Bir səsin min bir ahəngi

post-img

Xalq artisti Əminə Yusifqızı yaddaşlara belə köçdü

Unudulmaz sənətkarımız, Xalq artisti Əminə Yusifqızı yaddaşlarda bənzərsiz qiraət ustası kimi yaşayır. Onun səsinin öz rəngi, öz çaları, əlahiddə tembri vardı, heç bir səsə bənzəmirdi. Uşaqlıq illərimizin munis, büllur səslərindən idi...

Bu səsin sehrinə düşməmək, onun ifasını dinləyəndən sonra həmin əsərə təkrarən müraciət edib, diqqətdən qaçan məqamlara bir daha qayıtmamaq mümkün deyil. Əminə xanım hər şeiri bir obraz kimi təqdim edir və dinləyicini bu tamaşanın iştirakçısına çevirirdi.

Əminə xanım səhnə həyatının ilk illərində Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında çalışmış, bir sıra yaddaqalan obrazlar yaratmışdır. Fitri istedadı ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən gənc aktrisa “Komsomol poeması” (Səməd Vurğun) tamaşasında Humay, “Ana tarla”da (Çingiz Aytmatov) Aliman, “Anacan” (Yusif Əzimzadə) tamaşasında Qulu, “Söz yarası”nda (Qeybulla Rəsulov) Ülkər, “Şeytanın şagirdi”ndə (Bernard Şou) Esse və digər rolları canlandırıb.

O, müxtəlif və mürəkkəb surətlərin gözəl ifaçısı idi. “Şərikli çörək”, “Sən niyə susursan”, “Bizim küçənin uşaqları”, “Qətl günü” filmlərində çəkilib. Azərbaycan filmlərinin böyük əksəriyyətində bir sıra obrazları səsləndirib.

Onun Xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovla da bir neçə iş birliyi olub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən aktrisa kinostudiyanın nəzdindəki Kinoaktyor Teatr Studiyasında çalışarkən F.Lorkanın “Qanlı toy” tamaşasında “Gəlin” obrazını canlandırıb. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. O danışır ki, Əminə xanım bu rolu, sadəcə, oynamır, daha doğrusu yaşayır, tamaşaçıları mütəəssir edir və həyəcanlandırırdı. Bu keyfiyyət bir tərəfdən Əminə xanımın ifa etdiyi obrazın məzmunundan, ictimai siqlətindən doğursa, digər tərəfdən, onun özünün sənətkarlıq təbiətindən əmələ gəlir. Ümumiyyətlə, Əminə xanımın həyatı və fəaliyyəti Azərbaycan teatr tarixinin ayrılmaz hissəsidir.

Bundan əvvəl Mərahim müəllimin özünün ssenarisi əsasında çəkilən “Edit Piaf” televiziya tamaşasında Əminə xanım baş rolda oynayıb. Əfsanəvi müğənni Edit Piafın obrazını ustalıqla canlandıran aktrisanın tərəf müqabili unudulmaz aktyorumuz Kamil Qubuşov idi. O, Müsyö Leple obrazını oynayırdı.

Daha sonra Əminə xanım Mərahim müəllimin quruluşunda Məmməd Muradın “Köksüz budaqlar” tamaşasında Əsmər roluna dəvət alıb. Həmin tamaşada Əminə xanımın tərəf müqabili Xalq artisti Şahmar Ələkbərov idi. Aleksandr Nikitinin “Abşeronda bir gecə” tamaşasında Əminə xanım böyük sənətkarlarımız Leyla Bədirbəyli, Eldəniz Zeynalov, Muxtar Manıyev, Eldəniz Rəsulov, Gündüz Abbasovla birgə səhnəni bölüşürdü.

Əminə xanım həmişə müsahibələrində Mərahim Fərzəlibəyovu bir rejissor kimi yüksək qiymətləndirib və onunla iş birliyindən zövq aldığını bildirib. Mərahim müəllim də hər zaman Əminə xanımdan söz düşəndə deyir ki, “mən həmişə təəssüf hissi keçirmişəm ki, Əminə xanım teatrda fəaliyyətini davam etdirmədi, davam etsəydi, səhnəmizdə parlaq obrazlar qalereyası yaradacığına heç bir şübhəm yoxdur. Onun sənətkarlıq qüdrəti, səhnə potensialı buna imkan verirdi”.

Qarşıdan unudulmaz sənətkarın 90 illiyi gəlir. Təəssüf ki, Əminə Yusifqızı 90 yaşına bir il qalmış dünyasını dəyişdi. Amma ecazkar səsi hələ uzun illər dinləyicilərin ruhunu ovsunlayacaq.

Kənan HACI,
yazıçı-publisist

Mədəniyyət