“Qoca qitə” nə üçün “Google”dan üz çevirir?

post-img

Brüsselin rəqəmsal suverenlik sınağı

Məlumdur ki, Avropa iqtisadiyyatının və dövlət institutlarının rəqəmsal infrastrukturu, əsasən, ABŞ mənşəli texnologiyalara söykənir. Sözügedən asılılıq uzun müddət texnoloji inkişafın təbii nəticəsi kimi qəbul edilsə də, geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa paytaxtlarını məsələyə fərqli baxmağa vadar edib. Bu səbəbdən Avropa Parlamenti “Google” axtarış sistemindən imtina edərək Fransanın “Qwant” platformasına üstünlük verməyi planlaşdırır.

Hadisənin siyasi, iqtisadi və geostrateji fonu göstərir ki, məsələ, sadəcə, axtarış sisteminin dəyişdirilməsi ilə bitmir. Proses Avropa İttifaqında getdikcə güclənən texnoloji suverenlik konsepsiyasının növbəti mərhələsini ifadə edir, Brüsselin rəqəmsal dünyada ABŞ texnologiya nəhənglərinin dominantlığına qarşı formalaşdırdığı uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

“Google”dan uzaqlaşmaq qərarı Aİ-nin texnoloji sahədə yeni prioritetlərini nümayiş etdirir. Qərarın əsaslandırılmasında məxfilik məsələsi xüsusi yer tutur. Avropa uzun illərdir şəxsi məlumatların qorunmasını fundamental hüquq kimi təqdim edir. Ümumi Məlumatların Mühafizəsi Qaydaları (GDPR) qəbul ediləndən sonra Avropa özünü qlobal miqyasda rəqəmsal məxfilik standartlarının əsas müəyyənedicilərindən biri kimi göstərməyə çalışıb. ABŞ texnologiya şirkətləri isə tez-tez istifadəçi məlumatlarının toplanması, emalı və kommersiya məqsədilə istifadəsi ilə bağlı tənqidlərin hədəfinə çevrilirlər. “Qwant”ın üstünlüyü məhz burada ortaya çıxır. Şirkət özünü istifadəçiləri izləməyən, şəxsi məlumatları toplamayan və fərdi profilləşdirmədən istifadə etməyən platforma kimi təqdim edir.

Avropa ilə ABŞ arasında texnologiya sahəsində münasibətlər bəzən müttəfiqlik, bəzən isə rəqabət elementləri ilə müşayiət olunub. Vaşinqton və Brüssel təhlükəsizlik, müdafiə və iqtisadi əməkdaşlıq sahələrində yaxın tərəfdaş olsalar da, rəqəmsal iqtisadiyyat mövzusunda tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Avropa rəsmiləri hesab edirlər ki, qitənin rəqəmsal bazarından əldə edilən milyardlarla avroluq gəlirin böyük hissəsi ABŞ şirkətlərinə axır. “Google”, “Microsoft”, “Amazon”, “Apple” və “Meta” kimi korporasiyalar Avropa bazarında dominant mövqeyə malikdirlər. Yerli şirkətlər isə bu rəqabətdə geri qalırlar. Bu səbəbdən Brüssel tənzimləmə siyasətindən istifadə edərək Avropa şirkətlərinə əlavə imkanlar yaratmağa çalışır.

Son illər qəbul edilən Rəqəmsal Xidmətlər, Rəqəmsal Bazarlar Aktları və süni intellektlə bağlı yeni qaydalar eyni strategiyanın elementləri hesab olunur. Bu sənədlər formal olaraq bütün şirkətlərə şamil edilməsə də, onların əsas təsir dairəsinə məhz ABŞ texnologiya nəhəngləri daxildir. Avropa beləliklə həm bazar qaydalarını sərtləşdirir, həm də öz şirkətlərinin inkişafı üçün daha əlverişli mühit formalaşdırmağa çalışır. “Qwant” bu kontekstdə daha geniş geosiyasi mənzərə ilə əlaqələndirilir. Ukrayna müharibəsi, ABŞ–Çin texnoloji qarşıdurması və qlobal iqtisadi fraqmentasiya Avropaya göstərib ki, strateji əhəmiyyət daşıyan sahələrdə həddindən artıq xarici asılılıq ciddi risklər yarada bilər.

Proseslə bağlı fikirlər də müxtəlifdir. Tənqidçilər bildirirlər ki, texnoloji suverenlik ideyası nə qədər cəlbedici səslənsə də, Avropa hələlik ABŞ şirkətləri ilə rəqabət aparacaq güclü alternativlər formalaşdırmağa nail olmayıb. “Google”un axtarış bazarındakı payı bir çox Avropa ölkəsində 90 faizdən yuxarıdır. “Microsoft”un proqram təminatları dövlət qurumlarında və özəl sektorda geniş istifadə olunur. Amazon isə bulud xidmətləri bazarında əsas oyunçulardan biridir. Belə şəraitdə yalnız siyasi qərarlar vasitəsilə texnoloji müstəqillik əldə etmək mümkün görünmür. Bunun üçün milyardlarla avro investisiya, innovasiya mühiti, yüksək ixtisaslı kadr potensialı və qlobal miqyasda rəqabət qabiliyyətli şirkətlərin formalaşdırılması tələb olunur.

Maraqlıdır ki, Avropanın bu siyasəti ABŞ-da da diqqətlə izlənilir. Vaşinqton rəsmiləri açıq şəkildə etiraz etməsələr də, bəzi dairələrdə Avropa tənzimləmələrinin ABŞ şirkətlərini hədəfə aldığı barədə fikirlər səslənir. Onların qənaətincə, Avropa yeni texnoloji liderlər yaratmaq əvəzinə mövcud qlobal liderlərin fəaliyyətini məhdudlaşdırmağa çalışır. Brüssel isə bu iddiaları rədd edərək məqsədin ədalətli rəqabət mühiti yaratmaq olduğunu vurğulayır.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Avropa Parlamentinin Google əvəzinə Fransanın Qwant axtarış sisteminə üstünlük verməsi təsadüfi qərar deyil. Bu addım Avropa İttifaqının məxfilik və məlumat təhlükəsizliyi üzrə çağırışları nəzərə alaraq son illərdə ardıcıl şəkildə həyata keçirdiyi rəqəmsal suverenlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, müasir dövrdə rəqəmsal texnologiyalar, internet platformaları, bulud xidmətləri və süni intellekt sahəsində qlobal bazara, əsasən, ABŞ və Çin mənşəli şirkətlər nəzarət edirlər. Danılmaz faktdır ki, axtarış sistemləri, sosial şəbəkələr, əməliyyat sistemləri, elektron ticarət platformaları və süni intellekt həlləri sahəsində dominant mövqe tutan “Google”, “Meta”, “Microsoft”, “Amazon”, “Apple” ABŞ üçün, “Baidu”, “Alibaba” və “Tencent” isə Çin üçün iqtisadi layihələr olmaqla yanaşı, həm də informasiya və geosiyasi təsir imkanları yaradırlar.

Bu vəziyyət dünyanın bir çox ölkələrində, xüsusilə də Aİ-də müəyyən narahatlıq yaradır. Çünki məlumatların təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, rəqəmsal asılılıq və milli təhlükəsizlik məsələləri ön plana çıxır. Məhz buna görə Aİ son illər rəqəmsal məkanın tənzimlənməsi istiqamətində mühüm addımlar atır. GDPR (Ümumi Məlumatların Qorunması Qaydaları), Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazarlar Aktı (DMA) kimi hüquqi mexanizmlər tətbiq edərək texnologiya nəhənglərinin fəaliyyətini daha şəffaf və məsuliyyətli etməyə çalışır. Eyni zamanda, Avropa ölkələri strateji əhəmiyyət daşıyan rəqəmsal xidmətlər üzrə öz alternativlərini yaratmağa çalışırlar.

“Qwant”ın seçilməsi bu siyasətin praktik nümunəsidir. Fransada yaradılmış axtarış sistemi istifadəçi məlumatlarının məxfiliyinə xüsusi önəm verməsi və fərdi məlumatların kommersiya məqsədilə geniş şəkildə emal edilməməsi ilə fərqlənir. Avroparlamentin bu seçimi etməsi həm texniki, həm də siyasi mesaj daşıyır. Mesaj ondan ibarətdir ki, Avropa öz rəqəmsal infrastrukturunu formalaşdırmaq və xarici texnologiya nəhənglərindən asılılığı azaltmaq niyyətindədir.

Məlumat üçün qeyd edim ki, bu yöndə sistemli addım atan ölkələr təkcə Aİ üzvü olan dövlətlərdən ibarət deyil. Məsələn, Rusiya hələ 2019-cu ildə “İnternetin suverenliyi haqqında” qanun qəbul edib və indi Avropa İttifaqının reallaşdırdığı proqramları o da ötən 7 il ərzində öz ərazisində reallaşdırmağa çalışıb. Bu cür nümunələrin sayı çoxdur.

Hesab edirəm ki, qeyd edilən prosesi ABŞ-a qarşı yönəlmiş addım kimi deyil, strateji özünütəminetmə siyasəti kimi qiymətləndirmək daha doğru olardı. Necə ki, dövlətlər enerji, ərzaq və müdafiə təhlükəsizliyi sahələrində müstəqillik əldə etməyə çalışırlar, XXI əsrdə rəqəmsal müstəqillik də eyni dərəcədə vacib hesab olunur. Süni intellektin sürətli inkişafı fonunda məlumatların kim tərəfindən toplanması, emal edilməsi və idarə olunması məsələsi artıq texniki deyil, milli təhlükəsizlik və dövlət suverenliyi məsələsinə çevrilib.

Əgər Avropa Parlamenti bu yöndə qərarlarını sistemli şəkildə həyata keçirə bilsə, Avropa İttifaqı yaxın gələcəkdə rəqəmsal texnologiyalar sahəsində daha müstəqil ekosistem formalaşdıra biləcək. Bu baxımdan deyə bilərik ki, qeyd edilən tendensiya gələcəkdə axtarış sistemləri ilə məhdudlaşmayaraq, bulud texnologiyalarını, süni intellekt platformalarını, məlumat mərkəzləri və digər strateji rəqəmsal xidmət sahələrini də əhatə edəcək.

Nəzrin ELDARQIZI
XQ



Siyasət