Deputat Naqif Həmzəyev ADAU-da aparılan yeniliklərlə tanış olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Dövlət Aqrar Universitetində olub. Səfər çərçivəsində deputat universitetin rektoru Zəfər Qurbanovla görüşərək təhsil ocağında son illərdə həyata keçirilən yeniliklər, maddi-texniki bazanın möhkəmləndirilməsi və tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərlə tanış olub.

Görüş zamanı ali təhsil müəssisəsinin inkişaf perspektivləri, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, rəqəmsal texnologiyaların tətbiqi və tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması məsələləri müzakirə edilib. Bildirilib ki, universitetdə innovativ yanaşmaların tətbiqi, elmi fəaliyyətin genişləndirilməsi və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Daha sonra qonaq universitetin İnnovasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub. Burada tələbələrin yeni ideyalarının dəstəklənməsi, startap layihələrinin təşviqi və elmi-tədqiqat fəaliyyətinin inkişafı məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, gənclərin təşəbbüskarlığının artırılması və innovativ düşüncəsinin formalaşdırılması universitetin əsas fəaliyyət istiqamətlərindən biridir.

Səfər çərçivəsində İnformasiya Texnologiyaları kafedrasında əsaslı şəkildə yenidən qurulmuş kompüter auditoriyasına da baxış keçirilib. Müasir avadanlıqlarla təchiz olunan tədris məkanında tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirmələri, informasiya texnologiyaları sahəsində bacarıqlarını inkişaf etdirmələri üçün geniş imkanlar yaradılıb.

Deputat Naqif Həmzəyev universitetdə formalaşdırılmış müasir təhsil mühitini, tələbələr üçün yaradılan şəraiti və innovativ yanaşmaların tətbiqini yüksək qiymətləndirərək bu istiqamətdə görülən işlərin ölkədə ali təhsilin inkişafına mühüm töhfə verdiyini bildirib.

Görüş zamanı əmək bazarının çağırışlarına cavab verən peşəkar kadr hazırlığının əhəmiyyəti, gənclərin elmə və innovativ fəaliyyətə cəlb olunmasının vacibliyi də xüsusi vurğulanıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri











Sosial həyat