Sülhə, hüquqa və ədalətə söykənən qayıdış

post-img

Qərbi Azərbaycan həqiqətləri elmi tribunalardan səslənir

Dünən Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans keçirildi.

Çıxışlarda bildirildi ki, konfrans Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi, diplomatik və elmi əsasların formalaşdırılmasına xidmət edir.

BDU-nun rektoru Elçin Babayev qeyd etdi ki, 2020-ci ildə əldə olunan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycanın inkişafında yeni mərhələ yaradıb. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ölkənin gücünü nümayiş etdirir. O, vurğuladı ki, bu uğurlar Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası məsələsini də aktuallaşdırır. Rektor Prezident İlham Əliyevin “Söhbət tanklarla qayıdışdan getmir, sülh yolu ilə, ləyaqətli və təhlükəsiz qayıdışdan gedir” fikrini xatırladaraq XXI əsrdə tarixi ədalətin hüquq, diplomatiya və beynəlxalq mexanizmlər vasitəsilə təmin olunmasının vacibliyini önə çəkdi.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli vurğuladı ki, Qərbi Azərbaycanla bağlı vəzifələrin icrasında elm və təhsil sistemi mühüm rol oynayır. O qeyd etdi ki, arxiv materiallarının araşdırılması, tarixi faktların beynəlxalq ictimaiyyətə elmi əsaslarla təqdim edilməsi və Qayıdış Konsepsiyasına uyğun dərsliklərin hazırlanması əsas prioritetlərdəndir.

ADPU-nun prorektoru, professor Mahirə Hüseynova bildirdi ki, son illərdə bir sıra ali təhsil müəssisələrində Qərbi Azərbaycanın tarixi, folkloru və toponimikası ilə bağlı seçmə fənlər tədris olunur. Hazırlanan dərsliklər və müxtəlif ölkələrdə nəşr edilən əsərlər tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli konfransın qayıdış hərəkatına mühüm töhfə verdiyini dedi. Sədr qeyd etdi ki, icmanın məqsədi soydaşlarımızın dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasını təmin etməkdir. Əziz Ələkbərli Prezident İlham Əliyevin dəstəyinin bu istiqamətdə fəaliyyətə yeni dinamika qazandırdığını, Qayıdış Konsepsiyasının isə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hazırlandığını bildirdi.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım qayıdış tələbinin regional sülh və tarixi ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Milli Məclis sədrinin müavini Musa Qasımlı çıxışında dövlət başçısının müəyyən etdiyi strategiyanın tarixi faktlara söykəndiyini və məqsədlərə çatmağa xidmət etdiyini vurğuladı.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, akademiyada Qərbi Azərbaycanın tarixi, folkloru, toponimiyası və əlyazmalarının araşdırılması üçün xüsusi elmi bölmələr yaradılıb. Hazırda ensiklopediya hazırlanır, toponimlərin dəyişdirilməsi ilə bağlı faktlar araşdırılır və əldə olunan nəticələr xarici dillərdə nəşr edilərək beynəlxalq ictimaiyyətə təqdim olunur.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini Vaqif Şadlinski bildirdi ki, qayıdış ideyası uzun və mürəkkəb bir yol keçsə də, gələcəyə inam böyükdür. Onun sözlərinə görə, əsas məqsəd tarixi yurdların dinc yolla bərpası və gələcək nəsillərin həmin torpaqlara qayıdışının təmin edilməsidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov deportasiya faktlarının beynəlxalq hüquqi müstəvidə qiymətləndirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, 1987–1991-ci illərdə yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulması beynəlxalq hüquq normalarının pozulması ilə müşayiət olunub. O, qaçqınların geri qayıtmaq hüququnun beynəlxalq hüquqi mexanizmlər vasitəsilə müdafiə edilməsinin zəruriliyini diqqətə çatdırdı.

“Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusunda keçirilən panel sessiyada moderator Fariz İsmayılzadə, eləcə də Şamil Ayrım, Fərhad Hüseynov və Şiraz Mehmood Xan çıxış edərək qayıdış prosesinin Cənubi Qafqazda sabitlik və davamlı sülh üçün mühüm amil olduğunu qeyd etdilər.

Konfrans çərçivəsində Bakı Dövlət Universiteti ilə Qərbi Azərbaycan İcması arasında anlaşma memorandumu imzalandı. Sənəd elmi-tədqiqat, təhsil, mədəni irsin qorunması, tarixi faktların araşdırılması və beynəlxalq səviyyədə təqdim olunması istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Memorandum həmçinin toponimika, coğrafi tədqiqatlar və insan kapitalının inkişafı sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradır.

Beynəlxalq elmi konfransın iştirakçısı Şiraz Mehmood Xan XQ-yə eksklüziv açıqlamasında bunları söylədi:

– “Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn, insan hüquqlarının və regional sabitliyin mühüm komponentidir. Dünyanın müxtəlif bölgələrində məcburi köçkünlərin geri qayıdış hüququ tanındığı kimi, Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ mövcuddur. Hesab edirəm ki, bu məsələnin elmi və hüquqi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Y.ŞƏRİFZADƏ
XQ

Son xəbərlər