Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Süni intellekt nəhəngi "NVIDIA" şirkəti fiziki süni intellekt sistemlərinin inkişafını sürətləndirmək məqsədilə genişmiqyaslı yeni texnologiyalarını elan edib. Yeni həllər eyni vaxtda bir neçə mühüm istiqaməti – insanabənzər robototexnikanı, avtonom nəqliyyatı, yarımkeçiricilərin istehsalını və sənaye avtomatlaşdırılmasını əhatə edir. "GTC Taipei" konfransında paylaşılan rəsmi bəyanata istinadən, şirkət "Cosmos 3" adlı açıq baza modelini, "Isaac GR00T" platforması üzərində qurulmuş yeni etalon humanoid robotu, həmçinin yarımkeçirici nəhəngi TSMC ilə çip istehsalı sahəsində birgə yeni təşəbbüslərini nümayiş etdirib. Bu addım "NVIDIA"nın sintetik məlumatların yaradılmasından tutmuş robotların real dünyada tətbiqinə qədər tam bir ekosistem qurmaq strategiyasının tərkib hissəsidir.
Təqdimatın mərkəzində dayanan "Cosmos 3" modeli dünyanın ilk tamamilə açıq "omnimodeli" hesab olunur. O, eyni vaxtda mətni, təsvirləri, videoları, ətrafdakı səsləri, obyektlərin hərəkətini və davranışını anlamaq, həmçinin bunları sıfırdan generasiya etmək qabiliyyətinə malikdir. Sistem mühakimə yürütmə və məzmun yaratma mexanizmlərini birləşdirən xüsusi "mixture-of-transformers" (transformerlərin qarışığı) arxitekturasına əsaslanır. "Cosmos 3" həm vizual dil modeli, həm fiziki mühitlərin simulyasiyası üçün "dünya modeli", həm də robotların hərəkətlərini idarə edən sistemlərin bazası kimi çıxış edə bilir.
Robototexnika sahəsindəki tədqiqatçılar üçün isə "Isaac GR00T Reference Humanoid Robot" platforması təqdim edilib. Bu layihə "Unitree H2 Plus" humanoid robotunu, yüksək dəqiqlikli "Sharpa" robot əllərini, "Jetson Thor" hesablama modulunu və proqram təminatını vahid ekosistemdə birləşdirərək insanabənzər robotların yaradılması prosesini maksimum dərəcədə sadələşdirir. Paralel olaraq, TSMC şirkəti mikroçiplərin istehsalında nanometr miqyaslı qüsurları aşkar etmək və fabriklərin işini planlaşdırmaq üçün artıq "NVIDIA"nın süni intellekt modellərindən istifadə edir.
Avtonom nəqliyyat sahəsində isə robotaksilər üçün nəzərdə tutulmuş və 32 milyard parametrə malik "Alpamayo 2 Super" adlı yeni mühakimə modeli təqdim edilib. Bu sistem sürücüsüz avtomobillərin yol şəraitini anlamasına, hadisələri proqnozlaşdırmasına və qeyri-standart vəziyyətlərdə qərar qəbul etməsinə kömək edir. Əgər əvvəllər "NVIDIA" yalnız qrafik prosessorlar istehsalçısı kimi tanınırdısa, indi şirkət intellektual maşınların idarə olunması üçün bütün infrastrukturu təkbaşına təmin edən qlobal tədarükçüyə çevrilir. Faktiki olaraq, növbəti süni intellekt inqilabı artıq rəqəmsal məkanda deyil, robotların insan müdaxiləsi olmadan fəaliyyət göstərəcəyi fiziki dünyada baş verir.
Ə.Arzu
XQ

