Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İkitərəfli siyasi dialoq daha geniş iqtisadi və strateji əməkdaşlıq perspektivlərini gündəmə gətirir. Bu dinamikanın son göstəricisi Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığıdır. Bu zaman müzakirə mövzusu Aİ-nin Ermənistanla həmrəyliyi, ölkənin suveren inkişaf yolu və İrəvana yönəlik iqtisadi dəstək imkanlarının genişləndirilməsi olub. Eyni zamanda, Aİ-nin Ermənistana maliyyə və institusional dəstəyinin artırılması imkanlarının nəzərdən keçirildiyi bildirilib. Bu, İrəvanın xarici siyasətdə diversifikasiya cəhdlərini Brüsselin fəal şəkildə dəstəklədiyini göstərir.
Aİ ilk dəfə Moskvanın İrəvana təsirini açıq şəkildə iqtisadi və siyasi təzyiq aləti kimi xarakterizə edib. Bu yanaşma İrəvan–Brüssel münasibətlərinin formatını dəyişib. Əgər əvvəllər əməkdaşlıq yalnız bəyanatlar və ümumi siyasi dialoq səviyyəsində idisə, indi proses konkret iqtisadi və institusional mexanizmlərin qurulmasına doğru irəliləyir. Brüsselin qısamüddətli operativ dəstək paketləri hazırlaması İrəvanı kənar təzyiqlərə qarşı daha dayanıqlı etmək məqsədi daşıyır.
Moskva və İrəvan arasında yaranan gərginlik artıq diplomatik ritorikadan kənara çıxaraq real iqtisadi müstəviyə keçib. Ermənistan uzun illər Rusiya bazarından, enerji resurslarından və logistik marşrutlarından yüksək dərəcədə asılı olub, bu gün də asılıdır. Bu da Moskvanın əlində güclü təsir rıçaqları formalaşdırıb. Son dövrlər Rusiya tərəfindən Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının, konserv və spirtli içkilərin idxalına məhdudiyyətlərin qoyulması, keyfiyyət standartları ilə bağlı iradların artması, sərhəd-keçid məntəqələrində yükdaşımalara nəzarətin sərtləşdirilməsi bunun nəticəsidir. Həm də İrəvana birbaşa siyasi mesajdır. Əslində, bu addımlar texniki deyil, siyasi xarakter daşıyır və Ermənistanın ixracat potensialına zərbə vurmaqla daxili bazarda sosial-iqtisadi gərginlik yaratmaq məqsədi güdür.
* * *
Ermənistan iqtisadiyyatı üçün ən böyük strateji təhdid enerji sektorunda yaranıb. Ölkənin təbii qaza tələbatını, demək olar ki, hamısını Rusiya təmin edir. Cari geosiyasi böhran fonunda qiymətlərdə mümkün artım və ya əvvəllər tətbiq edilən güzəştlərin ləğv olunması riski İrəvanın qarşısında duran ən həssas məsələdir.
Bununla yanaşı, Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində də siyasi siqnallar göndərməkdə davam edir. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Ermənistan, eyni zamanda, həm Aİ ilə inteqrasiya edib, həm də Rusiyanın rəhbərlik etdiyi iqtisadi blokun (Aİİ) tamhüquqlu üzvü kimi fəaliyyət göstərə bilməz. Bu yanaşma İrəvan qarşısında açıq geosiyasi seçim dilemması yaradır.
Bu çərçivədə Aİ Ermənistan üçün yalnız siyasi deyil, həm də iqtisadi alternativ formalaşdırmağa çalışır. Marta Kosun açıqlamalarına görə, Aİ ölkəyə əlavə dəstək mexanizmlərini genişləndirməyi və yeni iqtisadi əməkdaşlıq modellərini inkişaf etdirməyi planlaşdırır. Məqsəd Ermənistanın xarici ticarət asılılığını diversifikasiya etmək, Rusiya bazarından asılılığı azaltmaq və Avropa bazarlarına çıxış imkanlarını genişləndirməkdir. Bu çərçivədə nəqliyyat, enerji, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat sahələri prioritet istiqamətlər müəyyən edilib.
Hazırda Ermənistan üçün nəzərdə tutulan 270 milyon avroluq inkişaf proqramı isə ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsinə yönəlib. Eyni zamanda, Aİ Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında mühüm logistika və enerji dəhlizi kimi qiymətləndirir və Ermənistanın regional layihələrə inteqrasiyasını strateji məqsəd kimi görür.
Bundan başqa, son illərdə Ermənistanla Aİ arasında ticarət dövriyyəsində artımı da müşahidə olunur. Bu artım Ermənistan–Aİ münasibətlərində iqtisadi yaxınlaşmanın gücləndiyini göstərir. Məqsəd isə Ermənistan məhsullarının Rusiya bazarında asılılığını azaltmaq, Moskvanın İrəvana təsirini zəiflətməkdir. Bunun nəticəsidir ki, Rusiyanın geri qaytardığı kənd təsərrüfatı məhsullarının bir hissəsi Aİ ölkələrinə ixrac olunub. Bununla belə, ekspertlər hesab edirlər ki, Ermənistanın qısa müddətdə Rusiya iqtisadi orbitindən çıxması mümkün deyil. Enerji asılılığı, ixrac strukturunun Rusiya bazarına bağlılığı və pul köçürmələrinin böyük hissəsinin bu ölkə ilə əlaqəli olması transformasiyanı mərhələli və uzunmüddətli prosesə çevirir.
* * *
Maraqlı məqamlardan biri də Rusiyanın Ermənistana təzyiqlərinin artmasının seçkiöncəsi dövrə düşməsidir. Bununla bağlı Aİ-nin Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib ki, Rusiyanın Ermənistana qarşı iqtisadi addımlarının vaxtı təsadüfi deyil. Onun sözlərinə görə, Moskva bir tərəfdən iqtisadi təzyiq göstərir, digər tərəfdən parlament seçkiləri öncəsi Ermənistanda siyasi proseslərə təsir etməyə çalışır. Aİ rəsmisi vurğulayıb ki, Ermənistan suveren, demokratik və müstəqil dövlətdir, öz inkişaf yolunu, eləcə də beynəlxalq tərəfdaşlarını sərbəst seçmək hüququna malikdir. Brüsselin mövqeyinə görə, İrəvanın strateji qərarları xarici təzyiq və təsir cəhdlərindən kənarda formalaşmalıdır. Bununla da Aİ ilk dəfə Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini açıq şəkildə gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq İlqar Hüseynli XQ-yə bildirdi ki, son hadisələr göstərir ki, Ermənistan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə, postsovet məkanının əsas geosiyasi və geoiqtisadi rəqabət meydanlarından birinə çevrilib: “Ölkə ətrafında formalaşan yeni mənzərə iqtisadi və siyasi müstəvilərdə paralel mübarizə yaradır. Moskva bir tərəfdən mövcud iqtisadi rıçaqlardan istifadə etməklə regiondakı ənənəvi təsir imkanlarını qorumağa çalışır, digər tərəfdən isə Brüssel alternativ iqtisadi və institusional imkanlar təqdim etməklə İrəvanın strateji manevr imkanlarını genişləndirməyə səy göstərir.
Məhz bu çərçivədə Marta Kosun Ermənistanla həmrəylik bəyanatı və Anitta Hipperin Moskvanın ünvanına səsləndirdiyi ittihamlar vahid siyasi xəttin tərkib hissəsidir. Brüssel bu addımlarla Ermənistanın suveren qərarvermə hüququnu müdafiə etdiyini açıq şəkildə nümayiş etdirir və ölkənin xarici siyasət seçiminin kənar müdaxilələrdən azad olmalı olduğunu vurğulayır”.
Beləliklə, Ermənistanın Avropaya doğru yönəlmək cəhdləri regional asılılıq zəncirini qırmağı hədəfləsə də, bu keçid dövrü İrəvan üçün ciddi iqtisadi sınaqlarla müşayiət olunur. Aİ-nin vəd etdiyi maliyyə dəstəyinin bu riskləri nə dərəcədə kompensasiya edə biləcəyi və vəd edilən mexanizmlərin nə vaxr praktik müstəviyə keçəcəyi yaxın dövrün əsas suallarındandır. Bütün bunlar göstərir ki, yaxın aylarda regional rəqabət daha da kəskinləşəcək. Xüsusilə 3 gün sonrakı parlament seçkiləri təkcə ölkədaxili siyasi proses deyil, regionda nüfuz uğrunda mübarizə aparan beynəlxalq güc mərkəzləri üçün sınaq rolunu oynayacaq.
Pünhan ƏFƏNDİYEV
XQ



