İrəvanın silahlandırılması geosiyasi maraqlara xidmət edir
Ermənistanın Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirməsi günümüzün reallığıdır. Hindistanda ingilis dilində gündəlik nəşr edilən və tirajına görə üçüncü qəzet olan “Times of India”nın yazdığına görə, İrəvan Azərbaycan, Türkiyə və Pakistanın yaratdığı ittifaqdan qaynaqlandığı iddia olunan təhlükələr fonunda silahlı qüvvələrini gücləndirmək məqsədilə 2020-ci ildən sonra ümumi dəyəri 2 milyard dollar olan silah alışına dair müqavilələr imzalayıb.
Bildirilir ki, Ukraynada uzanan müharibə səbəbindən Rusiyanın hərbi dəstəyinin azalması Ermənistanı təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur edib: “Müdafiə qabiliyyətini artırmaq və ordusunu müasirləşdirmək üçün İrəvan Hindistandan müasir silah sistemləri alır. Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan silahlı qüvvələrinin 3 nəfərlik nümayəndə heyəti bu yaxınlarda Hindistanın Maharaştra ştatının Naşik şəhərində yerləşən artilleriya məktəbində olub. Onlar Hindistanın hazırlıq metodikaları ilə tanış olub, həmçinin artilleriya bölmələrinin döyüş atışlarını izləyiblər. Bundan əlavə, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi, general-leytenant Edvard Asryan ötən ay Yeni Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbər şəxsləri, o cümlədən müdafiə qərargahının rəisi, general Anil Çauhan və Quru Qoşunlarının komandanı, general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar aparıb”.
Məqalədə qeyd edilib ki, Hindistan 2020-ci il müharibəsindən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib: “Həmin ildən etibarən iki ölkə arasında bağlanan və ümumi dəyəri təxminən 2 milyard dollar olan müdafiə sazişlərinə “Swathi” əks-batareya radarları, “Pinaka” çoxkalibrli yaylım atəşli reaktiv sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə kompleksləri daxildir. 2022-ci ildə isə İrəvan Hindistanın “Akash” zenit-raket kompleksinin ilk xarici sifarişçisi olub və 720 milyon dollar dəyərində müqavilə imzalayıb. “Akash” sistemlərinin tədarükünə 2024-cü ildə başlanılıb və bu komplekslər Ermənistanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını genişləndirib. Bununla yanaşı, Hindistan Ermənistanın hərbi bazalarının və mühüm infrastruktur obyektlərinin qorunması üçün xüsusi antidron sistemləri də təqdim edib. Hazırda iki ölkənin rəsmiləri hərbi hazırlıq, birgə müdafiə istehsalı və Ermənistanın Rusiya isethsalı “Su-30SM” qırıcılarının Hindistan texnologiyaları əsasında modernləşdirilməsi imkanlarını da müzakirə edirlər”.
İrəvan getdikcə daha çox müasir silah sistemləri, hərbi hazırlıq proqramları və birgə müdafiə istehsalı layihələri üçün Yeni Dehliyə üz tutur. Bu isə Hindistanı Cənubi Qafqazda qüvvələr nisbətinə təsir göstərən mühüm aktorlardan birinə çevirir.
* * *
“Times of India”nın yazdıqlarının şərhinə keçməzdən öncə, qeyd edək ki, Hindistan mediasında vaxtaşırı olaraq İrəvanla Yeni Dehli arasında yeni irimiqyaslı silah sazişi ilə bağlı danışıqların aparıldığı barədə məlumatlar yayılır. Potensial sazişə “BrahMos” operativ-taktiki raketlərinin tədarükü də daxil oluna bilər. 400–500 kilometr uzaqdakı hədəfləri vurmağa və 300 kiloqrama qədər döyüş başlığı daşımağa qadir olan “BrahMos” raketləri həm yerüstü, həm də hava platformalarından buraxıla bilir. Hindistan bu raketləri müdafiə sənayesinin ən mühüm nailiyyətlərindən biri kimi təqdim edir. Bu raketlərin ilk döyüş tətbiqi ötən yay Hindistan və Pakistan arasında baş vermiş qısamüddətli silahlı qarşıdurma zamanı qeydə alınıb. Yeni Dehli iddia edir ki, “BrahMos”lar vasitəsilə Pakistanın hərbi hava bazasına və komanda mərkəzinə yüksək dəqiqlikli zərbə endirilib. Hindistan tərəfi bildirir ki, Ermənistan Azərbaycanın İsraildən aldığı “LORA” operativ-taktiki raketləri ilə balans yaratmaq (?) məqsədilə “BrahMos” raketlərinə maraq göstərir.
Məqalədə əksini tapan fikirlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, Ermənistanın Hindistandan silah alışını Azərbaycan–Türkiyə–Pakistan ittifaqına qarşı addım kimi təqdim etməsi reallığı əks etdirmir. Yazıda istifadə olunan yanaşma daha çox siyasi təbliğat xarakteri daşıyır və regiondakı yeni reallığı nəzərə almır. Əvvəla, Ermənistanı hansısa Azərbaycan–Türkiyə–Pakistan hərbi blokunun təhdid etdiyi barədə iddialar əsassızdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda əsas məqsəd davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və normal qonşuluq münasibətlərinin qurulmasıdır. Türkiyə də bu prosesə açıq dəstək verir. Pakistanın Azərbaycanla yaxın münasibətləri isə heç vaxt Ermənistana qarşı hərbi planlar kontekstində təqdim olunmayıb.
Digər tərəfdən, son bir ildə bölgədə baş verən hadisələr tamamilə fərqli mənzərə ortaya qoyur. Bakı və İrəvan artıq sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətnini razılaşdıraraq paraflayıblar. Tərəflər təxminən 10 aya yaxındır ki, hərbi toqquşmalar olmadan yaşayırlar. Sərhəddə əvvəlki illərlə müqayisədə daha sakit vəziyyət müşahidə olunur.
Əslində, Hindistanın Ermənistana artan marağına başqa prizmadan baxmaq lazımdır. Son illər Yeni Dehli ilə İslamabad arasında gərginlik artıb. Bu fonda Hindistan Pakistanın yaxın tərəfdaşları olan Azərbaycan və Türkiyənin mövqelərini də diqqətlə izləyir. Ermənistan isə Hindistan üçün Cənubi Qafqazda müəyyən dayaq nöqtəsi rolunu oynaya biləcək ölkə kimi görünür. Başqa sözlə, prosesə yalnız Ermənistanın təhlükəsizlik ehtiyacları prizmasından deyil, Hindistanın geosiyasi maraqları baxımından da yanaşmaq lazımdır.
Fəqət Cənubi Qafqazın gələcəyini silah yarışları deyil, siyasi razılaşmalar müəyyənləşdirəcək. Son illər göstərdi ki, bölgədə sabitlik üçün ən vacib amil Bakı ilə İrəvan arasında birbaşa dialoqdur. Həmin dialoq davam etdiyi müddətdə kənardan gətirilən silah sistemləri və ya müxtəlif geosiyasi hesablamalar həlledici rol oynaya bilməz. Tarix dəfələrlə sübut edib ki, qonşularla münasibətlərin normallaşdırılması hər hansı silah müqaviləsindən daha davamlı nəticələr verir. Ermənistanın iqtisadi inkişafı, regional layihələrə qoşulması və nəqliyyat əlaqələrinin açılması onun gələcəyi üçün daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan “Times of India”nın yaratmağa çalışdığı “Azərbaycan–Türkiyə–Pakistan ittifaqına qarşı Ermənistan–Hindistan əməkdaşlığı” təsviri müəyyən qədər şişirdilmiş görünür. Reallıqda bölgənin gündəliyində əsas mövzu yeni qarşıdurma deyil, sülh prosesinin tamamlanmasıdır. Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmalar göstərir ki, tərəflər müharibə səhifəsini bağlamağa çalışırlar.
Nəticə etibarilə qeyd etmək lazımdır ki, Hindistanın Ermənistanla hərbi əməkdaşlığı iki dövlətin suveren seçimidir. Lakin bunu Ermənistanın, guya Azərbaycan, Türkiyə və Pakistan tərəfindən mühasirəyə alındığı tezisi ilə əsaslandırmaq doğru deyil. Bu gün regionda əsas həqiqət ondan ibarətdir ki, Bakı və İrəvan sülh sazişinin imzalanmasına əvvəlkindən daha yaxındırlar. Belə bir şəraitdə qarşıdurma ssenarilərini ön plana çıxarmaqdan daha çox, yaranmış sülh imkanlarını möhkəmləndirmək vacibdir. Cənubi Qafqazın gələcəyini müəyyən edəcək amil məhz budur.
Səxavət HƏMİD
XQ

