İnsan ömrünü uzadacaq gen tapıldı: Alimlər gənclik enerjisi ilə qocalıq xəstəliklərinin gizli bağını üzə çıxarıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qüds İvrit Universiteti və Şərqi İngiltərə Universitetinin alimləri orqanizmin böyüməsinə və çoxalmasına birbaşa təsir edən, eyni zamanda qocalıq dövründə qocalma və xərçəng riskini artıran "vgll3" genini aşkar ediblər. "Nature" qrupuna aid elmi jurnallarda dərc olunan araşdırmaya görə, bu tapıntı təkamül nəzəriyyəsinin ən mühüm iddialarından birini təsdiqləyir: Təbii seçmə gənclik dövründə fərdə üstünlük verən genləri "seçir", hətta bu genlər sonrakı yaşlarda sağlamlığa ciddi zərər vursa belə, təkamül üçün gənclik prioritet təşkil edir.

Təcrübələr üçün alimlər ömrü çox qısa olan Afrika firuzəyi killifiş (killi balığı) növündən istifadə ediblər. Mütəxəssislər "CRISPR" gen redaktə texnologiyasından istifadə edərək balıqlarda "vgll3" geninin strukturunu dəyişdiriblər. Modifikasiya olunmuş genə sahib balıqlar daha sürətlə böyüyüb və cinsi yetkinliyə daha tez çatıblar ki, bu da vəhşi təbiətdə növün sağ qalması və çoxalması üçün böyük üstünlük deməkdir. Lakin bu sürətli inkişafın ağır bədəli üzə çıxıb: həmin balıqlar həm daha az yaşayıb, həm də onlarda melanomaya bənzər yaşla bağlı bədxassəli şişlər daha çox inkişaf edib. Məlum olub ki, "vgll3" geni hüceyrələrin bölünməsi, kök hüceyrələrinin fəaliyyəti və DNT-nin bərpası kimi bir çox kritik prosesləri idarə edir. Hüceyrələrin gənclikdəki həddindən artıq aktivliyi inkişafı sürətləndirsə də, yaşlandıqca DNT zədələnmələrinin yığılmasını da tezləşdirir və ağır xəstəliklərə yol açır.

Sözügedən "vgll3" geni insan orqanizmində də mövcuddur. Buna görə də bu kəşf bəşəriyyətin necə qocalmasını və yaşla bağlı xəstəliklərin yaranma mexanizmini dərindən anlamağa kömək edə bilər. Alimlərin növbəti hədəfi bu genin gənclikdəki faydalı effektlərini qocalıqdakı zərərli fəsadlarından "ayırmağın" mümkün olub-olmadığını araşdırmaqdır. Perspektivdə bu tədqiqat xərçəngin profilaktikası üçün tamamilə yeni üsulların tapılmasına və insanın sağlam ömrünün uzadılmasına xidmət edə bilər.

Arzu Əliyeva
XQ

Maraqlı