın, istər romantizimdən, xəyaldan, istər həyatdan, realizmdən, müsbət qəhrəmandan, mənfi qəhrəmandan, istər faciədən və məzhəkədən, istər sənətdən və elmdən, onun bütün mülahizələrinin mərkəzində bunlar dayanır: böyük idrak, böyük ürək, uzaqgörən göz! Dərinlik və genişlik! Qanad və vüsət!..
Bəxtiyar Vahabzadənin cəsarətlə qələmə aldığı “Səməd Vurğunun həyat və yaradıcılığı” adlı tədqiqat əsəri bu gün də tarixiliyini və müasirliyini saxlayır. O, ilk əsərlərindən olan rus şovinizminə işarə ilə yazdığı “Sarılığın xisləti” şeirini Səməd Vurğuna təqdim etmiş, onun fikrini bilmək istəmişdir. Bəxtiyar Vahabzadənin “Yaşıl çəmən, ağac altı, bir də ki, tünd çay” şeirinə Səməd Vurğun yüksək qiymət vermişdir.
Səməd Vurğunun həyat və yaradıcılığını elmi-tədqiqat mövzusu kimi qələmə alan B.Vahabzadə şairin həyatını və sənətdə ilk addımlarını, 1932-1941-ci illərdəki yaradıcılığını tədqiq etmiş, 1941-1945-ci illərdə yazdığı Vətən müharibəsi və vətənpərvərlik şeirlərinin, dramaturgiyasının və bitməmiş əsərlərinin təhlilini etmiş, “Vüsət, hikmət və cəsarət” adlanan fəsildə isə ədəbi-tənqidi görüşlərindən bəhs etmişdir.
Monoqrafiyada şairin əlyazmalarından, S.Vurğuna ünvanlanan məktublardan nümunələr verilmiş, Cənubi Azərbaycan mövzusunun şairin yaradıcılığındakı yeri ayrıca təhlil edilmişdir. Səməd Vurğunun dramaturgiyasının Azərbaycan ədəbiyyatındakı yeri, dili və tarixi mövzusu da ətraflı təhlil olunmuş, şairin “Böyük dostluq”, “Şairin həyatı”, “İki sevgi” kimi bitməmiş pyesləri haqqında maraqlı mülahizələr verilmişdir.
Bəxtiyar Vahabzadənin “Səməd Vurğunun dramatik poeziyası dramaturgiyamızı yeni insan xarakteri ilə zənginləşdirmiş, yeni fikir vüsəti, məna təravəti, əlvanlıq gətirmişdir” qənaəti bu gün də öz fikir yükünü saxlamaqdadır. Səməd Vurğun haqqında yazdığı tədqiqat əsərindəki düşüncə və mülahizələr, incələmələr, xırda məsələlər deyil, xalqın ağlı, düşünən qəlbi ilə görən, elmiliklə bədiiliyi paralelləşdirən bir təfəkkürün ifadəsi idi.
Bəxtiyar Vahabzadə “Xalqın oğlu dünyanın oğludur”, “Folklor və Səməd Vurğun”, “Vaqif” və başqa məqalələrində də Səməd Vurğun yaradıcılığından söz açaraq, onun şeirləri ilə böyüdüyünü etiraf edirdi. “S.Vurğun və folklor”, “Folklor və S.Vurğun poeziyası” məqalələrində “Xalqın yaratdığı folklor ayrı-ayrı adamlar tərəfindən uydurulmuş fantaziya deyildir. Bunların hamısının elmi əsası var” deyən Bəxtiyar Vahabzadə Səməd Vurğunun xalq ədəbiyyatına, xalqın milli-mənəvi dəyərlərinə, milli düşüncəsinə verdiyi önəmi xüsusi vurğulayırdı.
Bəxtiyar Vahabzadə Səməd Vurğun poeziyasının tükənməz çeşmə olan folklordan bəhrələndiyini, böyük sənətkarın öz sənət incilərini bu çeşmədən götürərərk zamanın tələbləri baxımından onu əsrə uyğun şəkildə cilalayıb yenidən xalqa qaytardığını, şairin yaradıcılığındakı milliliyi və xəlqiliyi elmi araşdırmaları ilə bir daha təsdiq etdi.
Maarifə HACIYEVA ,
filologiya elmləri doktoru,
professor

