Daşkənd şəhərində “XXII Beynəlxalq mədəni ənənələr və milli yeməklər xeyriyyə festivalı” keçirilib.
Bu il də ənənəvi olaraq festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Festivalın təntənəli açılış mərasimində Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev, Diplomatik Xidmət Servisinin baş direktoru Oybek Egamberdiyev və 20-dən artıq diplomatik nümayəndəliyin təmsilçiləri iştirak edib. Mədəni proqram çərçivəsində hər ölkə öz milli mətbəxini, geyim ənənələrini, musiqi və rəqs nümunələrini geniş şəkildə nümayiş etdirib.
Mərkəzin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ziyarətçilərə ölkəmizin milli mətbəxi-şah plov, dolma, qutab, dovğa, eləcə də milli şirniyyatlarımız paxlava və şəkərbura təqdim olunub.
Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblının üzvləri milli rəqslərimizi, “Xarıbülbül” teatr truppası isə musiqi nümunələrini təqdim edib.
Ziyarətçilərə həmçinin Qərbi Azərbaycanın qədim memarlıq nümunələrini əks etdirən sərgi təqdim olunub, bu ekspozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində İrəvanın tarixən Azərbaycanın qədim şəhərlərdən biri olduğu barədə məlumatlar da ziyarətçilərin diqqətinə çatdırılıb.
Beləliklə, “XXII Beynəlxalq mədəni ənənələr və milli yeməklər xeyriyyə festivalı” yalnız kulinariya nümunələrinin nümayişi ilə məhdudlaşmayıb, xalqlar arasında qarşılıqlı hörmətin, mədəni yaxınlığın və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.
Azərbaycan guşəsi tədbirin daha çox maraq doğuran bölmələrindən biri olub və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülüb.
Festivalda toplanan vəsait Daşkənddəki uşaq evlərinin və ehtiyacı olan qruplara göndəriləcək.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd






