Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

post-img

İyunun 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

XQ xəbər verir ki, seminarı ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu və aktuallığı barədə qısa məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Supersonik kosmik plazma axınlarında rezonans mənşəli dayanıqsızlıqlar və Günəş küləyinin anizotropluq probleminin potensial həlli haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, yaxın və uzaq kosmosda ən geniş yayılmış dinamik proseslərdən biri olan maddə axınları sərhədlərlə məhdudlaşdığından onların sürəti axının istiqamətinə perpendikulyar istiqamətdə dəyişir və nəticədə qradientli axınlar formalaşır. Belə axınlar atmosfer və okean cərəyanlarında, ulduz küləklərində, qalaktikaların differensial fırlanmasında, akkresiya proseslərində və digər astrofiziki hadisələrdə müşahidə olunur. Qradientli axınlarda enerjinin bir hissəsi Kelvin–Helmholtz və Rossby tipli burulğanların yaranmasına sərf olunur ki, bu da kosmik mühitdə iri struktur elementlərinin formalaşmasında mühüm rol oynayır.

Çıxış zamanı kosmik plazmaların əsas xüsusiyyətlərindən biri olan anizotropluq problemi də müzakirə olunub. Bildirilib ki, maqnitləşmiş və toqquşmasız kosmik plazmalarda maqnit sahəsi boyunca və ona perpendikulyar istiqamətlərdə temperatur fərqləri yaranır. Bu isə klassik hidrodinamik və maqnitohidrodinamik proseslərin xarakterini əhəmiyyətli dərəcədə dəyişdirir.

Təqdim olunan tədqiqatın əsas məqsədi anizotrop kosmik plazma axınlarında irimiqyaslı maqnit hidrodinamik dayanıqsızlıqların öyrənilməsi, qradientli və qradientsiz axınların müqayisəli təhlili, həmçinin qradientli axınlarda Kelvin–Helmholtz dayanıqsızlığı ilə yanaşı rezonans mənşəli yeni effektlərin aşkar edilməsidir.

Araşdırma çərçivəsində toqquşmasız anizotrop plazma axınları üçün maqnit hidrodinamik köçürmə tənlikləri qurulub, axın boyunca istilik selinin təsiri nəzərə alınıb, müxtəlif sərhəd məsələləri həll edilərək məxsusi funksiyalar və plazma dayanıqsızlıqlarının artım sürətləri hesablanıb.

Məruzəçi əldə olunan nəticələrin xüsusilə supersonik axınlar (Max ədədi M ≫ 1) üçün Günəş küləyinin fizikasında mövcud olan mühüm problemlərin həllinə töhfə verə biləcəyini vurğulayıb. İşdə göstərilib ki, alınmış nəticələr Yerətrafı orbitdə aparılan peyk müşahidələrindən məlum olan plazma anizotropluğunun spesifik paylanmasının izahı və hissəciklərin sürətlənməsi mexanizmlərinin anlaşılması baxımından perspektivli imkanlar açır.

Seminar iştirakçılarının marağına səbəb olan məruzə ətrafında geniş müzakirələr aparılıb, verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.















Elm