Paşinyan “ixrac böhranı”ndan çıxış yolunu nədə və necə görür?

post-img

Yaxud Kremlin seçkiqabağı gündəmə gətirdiyi “meyvə-tərəvəz qadağası”na cavab

“Əziz xalqım! Bilirəm ki, Avrasiya İqtisadi İttifaqı daxilindəki proseslərlə bağlı ciddi narahatlıq var. Əvvəla, demək istəyirəm ki, hökumətimiz artıq qərar verib ki, ixracımıza ədalətsiz əngəllər yaranan bütün hallarda ixrac edilməli olan, lakin həyata keçirilməyən mallar üçün biz subsidiya proqramı həyata keçirəcəyik ki, iqtisadiyyatımıza zərər dəyməsin”.

Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciətində yer alan bu fikirləri “bagramyan26” saytı yayımlayıb. Aydın məsələdir ki, problemin mahiyyətində heç də ermənilərin yetişdirdiyi gül, ərik, şaftalının, istehsal etdikləri konyakın Rusiya bazarına yolunun bağlanması durmur. Məhz indiki məqamda süni şəkildə yaradılan ixrac probleminin kökündə seçkiqabağı anti-Paşinyan təbliğatının, Moskvanın “Ermənistan Rusiyasız yaşaya bilməz” iddiasının gizləndiyi hər kəsə məlumdur. Amma görünür, Kremlin ideoloqları meyvə-tərəvəz ticarətini siyasi təzyiq alətinə çevirməklə bumeranq effekti əldə edəcəklərini nəzərə almayıblar. Axı məhsulunu bazara çatdıra bilməyən yüzlərlə iş adamının arxasında minlərlə ailə, böyük sosial kütlə, deməli, həm də elektoratın bir qismi dayanıb. Moskva başbilənlərinin iqtidardakı “Mülki müqavilə” partiyasının, onun lideri Paşinyanın siyasi imicinə, ictimai nüfuz və reytinqinə zərbə endirmək kümü düşündüyü “aqrar təzyiqlər”, bütövlükdə, onsuz da Şimal qonşusuna qarşı qəzəbli olan erməni seçicisini iyunun 7-də seçki qutusuna salacağı bülletendə rusiyameyilli namizədlərin adını siləcəyi ehtimalını gerçəyə çevirə bilər.

Rusiyanın müvafiq dövlət qurumunun – “Rospotrebnadzor”un Ermənistanda istehsal olunan spirtli içkilərdə “müəyyən etdiyi” qüsuru, ölkəsindən meyvə-tərəvəz ixracına tətbiq olunan sanitar qadağanı ədalətsizlik adlandıran Paşinyan müraciətində bu təzyiq texnologiyasının yaratdığı fəsadlardan çıxış yolunu da göstərib: “Mən buna niyə “ədalətsizlik” deyirəm? Çünki bəzən elə mallar olur ki, həqiqətən keyfiyyət standartlarına uyğun gəlmir. Hələ 2018-ci ildə demişdim ki, biz suverenliyimiz və milli maraqlarımız bahasına keyfiyyətsiz mal ixrac edə bilmərik. İndiki halda biz sahibkarlara dəstək olacağıq ki, onlar öz məhsullarını yeni keyfiyyət standartlarına uyğunlaşdırsınlar. Haqsızlığın baş verdiyi bütün digər hallarla bağlı biz kompensasiya proqramları hazırlayacağıq! Üstəlik, onu da deyim ki, biz yeni ixrac bazarlarının sürətli axtarışına başlamışıq. Bir neçə işgüzar nümayəndə heyətimiz bu gün artıq yola düşüb və biz beynəlxalq tərəfdaşlarımıza operativ reaksiyalarına görə minnətdarıq. Artıq qızılgül, ərik, meyvə-tərəvəz tədarükü ilə bağlı xaricdən konkret təkliflər var”.

Yəni üçüncü müddətə baş nazir postuna iddialı Nikol Paşinyan komandasının Moskvanın yaratdığı problemi aradan qaldırmaq üçün konkret və effektli işlədiyini nümayiş etdirir. O, xalqa müraciətində bu məsələnin təfərrüatına varmaqdan da çəkinməyib: “Bu vəziyyətdə yaxşı xəbərə çevrilən bəzi pis xəbərlər də var. Pis xəbər odur ki, bizdə meyvə-tərəvəzin ümumi istehsal həcmi o qədər də böyük deyil. Kobud misalla desəm, Avropanın bir layiqli supermarketlər şəbəkəsi bizim bütün məhsullarımızı uda bilər. Yaxşı xəbər odur ki, o bazarda heç bir ciddi problemimiz olmayacaq”. Bu zaman Paşinyan qəsdən Moskvanı qıcıqlandıran ana mövzunun üzərinə gəlir: “Amma, eyni zamanda, diqqətinizi ona yönəltmək istəyirəm ki, mən Avrasiya İqtisadi İttifaqında həm Hökumətlərarası Şuranın, həm də Ali İqtisadi Şuranın üzvü olan yeganə məmuram. Seçkilərdən sonra qayıdıb bütün mövcud məsələləri həll edəcəyik. Lakin buna baxmayaraq, biz balanslaşdırılmış xarici siyasətimizlə bazarlarımızı şaxələndirməyə davam edəcəyik”.

***

Müraciətinin bu məqamında Paşinyan meyvə-tərəvəz amilini ölkəsinin xaricdən asılılığı məsələsi, deməli, suverenliyi, İrəvanın müstəqil xarici siyasəti ilə ustalıqla əlaqələndirir: “Əgər biz 100 ton bibər istehsal ediriksə, onun 100 tonundan 90 tonunu bir istiqamətə ixrac etməməliyik. Bir istiqamətə 25 ton, digər istiqamətə 25 ton, üçüncü istiqamətə 25 ton və dördüncü istiqamətə 25 ton ixrac etməliyik. Sonrakı mərhələdə biz bunu 20 tona çatdırmalıyıq ki, dörd istiqamət əvəzinə beş istiqamətimiz olsun. Haqqında danışdığım düstur budur: azlıqdan asılılığı çoxluqdan asılılıqla əvəz etməli! Çünki məhsulumuzun 90 faizini bir istiqamətə göndərsək, bir gün alıcı yuxudan pis əhvali-ruhiyyədə oyanıb sual verə bilər: bu nədir belə? Və yenə deyirəm: tərəvəz xarab olacaq? Hökumət həmin pomidorun, bibərin, qızılgüllərin və sairənin pulunu ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda tərəvəz istehsalı, deməli, ixrac da artacaq. Onu da deyim ki, əzizlərim, bu il ötən illə müqayisədə 34 faiz çox turistimiz var. Yəni keçən illə müqayisədə təxminən 160 min çox turist qəbul etmişik. Bu adamlar pomidor, bibər, qızılgül alır, konyak içir, çörək də yeyirlər və sairə. Biz ölkəmizə daha çox turisti cəlb etməkdən ötrü bir sıra aviaşirkətlər üçün yeni marşrutları subsidiya edirik. Bəli, bunu məqsədli şəkildə edirik”.

Aqrar mövzunu bəhanə edib elektorata siyasi tezislərini çatdıran Nikol Paşinyan müraciətinin bu yerində xalqa sözünün “mustafasını” bəyan edir: “Hazırda olduqca həlledici bir məqamdayıq. Bu gün biz özümüzü strateji seçim mərhələsində görürük. Dövlətimizin uzunömürlü olması və yeni keyfiyyət dövlətinin yaradılması məsələsini həll edirik”.

***

Kreml isteblişmenti isə Ermənistanda siyasi hakimiyyətin özünə loyal qüvvələrin əlinə keçməsindən ötrü dəridən-qabıqdan çıxır. Bu zaman hətta rəsmilərin dilindən təhdid və şantaj dolu bəyanatlar səslənməkdədir. “Ukrayna Avropa ittifaqına inteqrasiya etmək qərarına gəldikdə, özünün dövlət kimi inkişaf perspektivlərindən danışırdı. İntəhası, onun məhsulları Avropa bazarlarına buraxılmadı. Ermənistanı da eyni aqibət gözləyir”. Bu sözlərin müəllifi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Aİ-nin Ukraynada olduğu kimi, Ermənistana qarşı da sərt və əlverişsiz tarif kvotalarını tətbiq edəcəyini bildirib. O iddia edib ki, Baş nazir Nikol Paşinyan ölkə əhalisi ilə Aİ-yə üzv olmaq barədə açıq danışmır və guya, Avrasiya İqtisadi İttifaqından mümkün çıxışın nəticələrini xalqdan gizlədir.

Ermənistana qarşı bir mərkəzdən idarə olunan siyasi təzyiqlərə xas eyni ritorikanı müxtəlif ağızlardan eşidirik. İnanırıq ki, seçkiöncəsi kasıb elekoratın ictimai rəyini dəyişməyə hesablanmış bu ucuz diplomatik gedişləri artıq dostunu və düşmənini yaxşı tanıyan hay cəmiyyətinə sırımaq mümkün olmayacaq. İndi onu meyvə-tərəvəzdən daha vacib məsələlər – tarixi və taleyüklü strateji seçim düşündürür. Nikol Paşinyanın xalqa müraciətinin məqsədi də elektoratı tez xarab olan mövsümi meyvələr kimi, keçici xarici təsirlərə uymamağı anlatmaq idi. Fikrimizcə, “Mülki müqavilə” partiyasının lideri buna nail oldu.

İ.HƏSƏNQALA
XQ



Siyasət