Rəqəmsal səhiyyə xəstəxanaların yükünü azaldır?

post-img

Rəqəmsal səhiyyə son illərdə dünyada ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Xüsusilə telemedisin xidmətləri insanların tibbi yardıma daha rahat çıxışını təmin etməklə yanaşı, səhiyyə sisteminin yükünü azaltmaq baxımından da diqqət çəkir. ABŞ-da aparılmış bir araşdırma bu texnologiyanın effektivliyini elmi faktlarla təsdiqləyib.

Amerika Birləşmiş Ştatlarında süni intellekt əsaslı diaqnostik sistemlər artıq xəstəxanaların gündəlik praktikasında istifadə olunur. Məsələn, Mayo Clinic və Stanford Health 2024-cü ildə onkoloji xəstəliklərin erkən aşkarlanması üçün süni intellekt alqoritmləri tətbiq edərək, səhv diaqnozların sayını 22% azaldıb. ABŞ-da həmçinin ChatGPT və digər AI texnologiyaları xəstə məlumatlarının təhlilində, resept yazılmasında və xəstə ilə ilkin əlaqədə istifadə olunur.

Stanford Universitetinin səhiyyə texnologiyaları üzrə araşdırmasında qeyd olunur ki, rəqəmsal diaqnostika ənənəvi metodlara nisbətən 40% daha sürətlidir və xərc baxımından da səmərəlidir.

İsveç 2023-cü ildən etibarən “Min Hälsa” (Mənim Sağlamlığım) adlı rəqəmsal platforma ilə vətəndaşların tibbi xidmətlərə çıxışını mərkəzləşdirib. Platforma üzərindən vətəndaşlar həkimə yazıla, analiz nəticələrini izləyə, e-reseptlərə çıxış əldə edə və hətta psixoloji dəstək ala bilirlər. Rəqəmsal sistemlər həm də xəstəxana sıxlığını azaldaraq vaxt itkisini minumuma endirib.

Əhalisinin 30%-i 65 yaşdan yuxarı olan Yaponiyada səhiyyədə avtomatlaşdırma vacib ehtiyac halına gəlib. Tokio Universitetinin hazırladığı “Paro” adlı terapevtik robotlar artıq tək yaşayan yaşlı insanlarla emosional ünsiyyət qurur, dərman vaxtını xatırladır və təcili yardım siqnalı göndərə bilir. Yaponiya hökuməti bu texnologiyaları “intellektual qayğı” adlandırır və onların tətbiqini genişləndirmək üçün 2025-ci ilə qədər 100 milyard yen ayırmağı planlaşdırır.

ÜST-ün 2025-ci il "Rəqəmsal Sağlamlıq Hesabatı"nda vurğulanır ki, texnologiyanın səhiyyəyə inteqrasiyası bərabərlik yaratmaq əvəzinə yeni uçurumlar da formalaşdıra bilər. Rəqəmsal texnologiyalara çıxışı olmayan azinkişaf etmiş ölkələrdə bu yeniliklər sadəcə statistikada qalır. Məsələn, Afrika qitəsində 40-dan çox ölkədə internetə çıxışı olmayan klinikalar var və rəqəmsal səhiyyə xidmətlərindən istifadə sıfıra yaxındır.

Mütəxəssislərin fikrincə Azərbaycanda rəqəmsal səhiyyəyə keçid prosesi hələ ilkin mərhələdədir. E-resept sistemi, tibbi sığorta platformaları və bəzi özəl klinikalarda onlayn konsultasiya xidmətləri artıq fəaliyyət göstərsə də, dövlət səhiyyəsində bu texnologiyaların geniş miqyasda tətbiqi müşahidə olunmur. Sistemli islahatlar, həkimlərin texnologiya biliklərinin artırılması və infrastruktur yenilənməsi bu sahədə əsas ehtiyaclardır. 

Görünən odur ki, rəqəmsal səhiyyə texnologiyaları təkcə tibbi xidmətlərə çıxışı genişləndirmir, həm də səhiyyə xərclərinin və xəstəxanaların yükünün azalmasına kömək edir. Bu isə gələcəyin səhiyyə modelində telemedisinin rolunun daha da artacağını göstərir.

Nurəngiz Adilqızı

XQ

 

 

Sosial həyat