Alimlər uzun illərdir meyvə şirəsinin faydalı olub-olmaması barədə mübahisə edirlər. Bəziləri hesab edir ki, şirə meyvəni əvəz edə bilər, digərləri isə onun tərkibində şəkərin çox olduğunu deyirlər. Yeni araşdırma isə göstərib ki, gündə bir stəkan meyvə şirəsi və ya smuzi (Smuzi-giləmeyvə, meyvə və ya tərəvəzdən (adətən bir növ) blenderdə və ya mikserdə qarışdırılaraq hazırlanmış qatı içkidir, süd, meyvə suyu, buz, bitki yağı və s. əlavə edilə bilər-red.) içmək insanların daha çox meyvə-tərəvəz qəbul etməsinə kömək edir və sağlamlığa ciddi zərər vermir. Hətta depressiya əlamətlərini də azalda bilər.
Bir çox ölkədə insanlara gündə beş porsiya meyvə və tərəvəz yemək tövsiyə olunur. Amma Böyük Britaniyada insanların yalnız 17 faizi buna əməl edir. İnsanlar əsas səbəb kimi meyvələrin baha olmasını, tapılmamasını və vaxt azlığını göstərirlər. Şirə və smuzilər isə daha rahat alternativ sayılır.
Buna baxmayaraq, meyvə şirələrinin tərkibində şəkər çox olduğu üçün onların faydası barədə mübahisələr davam edir. Ümumdünya Səhiyyə Təşkilatı da şirələrin məhdud istifadə edilməsini tövsiyə edir. Bəzi ölkələr artıq şirəni meyvə porsiyası hesab etmir. Amma digər araşdırmalar göstərib ki, normada içilən şirə maddələr mübadiləsinə ciddi zərər vermir və hətta qan təzyiqini azalda bilər.
Nyukasl Universitetinin alimləri bu məsələni araşdırmaq üçün 42 sağlam insan üzərində təcrübə aparıblar. İştirakçılar üç qrupa bölünüb. Birinci qrup əvvəlki kimi qidalanıb. İkinci qrup daha çox bütöv meyvə və tərəvəz yeyib. Üçüncü qrup isə gündəlik meyvə-tərəvəz porsiyalarından birini meyvə şirəsi və ya smuzi ilə əvəz edib.
Araşdırma nəticəsində məlum olub ki, hər iki qrup meyvə-tərəvəz qəbulunu xeyli artırıb. Şirə və smuzi qəbul edən qrupda depressiya əlamətləri də azalıb. Alimlər bunu şirələrin tərkibində olan flavonoidlər və C vitamini ilə əlaqələndirirlər. Bu maddələrin beyin qan dövranını yaxşılaşdırdığı düşünülür.
Araşdırma, həmçinin göstərib ki, şirə içən insanlar daha az lif qəbul etməyiblər. Əksinə, onlar ümumilikdə daha çox meyvə və tərəvəz yedikləri üçün lif qəbulu da artıb.
Qan analizləri də göstərib ki, meyvə şirəsi içmək qan şəkərinə, piy mübadiləsinə və iltihab göstəricilərinə mənfi təsir etməyib. Bu nəticələr meyvə şirələrinin şirin qazlı içkilərlə tam eyni olmadığını göstərir.
Hazırladı:
S.ELAY
XQ

