Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyanın rəsmi antiinhisar qurumu olan Rəqabət və Bazarlar İdarəsi (CMA), "Google" şirkətini axtarış sistemindəki süni intellekt xülasələrinin (AI Overviews) iş prinsipini kökündən dəyişdirməyə məcbur edib. Tənzimləyici qurumun yaydığı rəsmi bəyanata istinadən xəbər verilir ki, yeni qaydalar çərçivəsində veb-nəşriyyatçılar və xəbər agentlikləri öz müəllif kontentlərinin "Google"un süni intellekt alqoritmləri tərəfindən mənimsənilməsini və modellərin təlimində istifadə olunmasını tamamilə bloklamaq hüququ qazanıblar. Ən mühüm məqam isə odur ki, bu qadağanı qoyan saytların ənənəvi axtarış nəticələrindəki mövqeləri "Google" tərəfindən cəza olaraq aşağı salınmayacaq.
"Dünyada ilk dəfə olaraq nəşriyyatlar axtarış sistemlərində süni intellekt funksiyalarının fəaliyyəti üçün onların məzmunundan istifadə edilməsinin qarşısını alacaq effektiv alətlər əldə edəcəklər. Bu, xəbər təşkilatları kimi media qurumlarının kontent satışı ilə bağlı "Google" ilə danışıqlarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək", – deyə Britaniya tənzimləyicisinin bəyanatında bildirilir. Bundan əlavə, istifadəçilərin maraqlarını qorumaq üçün CMA məcburi istinad tələbi tətbiq edir: əgər süni intellekt hər hansı bir cavab generasiya edirsə, "Google" ilkin mənbələrə birbaşa linklər yerləşdirməklə müəllifliyi aydın şəkildə göstərməyə borcludur.
"Google" şirkətinə bu yeni qaydaları öz axtarış xidmətlərinə inteqrasiya etmək üçün 9 ay vaxt verilib. Bu sərt tələblər CMA-nın "Google"a Böyük Britaniyada "strateji bazar statusu" (SMS) verməsindən sonra qüvvəyə minib. Bu status rəsmi quruma ədalətli rəqabəti təmin etmək üçün texnoloji nəhənglərə qarşı birbaşa və məqsədli qaydalar qoymaq hüququ verir.
Qərara reaksiya verən "Google Search Ecosystem" proqramının baş meneceri Mrinalini Lou şirkətin dərhal sınaqlara başlayacağını elan edib. Onun sözlərinə görə, Britaniyadakı müəyyən qrup veb-sayt sahiblərinə öz linklərinin generativ süni intellekt sistemində necə görünəcəyini idarə etmək üçün xüsusi panellər təqdim olunacaq. Şirkət rəsmisi nəşriyyatçıların rəylərini aktiv şəkildə dinlədiklərini və istifadəçi üstünlükləri dəyişdikcə media qurumlarının lazımi alətlərlə təmin olunması üçün CMA ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

