Dünən 31-ci “Bakı Enerji Həftəsi”nin aparıcı və strateji enerji dialoqu məkanı sayılan Bakı Enerji Forumu öz işini davam etdirdi. BMT-nin tərəfdaşı, dünyada hər kəs üçün dayanıqlı enerjiyə universal çıxışı təmin etməyə çalışan beynəlxalq qeyrikommersiya təşkilatı–SeforAll şirkətinin idarə heyətinin üzvü Con Defteriosun açılış nitqindən sonra “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” mövzusunda sessiya açıq elan olundu.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf əsas məruzə ilə çıxış edərək bildirdi ki, hazırda ölkəmizin təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir: “Əsas məsələ ondan ibarətdir ki, biz bu təchizatlara daha çox necə töhfə verə və regionun enerji təhlükəsizliyini daha da gücləndirə bilərik. Ötən illə müqayisədə bu il təchizat coğrafiyamız haqqında danışarkən artıq təkcə Avropa, Gürcüstan və Türkiyəni nəzərdə tutmuruq. Bu siyahıya Suriya da əlavə olunub”.
Hazırkı şəraitdə tərəfdaşlarımızın daha çox qaz həcmlərinə ehtiyac duyduqlarını vurğulayan SOCAR prezidenti bu təchizatın dayanıqlı və etibarlı şəkildə həyata keçirilməsinin də eyni dərəcədə vacib olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. “İndi biz və tərəfdaşlarımızın qarşısında duran vəzifə istehsal planlarının nəzərdə tutulmuş proqramlara uyğun şəkildə irəliləməsini təmin etməkdir. Bu, regiondakı tərəfdaşlarımıza daha çox qaz həcmlərinin çatdırılmasına imkan verəcək”, – deyə o əlavə etdi.
Hazırda SOCAR-ın müxtəlif layihələri nəzərdən keçirərək həm şirkətin özünün, həm də Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin həmin layihələrə hansı əlavə dəyəri qata biləcəyini təhlil etdiyini bildirən Rövşən Nəcəfin sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkəmizdə həyata keçirilən enerji layihələrində iştirak imkanlarını qiymətləndirməyə davam edir və bu istiqamətdə tərəfdaş şirkətlərlə müzakirələr aparır. Bu baxımdan SOCAR-ın bp və Azərbaycanda fəaliyyət göstərən digər enerji şirkətləri ilə daimi əlaqə saxladığı diqqətə çatdırıldı.
Enerji sektorunda uzun illər ərzində investisiya çatışmazlığının müşahidə olunduğunu diqqətə çatdıran SOCAR rəhbəri qeyd etdi ki, neft-qaz sənayesində olduğu kimi, enerji layihələrinə qoyulan investisiyalar da qısa müddətdə nəticə vermir və bu səbəbdən gələcəkdə təkliflə tələbat arasında müəyyən boşluğun yaranması mümkündür. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının həm şirkətlərə, həm də ev təsərrüfatlarına enerjidən daha səmərəli istifadə etməyə kömək edəcəyi gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirdi ki, Azərbaycan və Xəzər regionu qarşıdakı onilliklər ərzində dünya səviyyəli enerji qovşağına çevrilə bilər. Onun sözlərinə görə, regionun zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş enerji infrastrukturu, əlverişli biznes mühiti və güclü insan kapitalı bu məqsədə nail olmaq üçün əsas üstünlüklərdir.
Xəzər hövzəsinin dünyanın ən böyük karbohidrogen regionlarından biri olduğunu vurğulayan şirkət rəhbərinin sözlərinə görə, Səngəçal terminalı, boru kəmərləri sistemi və digər enerji infrastrukturu ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir və 99 faiz etibarlılıq göstəricisi ilə fəaliyyət göstərir. Azərbaycanın həm də yüksək ixtisaslı kadr potensialına malik olduğunu vurğulayan regional prezident daha sonra bildirdi: “Biz getdikcə daha çox Bakını yeni Hyuston və yeni Aberdinə çeviririk. Azərbaycanın mütəxəssisləri artıq təkcə yerli layihələrdə deyil, bp-nin dünyanın müxtəlif regionlarındakı fəaliyyətində də mühüm rol oynayırlar”.
“Şahdəniz”in ehtiyatlarının Böyük Britaniyanın qaz tələbatını, təxminən, 10 il ərzində qarşılamağa kifayət edə biləcəyini vurğulayan C.Kristofoli qeyd etdi ki, enerji təhlükəsizliyinin təməl sütunlarından biri olan bu yatağın ehtiyatları 28 trilyon kubfut təşkil edir. Onun sözlərinə görə, bp yataqdakı ehtiyatlardan maksimum səmərə ilə istifadə etmək üçün investisiya qoyuluşu davam etdirilir, hazırda layihə çərçivəsində yeni quyuların qazılması həyata keçirilir. O, həmçinin bildirdi ki, şirkət “Şahdəniz”də kompressor platformasının quraşdırılmasına 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırır: “Bu obyekt tam elektrikləşdirilmiş və pilotsuz idarə olunacaq. Bu, mürəkkəblik baxımından Xəzər dənizində ilk belə layihə olacaq”.
“GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirdi ki, Azərbaycan özünü sabit və etibarlı tərəfdaş kimi təsdiqləyib ki, bu da investorların və operatorların regiona marağını artırır. Ölkədəki yetkin yataqlarda hələ də əhəmiyyətli potensialın mövcudluğunu bildirən baş icraçı direktorun sözlərinə görə, müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, səmərəli kapital bölgüsü və təşkilati imkanların inkişafı hesabına əlavə dəyər yaratmaq mümkündür: “Biz Azərbaycanın perspektivlərinə böyük nikbinliklə baxırıq. Peşəkar idarəetmə və əməkdaşlıq vasitəsilə növbəti mərhələdə daha böyük dəyər yarada bilərik. Hesab edirəm ki, regionda əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”.
Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin aktivlərin idarə olunması üzrə baş vitse-prezidenti Bassem Tadros məruzəsində ilyarım əvvəl Azərbaycanda fəaliyyətə başladıqlarını xatırladaraq “Abşeron” layihəsində tərəfdaş olduqlarını diqqətə çatdırdı. O, həmçinin Cənub Qaz Dəhlizində pay əldə etmək üçün saziş imzaladıqlarını və şirkətin ölkəmizdəki fəaliyyətini daha da genişləndirilməsi istiqamətində müzakirələr apardığını bildirdi: “Enerji sektorunda 30 illik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, enerji layihələri, xüsusilə də sərhədlərarası enerji layihələri son dərəcə mürəkkəb, yüksək maliyyə tutumlu və ciddi risklər daşıyan təşəbbüslərdir.
Belə layihələrin uğurla həyata keçirilməsi üçün geologiya və hasilatdan başlayaraq layihələrin hazırlanması, icrası, maliyyələşdirilməsi, kommersiya danışıqları və maraqlı tərəflərlə münasibətlərin idarə olunmasına qədər geniş spektrdə peşəkar bilik və təcrübə tələb olunur. Tərəfdaşlıqlar bu risklərin azaldılmasına, layihələrin daha sürətli və səmərəli şəkildə reallaşdırılmasına kömək edir. Son bir il yarım ərzində fəaliyyətimizi məhz bu prinsip əsasında qurmuşuq və Azərbaycandakı mövcudluğumuzu əsas götürərək gələcəkdə də bu yanaşmanı davam etdirəcəyik”.
Sessiyada “İNPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono, “Boston Consultinq Group”un idarəedici direktoru Pattabi Seşadri və SLB şirkətinin coğrafiyalar üzrə vitse-prezidenti Steve Gassen çıxış edərək mövzu ətrafında mülahizələrini bölüşdülər.
Forumun ikinci günündə, həmçinin potensialın artırılmasına dair sessiyalar, “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi”, “Qaz sessiyası–bazarlar, nəqliyyat marşrutları və geopolitika”, “Enerji körpüləri: Yaşıl enerjidən regional inteqrasiyaya” mövzuları müzakirə olundu.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində təşkil edilən forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alıb. Toplantıda Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər təmsil olunublar.
Bununla da, “Bakı Enerji Həftəsi”nin mühüm tədbirlərindən sayılan forum öz işini başa çatdırdı.
Mirbağır YAQUBZADƏ
XQ

