Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatında “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində “15 iyundan 8 noyabra” mövzusunda Şəhid ailələri, qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirmişdir.
YAP rayon təşkilatının sədri Seyfəddin bildirmişdir ki, 15 iyun 1993-cü il-xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmuş, o dövrün ağır və ağrılı sınaqlarından keçmiş hər bir azərbaycanlı üçün gerçək bir xilas tarixidir. Bu mühüm tarixi dönüş nöqtəsinin müəllifi isə varlığı ilə hər zaman xalqına arxalanan, Azərbaycanın müstəqilliyi və gələcəyi naminə müstəsna missiya yerinə yetirən Ümummilli Lider Heydər Əliyevdir. Həmin gün Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində yeni bir dövr başladı. Zamanın və xalqın təkidli çağırışı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün müstəqil və suveren bir Azərbaycanın varlığından bəhs etmək qeyri-mümkün olardı.
Hazırda iqtisadiyyatımızın qazandığı böyük uğurlar, ordumuzun qüdrətlənməsi, elm və təhsilimizin dünya arenasına inteqrasiyası, eləcə də mədəniyyətimizin dövlət qayğısı ilə əhatə olunması məhz həmin fenomenal şəxsiyyətin uzaqgörən strategiyasının bəhrəsidir. Respublikamızın müasir tarixinə yazılan hər bir qələbə və nailiyyət Ulu Öndərin xalqımıza miras qoyduğu zəngin siyasi irsin birbaşa nəticəsidir.
Təşkilat sədri sonda bildirdi ki, 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının həmrəyliyini və dövlətin gücünü bütün dünyaya nümayiş etdirdi. "Dəmir Yumruq" əməliyyatı çərçivəsində rəşadətli ordumuz hər gün irəli gedərək 30 illik işğala son qoydu. Nəhayət, 8 noyabrda Qarabağın ürəyi, qədim mədəniyyət beşiyimiz Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın fəthi Ermənistanın kapitulyasiyasına və diz çökməsinə səbəb oldu. Bu səbəbdən 8 Noyabr tariximizə Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. 15 İyundan 8 Noyabra keçən yol Azərbaycanın dirçəliş, güclənmə və qələbə xronologiyasıdır. 1993-cü ildə qorunub saxlanılan müstəqillik, 2020-ci ildə ərazi bütövlüyümüzün tam bərpası ilə zirvəyə ucaldı. Bu gün Azərbaycan regionun mütləq lideri, söz sahibi və qalib bir dövlətdir. Qurtuluşdan başlayan bu yol, bizi gələcək daha böyük uğurlara və qlobal zəfərlərə doğru aparmaqdadır.
Sonra Şəhid anası, tanınmış müəllim Mehriban Sultanova çıxış edərək bildirdi ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur.
Sonda Şəhid bacısı, Mollaoba kənd tam orta məktəbinin direktoru Dilşad Məhərrəmova, Şəhər 4 nömrəli tam orta məktəbin hərbi rəhbəri Rafiq Abbasov və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.

