İspaniyada istilərlə bağlı ölüm hallarında rekord artım qeydə alınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İspaniyada may ayında qeydə alınan həddindən artıq isti hava dalğası nəticəsində 101 nəfər həyatını itirib.

XQ xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu göstərici 2015-ci ildən bəri aparılan statistik müşahidələr dövründə may ayı üzrə qeydə alınan ən yüksək ölüm sayı kimi tarixə düşüb.

Nazirliyin açıqlamasına əsasən, bu rəqəm son on ildə may ayında isti hava ilə əlaqəli ölüm hallarının orta göstəricisindən 3,6 dəfə çoxdur. Qurum erkən başlayan isti hava dalğalarının, hətta “yay mövsümü başlamazdan əvvəl” belə, insan sağlamlığı üçün ciddi risk yaratdığı barədə xəbərdarlıq edib.

Məlumatlar ölkə üzrə gündəlik ölüm hallarını qeydə alan “MoMo” sistemi vasitəsilə toplanıb. Sistem faktiki ölüm saylarını əvvəlki illərin statistik göstəricilərinə əsaslanan proqnozlarla müqayisə edərək artıq ölüm hallarını müəyyənləşdirir.

Son günlərdə İspaniyanın müxtəlif bölgələrində, xüsusilə ölkənin şimal hissəsində temperatur rekordları qeydə alınıb. Milli Meteorologiya Xidməti (“Aemet”) bildirib ki, söhbət may ayı üçün qeyri-adi dərəcədə yüksək temperatur göstəricilərindən gedir. Qurumun məlumatına görə, bu istilər təkcə yüksək temperaturla deyil, həm də uzunmüddətli davam etməsi ilə diqqət çəkib.

Hökumət rəsmiləri əhaliyə günün ən isti saatlarında açıq havada az qalmağı, xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslərin daha diqqətli olmağı tövsiyə ediblər. Rəsmi qurumlar yaxın günlərdə də hava şəraitinin dəyişkən və yüksək temperaturda qalacağı barədə xəbərdarlıq edib.

Dünya