Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası
Dövlətlərin xarici siyasət strategiyasının və milli təhlükəsizlik arxitekturasının formalaşması prosesində lider amili hər zaman həlledici rol oynayır. Geosiyasi təzyiqlər qarşısında suverenliyin qorunması resursları milli güc elementinə çevirmək qabiliyyəti ilə sıx bağlıdır. Müstəqilliyin ilk illərində daxili xaos, iqtisadi sarsıntı və hərbi-siyasi böhranla üzləşən Azərbaycan dövləti üçün xilas yolunun müəyyənləşdirilməsi məhz müdrik rəhbərin uzaqgörən qərarları sayəsində mümkün oldu. Keçmiş sovet məkanında cərəyan edən xaotik geosiyasi proseslər fonunda respublikanın gələcək taleyi barədə suallar yaranan məqamda daxili siyasi sabitliyin bərqərar olması və ardınca reallaşdırılan enerji strategiyası milli qurtuluş modelinin əsas sütunlarını təşkil etdi.
Azərbaycanın müasir siyasi tarixində 4 iyun 1993-cü il Gəncə hadisələri dövlətçiliyin varlığına bilavasitə təhdid yaradan ən böyük sınaqlardan hesab olunur.
Həmin gün Gəncədə yerləşən hərbi hissənin tərkisilah edilməsi məqsədilə həyata keçirilən hökumət əməliyyatı uğursuzluqla nəticələndi və silahlı toqquşmaya çevrildi. Mərkəzi rəhbərliyin göndərdiyi qüvvələrlə yerli hərbi qruplaşmalar arasında baş verən qanlı qarşıdurma çoxlu insan tələfatına yol açdı. Qarşıdurmanın ardınca mərkəzi hakimiyyətə tabe olan rəsmi şəxslər girov götürüldü və dövlətin güc strukturları regional səviyyədə tamamilə iflic vəziyyətinə düşdü. Gəncədə nəzarəti ələ keçirən silahlı qruplar mərkəzi hökumətin istefasını tələb edərək paytaxt istiqamətində hərəkətə başladılar. Yaranmış vəziyyət respublikada hərbi-siyasi böhranın ən pik həddə çatdığını təsdiqlədi.
Gəncədən başlayan silahlı yürüş qarşısında mərkəzi hakimiyyətin hər hansı maneə törətmək iqtidarında olmaması dövlətin müdafiə qabiliyyətinin tamamilə çökdüyünü nümayiş etdirdi. Silahlı hərbi qüvvələr yol boyu yerləşən rayonlarda yerli idarəetmə orqanlarını neytrallaşdıraraq mərkəzə doğru irəlilədi. Eyni zamanda, düşmənlə cəbhə xəttindəki bəzi hərbi hissələr döyüş mövqelərini tərk edərək paytaxtdakı siyasi çəkişmələrə qoşulmaq üçün geri çəkildi. Həmin addım Azərbaycan torpaqlarının müdafiəsiz qalmasına və xarici hərbi təcavüzün daha da genişlənməsinə şərait yaratdı. Regional idarəetmənin tamamilə itməsi, ərazilərin işğal təhlükəsi altında qalması və silahlı dəstələrin paytaxtın astanasına qədər gəlib çatması ölkədə vətəndaş qarşıdurmasını qaçılmaz həddə çatdırdı.
Paytaxt Bakıda isə mərkəzi idarəetmə institutlarında tam xaos və qərarsızlıq hökm sürürdü. Hadisələrin miqyasını qiymətləndirə bilməyən rəsmi idarəçilər ard-arda istefa verməyə başladılar. Hökumət rəhbərliyi, ardınca isə parlament sədri yaranmış gərginlik fonunda vəzifələrindən uzaqlaşdı. Beləliklə, dövlətin icraedici və qanunverici orqanlarında dərin idarəçilik vakuumu yarandı. Ölkəni idarə etməli olan qurumlar, faktiki olaraq, fəaliyyətlərini “dondurdu”, qanunların icrası mexanizmi tamamilə sıradan çıxdı. Dövlət təsisatlarının süqutu fonunda hüquq-mühafizə orqanları silahlı qruplaşmalar qarşısında aciz qaldı və asayişin qorunması qeyri-mümkün hala gəldi.
Üstündən 33 il keçəndən sonra həmin tarixi böhrana nəzər salanda, müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın necə ağır və təhlükəli sınağa çəkildiyi, hakimiyyət vakuumunda qaldığı tam aydınlığı ilə üzə çıxır. Xarici hərbi-siyasi təzyiqlərin artdığı, torpaqların işğala məruz qaldığı həmin şəraitdə daxildə gedən hakimiyyət davası və səbatsız rəhbərliyin yol verdiyi kobud strateji səhvlər ölkəni vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdı. Gəncədə baş verən silahlı qarşıdurma mərkəzi hakimiyyətin respublika hüdudlarında nəzarəti tamamilə itirdiyini göstərdi. Silahlı dəstələrin özbaşınalığlı, regional separatizm iddialarının baş qaldırması və daxili siyasi qrupların hakimiyyət naminə dövlət maraqlarını qurban verməsi Azərbaycanı böyük fəlakətlə üz-üzə qoydu. Belə vəziyyətdə cəmiyyətin dövlətə inamı tamamilə sarsıldı, orduda ümumi idarəetmə itdi, dövlət təsisatları iflic vəziyyətinə düşdü.
Yaranmış regional və daxili təhdidlər şəraitində müstəqil dövlətçilik təcrübəsindən uzaq olan rəhbərliyin böhranı idarə edə bilməməsi fəlakətin miqyasını daha da genişləndirdi. Siyasi səriştəsizlik daxili idarəetmə problemləri ilə məhdudlaşmır, həm də xarici dövlətlərlə münasibətlərdə balanslaşdırılmış xəttin yoxluğundan qaynaqlanırdı. Ölkənin hərbi münaqişə vəziyyətində olması fonunda daxildə gedən hakimiyyət davası kənar qüvvələrin daxili işlərə müdaxilə imkanlarını genişləndirdi. Regional güclərin maraqlarının toqquşduğu Cənubi Qafqazda güclü və uzaqgörən rəhbərliyin yoxluğu dövlətin həm suverenliyini, həm də ərazi bütövlüyünü tamamilə itirmək riskini reallaşdırdı. Cəmiyyətdə formalaşan dərin inamsızlıq və parçalanma meyilləri vətəndaş qarşıdurmasını qaçılmaz edirdi. Məhz belə mürəkkəb və acınacaqlı vəziyyətdən çıxış yolu tapmaq, dövlətin sükanını qətiyyətli şəkildə idarə etmək tələb olunurdu. Dövlətçiliyin mövcudluğunu qorumaq üçün həlledici addımların atılması, milli maraqları hər şeydən üstün tutan liderin xilaskar rolunda səhnəyə çıxmasını zəruri etdi.
* * *
Tarixi hadisələrin axarı göstərdi ki, 4 iyun hadisələrindən sonra ölkədə yaranmış idarəolunmaz vəziyyət milli dövlətçiliyin tamamilə süquta uğraması təhlükəsini yaratmışdı. Respublika rəhbərliyinin acizliyi və hadisələrin qarşısını almaq iqtidarında olmaması cəmiyyətdə böyük ümidsizlik yaratdı.
Belə çətin məqamda xalqın yeganə ümidi blokada şəraitində olan Naxçıvanda fəaliyyət göstərən, çətin geosiyasi sınaqlardan uğurla çıxmış Heydər Əliyevin siyasi təcrübəsinə və xilaskarlıq missiyasına yönəldi. İctimaiyyətin müxtəlif təbəqələri, ziyalılar, həmçinin dövlət idarəçiliyində olan şəxslər yaranmış fəlakətdən qurtulmağın tək yolunu Heydər Əliyevin Bakıya çağırılmasında və hakimiyyətə qayıtmasında görürdülər. Heydər Əliyevin Bakıya dəvət edilməsi xalqın milli iradəsinin təzahürü idi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin paytaxta gəlişi gərginliyi nisbətən azaltsa da, real təhlükələr hələ də qalırdı. Heydər Əliyev hərbi toqquşmaların baş verdiyi bölgələrə, o cümlədən Gəncəyə gedərək hadisələri yerində araşdırdı, tərəflərlə bilavasitə danışıqlar apardı və qardaş qırğınının qarşısını almaq üçün təxirəsalınmaz addımlar atdı. Müdrik dövlət xadiminin qətiyyəti sayəsində silahlı qarşıdurmanın miqyası kiçildi, xaos mərhələli şəkildə idarəolunan məcraya salındı. 15 iyun 1993-cü ildə isə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni siyasi eranın əsası qoyuldu. Həmin tarixi qayıdış dövlətin parçalanmasının qarşısını aldı, milli həmrəyliyi təmin etdi və gələcək sabitliyin hüquqi, siyasi bünövrəsini yaratdı.
Yusif ŞƏRİFZADƏ
XQ

