Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Braziliyada demək olar ki, tamamilə etanol (spirt) vasitəsilə irimiqyaslı elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulmuş dünyanın ilk mühərrik layihəsi təqdim olunub. Ölkənin Energetika Nazirliyi və layihə tərəfdaşlarının rəsmi hesabatlarına istinadən yayılan məlumata görə, bu mühüm texnoloji mərhələ Pernambuku ştatındakı "Suape II" İstiləşmə Elektrik Stansiyasında (İES) reallaşıb. Yerli "Suape Energia" şirkəti Finlandiyanın qlobal texnologiya korporasiyası "Wärtsilä" ilə birgə "Ethanol Project" çərçivəsində avadanlıqların montajı və tənzimlənməsini başa çatdıraraq sistemi real istismar sınaqlarına hazırlayıb. Layihənin əsas məqsədi etanolun idarəolunan elektrik enerjisi istehsalında tamdəyərli yanacaq ola biləcəyini sübut etmək və atmosferə atılan karbon tullantılarını minimuma endirməkdir.
Etanol onilliklərdir ki, xüsusilə Braziliyada avtomobillərdə geniş istifadə olunsa da, onun elektrik stansiyalarında əsas yanacaq kimi tətbiqi indiyə qədər demək olar ki, mövcud deyildi. Mütəxəssislər bu unikal layihənin xüsusi olaraq təkmilləşdirilmiş "Wärtsilä 32M" mühərriki üzərində qurulduğunu bildirirlər. Bu qurğu birbaşa Braziliyanın şəkər qamışından əldə edilən yerli etanolla işləyir. Yaxın bir neçə il ərzində mühərrik minlərlə saat sınaqdan keçiriləcək və onun etibarlılığı, tullantı səviyyəsi və iqtisadi səmərəliliyi barədə dəqiq məlumatlar toplanacaq.
Braziliya şəkər qamışından etanol istehsalında və onun infrastrukturunda dünyada lider ölkə olsa da, bu yanacaq indiyədək ancaq nəqliyyat sektoruna yönəldilmişdi. İndi isə alimlər etanolun "tələbəuyğun generasiya" mənbəyinə çevrilə biləcəyini iddia edirlər. Bu, xüsusilə hava şəraitindən asılı olan günəş və külək elektrik stansiyalarının yaratdığı enerji kəsintilərini dərhal kompensasiya etmək üçün qlobal enerji sisteminə çox böyük üstünlük qazandıracaq. Laboratoriya divarlarını aşaraq real sınaq mərhələsinə keçən layihə, həmçinin ölkənin aqrar sektorunda şəkər qamışı istehsalçıları üçün nəhəng yeni bir bazar və tam enerji müstəqilliyi vəd edir.
Arzu Əliyeva
XQ

