Sosial müdafiə dayanıqlı inkişafa təkan verir
Ermənistanın işğal siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma torpaqlarından didərgin düşdü, minlərlə ailə ev-eşiyini, təsərrüfatını, həyat tərzini itirdi. Lakin Azərbaycan dövləti bu ağır sınaq qarşısında vətəndaşlarını taleyin ümidinə buraxmadı, 30 illik bir dövr ərzində məcburi köçkün probleminə ən mürəkkəb sosial məsələlərdən – dövlət siyasətinin əsas prioritetlərindən biri kimi həssaslıqla yanaşaraq çətinlikləri aradan qaldırdı.
Bu gün isə ölkəmiz tamamilə yeni bir reallıq yaşayır. Qarabağ və Şərqi Zəngəzur azaddır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış massivləri inşa edilir. Ən əsası isə insanlar öz doğma torpaqlarına qayıdırlar. Məhz buna görə də məcburi köçkünlərlə bağlı dövlət siyasəti yeni mərhələyə qədəm qoyur.
Dövlət qayğısının 30 illik salnaməsi
Məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində görülən işlərin miqyası ölkəmizin sosial siyasət tarixində xüsusi yer tutur. Təkcə son iki onillikdə bu sahəyə milyardlarla manat vəsait yönəldilib. Çadır düşərgələri, vaqon şəhərcikləri və digər ağır məskunlaşma məntəqələri mərhələli şəkildə ləğv olunub, yüz minlərlə insan yeni mənzillərlə təmin edilib.
Respublikada 121 yeni qəsəbə və yaşayış kompleksi salınıb, 62 mindən çox ailənin yaşayış şəraiti yaxşılaşdırılıb. Minlərlə gəncin təhsil haqqı dövlət tərəfindən ödənilib, yüz minlərlə insan məşğulluq proqramlarına cəlb olunub, sahibkarlıq fəaliyyətinə dəstək göstərilib. Bu siyasətin nəticəsi statistik göstəricilərdə də aydın görünür. Vaxtilə məcburi köçkünlər arasında yüksək olan yoxsulluq səviyyəsi kəskin şəkildə azalıb. Bu, dövlət dəstəyinin formal deyil, real nəticələr doğurduğunu göstərir.
Bu gün həyata keçirilən Böyük Qayıdış proqramının mahiyyəti əvvəlki dövrlərdən köklü şəkildə fərqlənir. Əgər vaxtilə məqsəd insanların sosial müdafiəsini təmin etmək idisə, indi əsas vəzifə onların doğma torpaqlarında dayanıqlı həyat qurmasına şərait yaratmaqdır. Ağalı, Laçın, Zabux, Füzuli, Şuşa, Talış və digər yaşayış məntəqələrində aparılan quruculuq işləri göstərir ki, söhbət təkcə ev tikintisindən getmir. Burada yeni sosial model formalaşdırılır. Müasir məktəblər, xəstəxanalar, rəqəmsal xidmətlər, kommunal infrastruktur, ictimai məkanlar və məşğulluq imkanları paralel şəkildə yaradılır.
Sosial müdafiədən sosial inteqrasiyaya
Bu gün dövlətin məqsədi insanları uzunmüddətli yardım alan kateqoriya kimi saxlamaq deyil. Əksinə, onların öz evinin sahibi, öz təsərrüfatının qurucusu, sahibkarı və iqtisadi həyatın fəal iştirakçısına çevrilməsini təmin etməkdir. Elə buna görə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasətin əsas fərqləndirici cəhəti sosial yardım prinsipindən sosial inteqrasiya modelinə keçiddir.
Məhz bu baxımdan yeni yaşayış məntəqələrində mülkiyyət hüququ mühüm önəm daşıyır. Çünki insan öz evinin sahibi olduqda həmin torpaqla bağlılığı daha da möhkəmlənir, gələcəyini həmin ərazidə qurmağa üstünlük verir. Belə bir yanaşma isə həm sosial məsuliyyət hissini artırır, həm də yerli icmaların formalaşmasına və bölgələrin dayanıqlı inkişafına xidmət edir.
Qayıdış prosesinin uğuru təkcə tikinti və infrastruktur layihələri ilə ölçülmür. Qarabağ və Şərqi Zəngəzurun gələcəyini müəyyən edəcək əsas amil insan kapitalıdır. Məcburi köçkün ailələrinin övladlarının təhsil imkanlarının qorunması istiqamətində uzun illər ərzində həyata keçirilən siyasət də məhz bu yanaşmaya əsaslanılaq uğurla davam etdirilir.
Minlərlə tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi gələcək Qarabağın peşəkar kadr bazasının formalaşdırılmasını sürətləndirir. Başqa sözlə, yeni məktəblərin istifadəyə verilməsi, peşə hazırlığı proqramlarının reallaşdırılması, rəqəmsal təhsil imkanlarının yaradılması və müasir tədris infrastrukturunun qurulması bölgənin uzunmüddətli inkişafını şərtləndirir.
Yeni dövrün çağırışı
Tarix göstərir ki, insanların hər hansı ərazidə daimi məskunlaşmasının əsas şərtlərindən biri məşğulluqdur. Çünki iş yeri olmayan yerdə dayanıqlı həyat qurmaq çox çətindir. Buna görə də hazırda Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı, turizm, xidmət sektoru, emal sənayesi, logistika və kiçik sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Sənaye parkları, yaşıl enerji layihələri və yeni iqtisadi zonalar bölgənin iqtisadi xəritəsini getdikcə dəyişir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə hər səfəri yeni obyektlərin təməllərinin atılması və ya inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur. Qarabağ və Şərqi Zəngəzura səfərlər zamanı dövlətimizin başçısının doğma evlərinə geri dönən sakinlərlə görüşlərdə səsləndirdiyi fikirlər, verdiyi mesajlar xüsusilə əhəmiyyəti ilə diqqət çəkir.
İşğaldan azad edilmiş ərazilərdə düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur. Bu istiqamətdə Heydər Əliyev Fondu da xüsusi fəallıq göstərir, vaxtilə ermənilər tərəfindən dağıdılmış milli və mənəvi irsimizin bərpasına layiqli töhfələr verir. Fondun xüsusən Qarabağın mirvarisi olan Şuşa şəhərində həyata keçirdiyi quruculuq layihələri bu qədim yurd yerimizin tarixi şöhrətini və özünəməxsus ənənələrini özünə qaytarır.
Məcburi köçkün statusu işğal dövrünün yaratdığı fövqəladə vəziyyətin hüquqi ifadəsi idi. Hazırda isə Azərbaycan artıq postmünaqişə mərhələsinə daxil olub. Buna görə də hüquqi və sosial mexanizmlərin yeni reallıqlara uyğunlaşdırılması təbii prosesdir. Burada əsas məqam dövlət dəstəyinin aradan qaldırılması deyil, onun yeni məzmun qazanmasıdır. Sosial müdafiə tədbirləri uğurla həyata keçirilir, lakin onların məqsədi artıq insanları müvəqqəti şəraitdə saxlamaq yox, doğma torpaqlarında güclü və dayanıqlı həyat qurmağa yardım etməkdir.
Böyük Qayıdış proqramı məskunlaşma layihəsi olmaqla bərabər, həm də Azərbaycanın müasir tarixində həyata keçirilən ən genişmiqyaslı sosial, iqtisadi və demoqrafik transformasiya sənədidir. Bu prosesin fəlsəfəsi isə çox sadədir: məcburi köçkün anlayışını tarixə çevirmək, onun yerində isə öz torpağında yaşayan, mülkiyyət sahibi olan, çalışan, yaradan və gələcəyinə inanan vətəndaş modelini formalaşdırmaqdır.
Məhz buna görə də Böyük Qayıdış yalnız Qarabağa dönmək, dogma od-ocağı isitmək deyil. Bu, Azərbaycan dövlətinin sosial müdafiədən sosial inteqrasiyaya, müvəqqəti məskunlaşmadan dayanıqlı yaşayışa və yardım modelindən inkişaf modelinə keçidinin parlaq nümunəsidir. Bu model gələcəkdə postmünaqişə dövrünü yaşayan digər ölkələr üçün də öyrənilməli təcrübələrdən birinə çevrilə bilər.
Vaqif BAYRAMOV
XQ



