İyunun 3-də səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun məlumatına görə, region üzərində təxminən 50 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov isə bildirib ki, hücumlar şəhərin Kronştadt, Kirov və Krasnoselski rayonlarında yerləşən infrastruktur obyektlərini hədəf alıb. İlkin məlumatlara əsasən, xəsarət alanların olduğu da bildirilir.
Hücumun nəticələrinin qeydə alındığı ərazilərdən biri də Uqolnaya Qavan olub. Burada Baltik regionunun iri neft məhsulları terminallarından biri sayılan “Peterburq Neft Terminalı” səhmdar cəmiyyəti yerləşir.
Bir sıra mənbələrin məlumatına görə, pilotsuz uçuş aparatlarının bir hissəsi Finlandiya körfəzi üzərindən aşağı hündürlükdə hərəkət edərək hədəflərə yaxınlaşıb. Lakin bu marşrutla bağlı hələlik rəsmi təsdiq verilməyib.
Qeyd edək ki, hücum Sankt-Peterburqda keçirilən və Rusiya ilə yanaşı müxtəlif ölkələrdən nümayəndələrin qatıldığı beynəlxalq iqtisadi forum gününə təsadüf edib. Hadisənin forumun təhlükəsizlik tədbirlərinə və şəhərdəki vəziyyətə təsiri ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
XQ

