“Tusi Paleon” aləti tələbələrin istifadəsinə verilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) informasiya təhlükəsizliyi sahəsində ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədilə bir sıra ali təhsil müəssisələrinin tələbələri üçün ustad dərsləri təşkil edib.

XRİTDX-dən verilən məlumata görə, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi təlimlər “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiqlər” mövzusuna həsr olunub. Tədbirin əsas məqsədi gəncləri rəqəmsal ekspertiza sahəsinin müasir metodları, tətbiq imkanları və aktual tendensiyaları ilə yaxından tanış etmək olub.

Təlimlər zamanı iştirakçılara rəqəmsal araşdırmaların aparılması prinsipləri, kibertəhlükəsizlik hadisələrinin təhlili və ekspertiza prosesində istifadə olunan yanaşmalar barədə ətraflı məlumat verilib.

Proqram çərçivəsində XRİTDX-nin Zərərvericilərin Tədqiqi Laboratoriyasının hazırladığı “Tusi Paleon” alətinin imkanları nümayiş etdirilib. Praktiki sessiyada real zərərli proqram nümunəsi üzərində analiz aparılaraq, onun davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsi, rəqəmsal izlərin aşkarlanması və texniki təhlil mərhələləri iştirakçılara əyani şəkildə göstərilib.

Qeyd olunub ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməyə, informasiya təhlükəsizliyi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə və ölkənin insan resurslarının gücləndirilməsinə töhfə verir.







Elm