Ukraynalı uşaqlara yardım xalqımızın insanpərvərliyindən qaynaqlanır
XXI əsrin geosiyasi reallıqları göstərir ki, humanitar fəaliyyət, sosial məsuliyyət və sülh təşəbbüsləri ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm amillərdir. Xüsusilə müharibələrin, silahlı münaqişələrin və humanitar böhranların artdığı bir dövrdə insanların rifahına yönəlmiş addımlar dövlətlərin qlobal nüfuzuna və etibarlılığına birbaşa təsir göstərir. Ona görə humanitar diplomatiya artıq beynəlxalq siyasətin strateji istiqamətlərindən biri hesab olunur.
Son illər Azərbaycan məhz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək regional və beynəlxalq səviyyədə humanitar təşəbbüslərin fəal iştirakçısına çevrilib. Ölkənin müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi təşəbbüslər, humanitar layihələrə verdiyi töhfələr, təbii fəlakətlərdən və müharibələrdən zərər görən insanlara göstərdiyi dəstək beynəlxalq münasibətlər sistemində məsuliyyətli tərəfdaş kimi mövqeyimizi daha da gücləndirib.
İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həyata keçirilən növbəti humanitar layihə də bu siyasətin davamlı xarakter daşıdığını göstərən mühüm hadisə kimi diqqət çəkir. Layihə çərçivəsində Ukraynadan olan qaçqın ailələrin uşaqlarından ibarət daha bir qrup reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İlk baxışda humanitar yardım aksiyası kimi görünən təşəbbüs, əslində, daha geniş siyasi və mənəvi məna daşıyır. Çünki müharibədən zərər çəkmiş uşaqların psixoloji və sosial dəstək alaraq normal həyata adaptasiya olunması beynəlxalq humanitar həmrəyliyin konkret nümunəsidir.
Məlumdur ki, müharibələr ən ağır zərbəni həmişə uşaqlara vurur. Onlar fiziki təhlükələrlə yanaşı, psixoloji travmalar, sosial təcrid, təhsil imkanlarının məhdudlaşması və gələcək perspektivlərin qeyri-müəyyənliyi ilə üzləşirlər. Buna görə də beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən həyata keçirilən reabilitasiya proqramları müasir humanitar siyasətin ən vacib istiqamətlərindən biri hesab olunur. Azərbaycanın ukraynalı uşaqlar üçün təşkil etdiyi proqramlar məhz bu məqsədə xidmət edir. Təşəbbüsün diqqətçəkən tərəflərindən biri onun epizodik xarakter daşımamasıdır. Son illər belə proqramlar mütəmadi şəkildə həyata keçirilib və artıq sistemli humanitar fəaliyyət modelinə çevrilib. Rəsmi məlumatlara görə, indiyədək 630-dan çox ukraynalı uşaq Azərbaycanda müxtəlif reabilitasiya proqramlarından yararlanıb.
Humanitar diplomatiya, eyni zamanda, xalqlar arasında etimadın formalaşdırılmasına, dövlətlər arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə və beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edir. Azərbaycanın həyata keçirdiyi təşəbbüslər məhz belə nəticələr doğurur. Reabilitasiya proqramlarında iştirak edən uşaqlar və onların ailələri ölkəmizə təhlükəsiz, tolerant və humanist məkan kimi baxmağa başlayırlar.
Humanitar yardım göstərilən şəxslərin milli, dini, etnik və ya siyasi mənsubiyyətinə görə fərqləndirilməməsi müasir hüququn əsas prinsiplərindən biridir. Azərbaycan da məhz bu yanaşmanı rəhbər tutur. Yardım proqramları insan amilindən çıxış edərək həyata keçirilir. Bu isə ölkənin beynəlxalq humanitar fəaliyyətinə əlavə legitimlik qazandırır. Azərbaycan uzun illər ərzində multikulturalizm, dini tolerantlıq və mədəni müxtəlifliyin təşviqi istiqamətində mühüm addımlar atıb. Bakıda keçirilən beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq təşəbbüsləri, müxtəlif dini və etnik qrupların dinc-yanaşı yaşamasını təmin edən mühit ölkənin bu sahədəki siyasətinin əsas sütunlarını təşkil edir. Ukraynalı uşaqlar üçün həyata keçirilən reabilitasiya proqramı da həmin siyasətin beynəlxalq humanitar ölçüdə davamı kimi qiymətləndirilə bilər.
Qlobal siyasətdə humanitar təşəbbüslərin əhəmiyyəti son illər daha da artıb. BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlar münaqişələrin həllində siyasi mexanizmlərin kifayət etmədiyini vurğulayırlar. İnsanların sosial rifahının təmin olunması, travmaların aradan qaldırılması və gələcək nəsillərin müdafiəsi davamlı sülhün əsas şərtlərindən biri hesab edilir. Bu mənada, uşaqların reabilitasiyasına yönəlmiş layihələr həm də sülhyaratma xarakteri daşıyır. Azərbaycanın təşəbbüsü məhz eyni aspektdən xüsusi əhəmiyyət kəsb edir. Müharibənin təsirlərini yaşamış uşaqların sosial adaptasiyası onların gələcəkdə daha sağlam və təhlükəsiz mühitdə inkişaf etməsinə imkan yaradır.
Azərbaycanın humanitar siyasətinin daha bir mühüm xüsusiyyəti onun ardıcıllığıdır. Ölkəmiz Ukraynadan başqa, müxtəlif regionlarda baş vermiş humanitar böhranlar zamanı yardım proqramlarında iştirak edib. Pandemiya dövründə müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara göstərilən dəstək, təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə humanitar yardımlar, inkişaf etməkdə olan dövlətlərlə əməkdaşlıq proqramları bu siyasətin geniş coğrafiyasını göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar məsuliyyət prinsipinə sadiqliyini təsdiqləyir. Bu gün dünya yeni çağırışlarla üz-üzədir. Regional münaqişələr, humanitar böhranlar, məcburi köçkünlük və qaçqın problemləri milyonlarla insanın həyatına təsir göstərir. Belə şəraitdə humanitar diplomatiya dövlətlər arasında körpü rolunu oynayır, siyasi ziddiyyətlərin yaratdığı boşluğu insan həmrəyliyi ilə doldurmağa çalışır. Azərbaycanın son illərdəki fəaliyyəti göstərir ki, ölkəmiz bu prosesdə fəal iştirakçı kimi çıxış edir.
İnsan hüquqlarına hörmət, tolerantlıq, inklüzivlik və sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyət Azərbaycanın humanitar diplomatiya sahəsində formalaşdırdığı modelin effektivliyini göstərir. Çünki uşaqların müdafiəsinə yönəlmiş hər bir addım, əslində, gələcəyin müdafiəsinə yönəlib. Ölkəmiz bu missiyanı həyata keçirərək regional sülhə, beynəlxalq həmrəyliyə və qlobal humanitar dəyərlərin təşviqinə mühüm töhfə verməyə davam edir.
Tacir SADIQOV
XQ


