Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın 28 May – Müstəqillik Günü Braziliyanın ən böyük şəhərlərindən biri olan San-Pauloda xüsusi vizual təqdimatlar və işıq proyeksiyaları ilə qeyd edilib.
XQ xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə şəhərin diqqətçəkən məkanlarında təşkil olunub. Müasir memarlığı və böyük biznes potensialı ilə seçilən San-Pauloda Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərləri rəqəmsal vizuallar vasitəsilə nümayiş etdirilib.
Şəhərin ən hərəkətli nöqtələrindən hesab olunan Paulista prospektində yerləşən məşhur FIESP binasında Azərbaycanı əks etdirən videoçarx təqdim olunub. Videoda ölkəmizin qədim irsi, zəngin mədəniyyəti, milli mətbəxi və təbiət gözəllikləri yer alıb. Paralel olaraq, “28 May – Azərbaycanın Müstəqillik Günü” sözləri portuqal dilində nümayiş etdirilib və bina üzərində Azərbaycan bayrağının rənglərini əks etdirən işıq proyeksiyası göstərilib.
Bayram münasibətilə təşkil olunan digər vizual nümayişlər isə San-Paulo şəhərinin simvollarından hesab edilən “Oktavio Frias de Oliveyra” körpüsü və “Mario de Andrade” kitabxanasında həyata keçirilib. Hər iki məkan axşam saatlarından etibarən Azərbaycan bayrağının üçrəngli işıqları ilə işıqlandırılıb.
Qeyd olunub ki, Azərbaycanın Müstəqillik Gününün Latın Amerikasının ən böyük metropolislərindən biri olan San-Pauloda bu formatda qeyd edilməsi ilk dəfə baş tutur.
Tədbirlər çərçivəsində Braziliyanın paytaxtı Braziliyada da mədəni proqram təşkil edilib. Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın Braziliya Milli Teatrında konsert proqramı təqdim olunub.



