Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ və İran arasında gərginlik yeni qarşılıqlı hərbi əməliyyatlarla müşayiət olunub.
XQ xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 2-də İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı yönəlmiş hücumlara cavab olaraq müdafiə tədbirləri həyata keçirilib.
CENTCOM-un açıqlamasına əsasən, İran beş ballistik raket atsa da, onların heç biri hədəfə çatmayıb. Bundan əlavə, ABŞ qüvvələri üç pilotsuz uçuş aparatını məhv edib. Komandanlıq həmçinin İranın Qeşm adasında yerləşən yerüstü idarəetmə mərkəzinə zərbələr endirildiyini bəyan edib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Qeşm adasındakı hərbi obyektə hücumundan sonra regiondakı Amerika hərbi mövqelərini hədəfə aldığını açıqlayıb. Məlumata görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına və bölgədəki Amerika hava bazalarından birinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
İran tərəfi həmçinin Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-la əlaqələndirilən bir gəmiyə hücum edildiyini bildirib.
Digər tərəfdən, CENTCOM Küveytdə yerləşən Amerika qüvvələrinə qarşı yönəlmiş növbəti İran dron hücumunun da qarşısının alındığını açıqlayıb. Qurumun yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri bir neçə pilotsuz uçuş aparatını hədəfə çatmadan məhv edib.
ABŞ hərbi komandanlığı baş verən hadisələr nəticəsində Amerika hərbçiləri arasında itki və ya yaralanma qeydə alınmadığını vurğulayıb.

