Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Azad olunmuş torpaqlarda həyata keçirilən mühüm layihələrdən biri də inşa edilmiş hava limanlarıdır.
Cəmi 8 ayda hazır olan möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da, 2022-ci il oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanı istismara verildi. Daha sonra Laçın Beynəlxalq Hava Limanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 28 may 2025-ci ildə keçirilən rəsmi açılışla Azərbaycan aviasiya xəritəsinə daxil oldu. Bu infrastruktur layihəsi Qarabağın bərpası strategiyasının hava nəqliyyatı sütununu tamamladı, çünki Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarından sonra bölgənin üçüncü qlobal qovşağı kimi istismara verildi.
Təməli 2021-ci ilin avqust ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Laçın Beynəlxalq Hava Limanının inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirildi. Qorçu kəndində yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu aeroport dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr məsafədə yaradılan hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsinə bir töhfədir. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradır.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Laçın Hava Limanı həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərdi. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfədir. Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirib. Bu, ölkəmizin həm texniki və maliyyə imkanlarının, eləcə də güclü siyasi iradəsinin olduğunu sübut etdi.
Hava limanının bölgədə iqtisadi hərəkətliliyə də böyük rəvac verməsi şübhəsizdir. Xüsusilə istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına da imkan yaradacaq.
Hər zaman mümkünsüz hesab olunan bu layihənin reallaşması respublikamızın iqtisadi imkanlarının təzahürü kimi tarixə həkk olunub. Sözsüz ki, Laçın Beynəlxalq Hava Limanı istismarı ilə düşmənin göz dağına çevrilib.
Müşfiq MİRZƏ
XQ

