Türkiyədəki azərbaycanlı iş adamlarının birliyində yeni mərhələ başlayır

post-img

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkarların ən böyük birliklərindən olan Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyində (TAİB) rəhbərlik dəyişikliyi olub. Birliyin yeni sədri vəzifəsinə iqtisad elmləri doktoru Asif Kurban seçilib. Bu barədə “İhlas Haber Ajansı”nın yaydığı məlumatda bildirilir.

Birliyin ümumi yığıncağında əvvəlki dövrün fəaliyyəti müzakirə olunub, qarşıdakı illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və yeni idarə heyəti formalaşdırılıb. Qəbul edilən qərara əsasən, 2026–2029-cu illərdə təşkilata Asif Kurban rəhbərlik edəcək. Yeni idarə heyətində Mikayıl Yusifov, Vüqar Abdulla, vəkil Zenfira Əliyeva və Elşən Quliyev də təmsil olunurlar.

TAİB uzun illərdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, yeni biznes əlaqələrinin qurulması və Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. 

Yeni sədr Asif Kurban ümumi yığıncaqdan sonra bildirib ki, təşkilatın əsas məqsədi Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı sahibkarların maraqlarını müdafiə etmək, onların biznes imkanlarını genişləndirmək və beynəlxalq bazarlara çıxışını dəstəkləməkdir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi sahədə daha da dərinləşdirilməsi TAİB-in prioritet istiqamətlərindən biri olacaq.

Asif Kurban vurğulayıb ki, təşkilat yalnız iqtisadi deyil, həm də ictimai və mədəni missiya daşıyır. Bu baxımdan TAİB diaspor fəaliyyətlərinin gücləndirilməsi, iş adamları arasında həmrəyliyin artırılması və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yeni layihələr həyata keçirməyi planlaşdırır.

Uzun illərdir Türkiyənin işgüzar mühitində fəaliyyət göstərən Asif Kurban beynəlxalq ticarət sahəsində tanınmış sahibkarlardandır. O, Dokuz Eylül Universitetində ali və magistr təhsili alıb, daha sonra iqtisad üzrə doktorluq dərəcəsi qazanıb. Elmi fəaliyyəti ilə də seçilən Asif Kurban müxtəlif akademik nəşrlərin müəllifidir.

Yeni dövrdə TAİB-in fəaliyyətinin əsas istiqamətləri sırasında rəqəmsallaşma, biznes şəbəkələrinin genişləndirilməsi, üzvlərin beynəlxalq layihələrə cəlb olunması, hüquqi dəstək mexanizmlərinin təkmilləşdirilməsi və qadın sahibkarlığının təşviqi xüsusi yer tutacaq. Müşahidəçilərin fikrincə, yeni rəhbərliyin fəaliyyəti Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının daha da genişlənməsinə, hər iki ölkənin iş adamları arasında əlaqələrin güclənməsinə və ortaq biznes layihələrinin sayının artmasına əlavə imkanlar yaradacaq.

Namiq Qədimoğlu

XQ

 

Sosial həyat