İrəvan yollar ayrıcında

post-img

4 ölkə Paşinyandan konkret mövqe gözləyir

Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsinin zəruriliyi məsələsi son vaxtlar daha kəskin şəkildə qoyulur. Yada salaq ki, bununla bağlı fikirlərini ilk olaraq aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin açıqlayıb. Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya Prezidenti qeyd etmişdi ki, Ermənistan Avropa ilə əməkdaşlığı davam etdirə bilər, lakin eyni vaxtda Aİ ilə Aİİ-nin üzvü olmaq mümkün deyil.

Mayın 9-da Kremldə jurnalistlərlə görüşündə V.Putin bildirmişdi ki, İrəvan Aİ ilə yaxınlaşma yolunu seçəcəyini, yoxsa Aİİ-də qalacağını mümkün qədər tez müəyyənləşdirməlidir. Qeyd etmişdi ki, Ermənistan birinci variantı seçərsə, bu halda tərəflər “yumşaq və sivil boşanma” yoluna gedə bilərlər. “Buna uyğun olaraq biz də müvafiq nəticələr çıxarar və yumşaq, belə desək, sivil və qarşılıqlı faydalı boşanma yolunu seçərik”, – Putin vurğulamışdı. Rusiya liderinin fikrincə, Ermənistan hakimiyyətinin bu məsələ ilə bağlı mümkün qədər tez qərar verməsi həm ölkə vətəndaşları, həm də Ermənistanın əsas iqtisadi tərəfdaşı olan Rusiya üçün vacibdir. Putin bu mövzunun mayın 28–29-da Astanada keçiriləcək Aİİ sammitində müzakirə olunmasını təklif etmişdi.

Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ermənistan hakimiyyətinə Aİİ ilə Aİ arasında seçim məsələsi üzrə mümkün qədər tez referendum keçirmək çağırışı edilib. Ermənistan Baş naziri ölkəsində keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasında iştirakı səbəbindən iclasda iştirak etməyib. Zirvə toplantısında Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Aİİ-nin dörd ölkəsinin liderlərinin bəyanatı Ermənistan Baş nazirinin müavininə çatdırılıb.

M.Qriqoryan sammitdəki çıxışı zamanı bildirib ki, Ermənistan Aİİ-nin işində vicdanla iştirak etməyə davam etmək niyyətindədir: “Ölkəmiz qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və bütün Aİİ üzv dövlətlərinin milli maraqlarını nəzərə almaq əsasında Aİİ iclaslarında iştirak etməyə hazırdır. M.Qriqoryan qeyd edib ki, “Ermənistan dəfələrlə ölkələrimizin və bütövlükdə, regionumuzun xeyrinə, iqtisadi sabitliyi və iqtisadi inkişafı təmin etmək naminə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini təsdiqləyib”.

Aİİ liderlərinin bəyanatına N.Paşinyan da münasibət bildirib. Deyib ki, Ermənistan Rusiya ilə münasibətlərə böyük önəm verir. “Ermənistan Rusiya ilə yeni münasibətlər formalaşdırır. Əminəm ki, biz bu işdə uğur qazanacağıq. O cümlədən ona görə ki, Rusiya ilə münasibətlərimiz açıq və səmimidir, bu münasibətlərdə heç bir qaranlıq məqam saxlamamışıq”, – deyə Paşinyan “Facebook”da açdığı canlı yayım zamanı bildirib.

Paşinyan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin bəyanatında yer alan Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı qısa müddətdə referendum keçirilməsinin zəruri olduğu fikrinə də münasibət bildirib və bunu “əsassız” adlandırıb: “Ermənistan hələ rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyib və ya üzvlüyə namizəd statusuna çox yaxın deyil. Belə olduğu halda hər hansı referendum keçirmək məntiqsizdir, çünki bunun üçün əsaslandırma yoxdur. Hazırkı mərhələdə referendumun keçirilməsi əsaslı deyil”.

Baş nazir qeyd edib ki, Ermənistan hələlik Aİİ çərçivəsində fəaliyyətini davam etdirəcək: “Biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləyirik və Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcəyik”. Paşinyan vurğulayıb ki, belə bir seçim zəruri olarsa, yekun qərarı Ermənistan xalqı verməlidir: “Qərar təbii olaraq Ermənistan Respublikası xalqı tərəfindən referendum yolu ilə qəbul edilməlidir”.

***

Girişdə qeyd etdiyimiz Ermənistanın Aİ ilə Aİİ arasında seçim etməsi məsələsinin son dövrlərdə daha açıq şəkildə gündəmə gətirilməsi İrəvanın xarici siyasət kursu ilə bağlı qeyri-müəyyənliyin artıq tərəfdaş ölkələri də narahat etməyə başladığını göstərir. Rusiyanın və Aİİ-yə üzv digər dövlətlərin mövqeyindən görünür ki, onlar Ermənistanın uzun müddət eyni vaxtda həm Avropa istiqamətində inteqrasiya prosesini irəli aparmağa, həm də Avrasiya məkanında iqtisadi üstünlüklərdən yararlanmağa çalışmasını məqsədəuyğun hesab etmirlər. Tərəfdaşları açıq şəkildə bildirirlər ki, Aİ-yə inteqrasiya dərinləşərsə, bu, gec-tez Aİİ-də üzvlüklə ziddiyyət təşkil edəcək. Bu yanaşma təkcə Rusiyanın deyil, Qazaxıstan, Belarus və Qırğızıstanın da ortaq mövqeyi kimi təqdim olunub.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən siyasi şərhçi Rizvan Hüseynov bildirdi ki, Astanada qəbul edilən bəyanat məsələnin artıq təkcə Rusiya–Ermənistan münasibətlərinin mövzusu olmaqdan çıxdığını, bütövlükdə, Aİİ-nin gələcəyi ilə əlaqəli olduğunu göstərir. Onun sözlərinə görə, N.Paşinyanın cavabı isə İrəvanın hələlik bu seçimi rəsmiləşdirmək niyyətində olmadığını ortaya qoyur: “Ermənistan rəhbərliyi bildirir ki, ölkə nə Aİ-yə üzvlük üçün müraciət edib, nə də üzvlüyə namizəd statusu almaq mərhələsinə yaxınlaşıb. Bu səbəbdən referendum keçirilməsinin vaxtının çatmadığı bildirilir. Əslində, Paşinyanın yanaşması Ermənistanın mövcud vəziyyəti mümkün qədər uzun müddət qorumaq istəyindən xəbər verir. İrəvan həm Aİİ çərçivəsində iqtisadi imkanlardan istifadə etmək, həm də Aİ ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək xəttini davam etdirməyə çalışır. Bu siyasətin müəyyən məntiqi əsasları da var. Ermənistan iqtisadiyyatının mühüm hissəsi Rusiya bazarı ilə bağlıdır. Ölkənin enerji təhlükəsizliyi, əmək miqrasiyası və ticarət əlaqələri baxımından Moskva ilə münasibətlər hələ də ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən, Paşinyan hökuməti son illərdə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirərək ölkənin xarici əlaqələrini şaxələndirməyə çalışır. Bu baxımdan İrəvan üçün ən əlverişli variant hər iki istiqamətdən faydalanmaqdır. Lakin problem ondadır ki, həm Moskva, həm də Aİİ-dəki digər tərəfdaşlar belə vəziyyətin uzunmüddətli perspektivdə mümkün olmadığı qənaətinə gəlirlər”.

Ekspert qeyd etdi ki, Paşinyanın referendumun gələcəkdə qaçılmaz ola biləcəyini etiraf etməsi də diqqət çəkir: “Baş nazir bir tərəfdən bu məsələni indiki mərhələdə gündəmdən çıxarmağa çalışır, digər tərəfdən isə gələcəkdə belə qərarın xalq tərəfindən qəbul edilməli olduğunu bildirir. Bu yanaşma göstərir ki, Ermənistan rəhbərliyi seçimin gec-tez qarşısına çıxacağını anlayır, sadəcə, həmin məqamı mümkün qədər təxirə salmağa üstünlük verir. Hazırkı mərhələdə İrəvanın əsas məqsədi parlament seçkilərindən sonra yaranacaq siyasi vəziyyəti və beynəlxalq mühiti qiymətləndirməkdir. Ermənistan rəhbərliyi həm Avropa İttifaqının ölkəyə təqdim edə biləcəyi imkanları, həm də Aİİ-dən uzaqlaşmanın yarada biləcəyi iqtisadi riskləri müqayisə edir. Bu səbəbdən yaxın dövrdə kəskin qərar gözlənilmir”.

R.Hüseynovun fikrincə, bununla belə, Astanada səsləndirilən mövqelər göstərdi ki, Aİİ ölkələri Ermənistandan daha aydın mövqe gözləyirlər: “Əgər Avropa istiqamətində addımlar sürətlənərsə, bu zaman Moskvanın və digər tərəfdaşların təzyiqinin artacağı istisna deyil. Belə şəraitdə Paşinyan hökuməti balans siyasətini qorumaqda əvvəlki illərlə müqayisədə daha çox çətinliklə üzləşə bilər”.

Səxavət HƏMİD
XQ



Siyasət