Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İsveçdə fəaliyyət göstərən Çalmers Texnologiya Universitetinin tədqiqatçıları tikinti və interyer dizaynında plastik, gips və sintetik parçalara alternativ ola biləcək unikal biomaterial hazırlayıblar. Universitet mühəndislərinin rəsmi hesabatına və elmi bəyanatına istinadən xəbər verilir ki, bu yeni materialdan istifadə etməklə 3D çap texnologiyası vasitəsilə işığı tənzimləyən panellər, otaqlararası arakəsmələr və divar üzlükləri hazırlamaq mümkündür. Mayanın birbaşa material komponenti kimi tətbiq edilməsi müasir memarlıq və tikinti sənayesində indiyədək heç vaxt araşdırılmamış tamamilə yeni bir istiqamətdir.
Sözügedən innovativ materialın tərkibinə adi çörək mayası, oduncaqdan əldə edilən sellüloz lifləri, dəniz yosunlarından alınan alginat, həmçinin bitki qliserini və su daxildir. Bu komponentlər birləşərək hidrogel – yəni plastik, jeleyəbənzər kütlə əmələ gətirir. Qarışdırılma prosesindən əvvəl maya xüsusi termik emalla deaktivasiya edilir (aktivliyi dayandırılır), daha sonra isə bütün maddələr vahid bir kütlə halına gətirilir. 3D printerdə çap prosesi otaq temperaturunda və xüsusi təzyiq altında həyata keçirilir; bu isə istehsalat zamanı yüksək enerji tələb edən qızdırma prosesinə və əlavə dayaq konstruksiyalarına ehtiyacı tamamilə aradan qaldırır.
Yeni materialın fiziki xassələrini və dizayn xüsusiyyətlərini asanlıqla tənzimləmək mümkündür. Alimlər resepturanı dəyişməklə materialın şəffaflığını, sarıdan qəhvəyiyə qədər olan rəng çalarlarını və teksturasını idarə edə bilirlər. Məhsulun yekun rəngi təbii piqmentlər və ya xüsusi maya ştammları vasitəsilə korreksiya olunur ki, bu da müxtəlif naxışların vurulmasına və fərqli taktil (toxunuş) hisslərinin yaradılmasına imkan verir.
Bu elmi işin əsas özəlliyi ondan ibarətdir ki, maya vərdiş etdiyimiz qıcqırma (fermentasiya) prosesi üçün deyil, məhz materiala həcm, sabitlik və yüksək davamlılıq verən biokütlə kimi istifadə olunur. Üstəlik, istehsalat prosesinə pivəbişirmə və kənd təsərrüfatı sahələrinin tullantılarını da xammal kimi cəlb etmək mümkündür. Ənənəvi tikinti materiallarından fərqli olaraq, maya əsaslı bu material tamamilə bioparçalanandır; istismar müddəti bitdikdən sonra o, heç bir toksiki tullantı yaratmadan təbiətə təhlükəsiz şəkildə qarışır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

