Ottava ABŞ-dan qırıcı alışını azaldır – Alternativ İsveçdir

post-img

Kanadanın Baş naziri Mark Karni Arktika ərazisində patrul xidməti aparmaq üçün “Saab” şirkətinin istehsalı olan “GlobalEye” erkən xəbərdarlıq təyyarələrinin alınacağını elan edib. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Ottava ilkin olaraq “Boeing E-7 Wedgetail” təyyarələrini almağı planlaşdırırdı, lakin bu modelin hazırlanma prosesinin uzanması xərclərin həddindən artıq artmasına səbəb olub. Baş nazir Karni müdafiə mövzusundakı konfransda çıxışı zamanı bildirib: “Qabaqcıl sensorlar kompleksi və uçuş idarəetmə sistemləri sayəsində “Saab” şirkətinin “GlobalEye” sistemi Kanada silahlı qüvvələri üçün Arktikadakı təhdidlərin aşkarlanması və qarşısının alınmasında mühüm resurs olacaq”.

Kanada hökumətinin başçısı alınacaq təyyarələrin dəqiq sayını və potensial müqavilənin dəyərini açıqlamayıb. Bundan əvvəl isə Kanadanın hərbi rəsmiləri 6 ədəd erkən xəbərdarlıq təyyarəsinin alınması imkanlarını nəzərdən keçirdiklərini bəyan etmişdilər.

“Saab” şirkəti öz bəyanatında qeyd edib ki, bağlanacaq hər hansı sövdələşmə çərçivəsində Kanadada elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (AR-GE) investisiya yatırmağı planlaşdırır. İsveçin Baş naziri Ulf Kristersson da “Saab”ın törəmə müəssisəsinin artıq Kanadada yeni iş yerləri yaratdığını və Kanadanın tədarük zənciri ilə əməkdaşlıq etdiyini bildirib.

“The Guardian”ın məlumatına görə, “Saab” şirkəti, həmçinin özünün “Gripen” qırıcılarının bir hissəsini də Kanadaya satmağı planlaşdırır. Kanadanın “Lockheed Martin” şirkətindən 88 ədəd “F-35” qırıcısı almaq barədə razılaşması olsa da, ABŞ-ın 2025-ci ildə Kanadanın əsas idxal mallarına rüsumlar tətbiq etməsindən sonra Kanada Baş naziri hərbçilərdən sifarişin azaldılması və təyyarələrin bir hissəsinin başqa istehsalçıdan alınması imkanlarını araşdırmağı xahiş edib.

S.ELAY

XQ

Dünya