WUF13: şəhərsalma və memarlıq ənənəsi kontekstində

post-img

IV MƏQALƏ

Azad Qarabağın yenidən qurulması

Qarabağın Azərbaycanın öz gücü ilə azad edilməsi tarixi olaydır. Bu barədə indi çox yazılır. Əlbəttə, buna şübhə yoxdur. Lakin Qarabağda quruculuq işlərinin xarakteri, mahiyyəti və strateji hədəfləri COP və WUF kimi qlobal xarakterli tədbirlərin Azərbaycanda keçirilməsini şərtləndirən mühüm faktorlardır.

İndi Qarabağda müasir şəhərsalma və memarlıq nümunələrindən olan “ağıllı kənd”, “Ağıllı şəhər”, rəqəmsal idarəetmənin müxtəlif növləri, dayanıqlı sosial-iqtisadi, təhlükəsiz inkişafın yeni elementləri və digər dəyərlər çox geniş tətbiq edilir.

Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda ənənə ilə müasir memarlığın mükəmməl vəhdəti olan beynəlxalq hava limanları salınmışdır. Yeni tikililər şəhərsalmanın vüsəti rəmzi olmaqla yanaşı, Azərbaycanın memarlıq ənənəsi ilə müasir memarlığın ən yaxşı cəhətlərini özündə ehtiva edən dinamik məkana çevrildiyinin nümunəsidir.

Bu anlamda WUF13 kontekstində Qarabağın yenidən qurulması başqa dəyərlərlə yanaşı, Azərbaycanda şəhərsalma və memarlıq mədəniyyətinin dünya miqyasında uğurlu təqdimatıdır. WUF13 prizmasında bu tezisi təsdiq edən digər konkret faktlara baxaq. Burada “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilmiş tədbiri xüsusi vurğulamaq gərəkdir. Çünki həmin tədbirin məzmun və məqsədində Qarabağda yenidənqurmanın fəlsəfəsi ilə praktiki reallaşma tərəfləri arasındakı fəlsəfi, sosial və mədəniyyət bağlantıları yığcam şəkildə ifadəsini tapmışdır. Onun üç aspekti üzərində dayanmaq faydalı olardı.

Münaqişədən sonra şəhərsalma

Qarabağda münaqişədən sonra şəhərsalma təcrübəsi Azərbaycanın dünya üçün faydalı olan qiymətli siyasi, diplomatik, sosial və mədəni çalarlı təcrübələrindən biridir. Bunun WUF13-də rəsmi olaraq dünyaya təqdimatı isə ayrıca Azərbaycan rəhbərliyinin siyasi-diplomatik və müstəqil dövlət quruculuğu məharətinin göstəricilərindəndir. Çünki Bakı faktiki olaraq əyani şəkildə Qarabağda yenidənqurmanın fəlsəfəsini ortaya qoymuşdur. Burada ilk diqqəti cəlb edən fikir “münaqişədən sonra şəhərsalma” ifadəsində ehtiva olunmuşdur.

Doğrudan da, uzun sürən, infrastrukturu tamamilə dağıdılmış ərazidə müasir kriteriyalara uyğun şəhərsalma həyata keçirmək necə mümkün ola bilər? Azərbaycan bunu bacardı və dünya indi Qarabağda inşa edilən “ağıllı kənd”, “ağıllı şəhər” və digər nümunələri təhlil edir, həmin təcrübədən nəticələr çıxarırlar. Şuşa, Xankəndi, Ağdərə, Ağdam, Xocalı və digər rayonlarda aparılan bərpa və yenidənqurma işlərinin urbanizasiya kontekstində özəllikləri diqqət çəkir. Məhz həmin aspektdə bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, əhalinin doğma yurdlarına qayıdışı və regionun inteqrasiya olunmuş inkişafı məsələləri vahid sistemin bir-biri ilə sıx əlaqəsi olan tərkib hissələri təsiri bağışlayır.

Onun əsas əlamətlərindən biri bərpa və yenidənqurmanın sosial, mənəvi, əxlaqi, təhlükəsizliyin təmini aspektlərinin vəhdətdə olmasıdır. Yəni şəhər, qəsəbə və ya kəndin “ağıllı” olması əlamətlərindən biri də ora qayıdan insanların sosial, psixoloji, məşğuliyyət və təhlükəsizliyin təmini məsələlərinin qarşılıqlı əlaqədə həllini ehtiva edir. Sessiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun çıxışlarında bu məqamı görmək mümkün idi.

Vurğulanan istiqamətdə tədbirdə daha çox işğaldan azad edilmiş ərazilərdə şəhər kimliyinin qorunması, tarixi abidələrin bərpası və dayanıqlı inkişaf məsələlərinin müzakirə edilməsi tamamilə başadüşüləndir.

Ümumilikdə, “şəhər kimliyinin qorunması”nın sosial, demoqrafik və urbanik aspektləri bütün dünya dövlətləri üçün çox aktualdır. Azərbaycan təcrübəsi həmin keyfiyyətin məhz münaqişədən sonra şəhərsalma işlərində praktiki olaraq necə həyata keçirilməsi nümunəsini WUF13 çərçivəsində nümayiş etdirmişdir.

Məsələ onunla bağlıdır ki, Qarabağda şəhərlər tam anlamında yenidən tikilmir – onlar əsrlərlə Azərbaycan ərazisində mövcud olmuş və artıq özünəxas urbanik, demoqrafik, sosial, psixoloji dinamikaya malik passionar birgəyaşam məkanlarıdır. Məsələn, kim deyə bilər ki, Şuşa, Ağdam, Xankəndi, Laçın və ya Kəlbəcər özünəməxsus urbanik ənənəyə malik deyillər? Əksinə, Qarabağın coğrafiyası, infrastrukturu və onun şəhərləşmə tarixinin möhtəşəm dəyərləri haqqında sonsuza qədər danışmaq mümkündür.

Ancaq vəziyyəti mürəkkəbləşdirən erməni vandalizminin təqribən 30 il həmin yerləri məhv etmələridir. Deməli, Azərbaycan ikiqat şəhərsalma və memarlıq mədəniyyəti nümayiş etdirməli idi – birincisi, vəhşilərin dağıtdıqları Azərbaycan şəhərsalma və memarlıq izlərini bərpa etmək lazım idi, ikincisi, onları ən müasir şəhərsalma və memarlıq nümunələri ilə vəhdət halına gətirmək gərəkdi. Bizcə, dünya Azərbaycanın bu nadir sivil təcrübəsindən hələ uzun illər bəhs edəcəkdir!

Bu müddəalardan iki mühüm faktora maraqlı keçid etmək olar.

Məhv edilmiş kimliyin bərpası

WUF13 kontekstində baxanda burada “kimlik” yalnız fərdi etnopsixoloji və fiziki anlamla məhdudlaşmır. O, Azərbaycan xalqının və dövlətinin əsrlərin sınağından keçərək bu günə gəlib çatan sosial-mədəni, siyasi, iqtisadi və dövləti təkamülünün birbaşa nəticəsidir. Buna görə də kollektiv miqyasda “kimlik” fərdi, toplumsal və dövləti identikliyin sintezini özündə ehtiva edir. İşğal müddətində azərbaycanlıya fiziki təcavüz bu kimliyin məhvinə yönəlmişdir. Eyni dərəcədə həmin işğalçılıq Azərbaycan cəmiyyətinin kollektiv identikliyinin hər bir aspektinin məhvinə yönəlmişdi. Çünki onu təşkil edənlərin başlıca hədəfi, ümumiyyətlə, Cənubi Qafqazda Azərbaycan (türk) dövlətçiliyini məhv edib, yerində qondarma “qədim erməni dövlətçiliyi” mifi yaratsınlar.

İndi Azərbaycan həmin məhv edilmiş kimliyin bərpasını WUF13 səviyyəsində gündəmə gətirib, bütün dünyaya onun əbədi olduğunu sübut edirsə, bu, Azərbaycan Prezidentinin müasir müstəqil dövlətçiliyə verdiyi əvəzsiz töhfələrdən biridir. Bu mənada bərpa edilən hər şəhərimiz, ucaldılan abidəmiz, “ağıllı” məskunlaşma məkanlarımız, mədəni tədbirlərimiz, əhəmiyyətli beynəlxalq tədbirlərimiz (Şuşa, Xankəndi, Ağdam, Laçın tədbirləri) geniş anlamda kimliyin incə rəmzləridir. Azərbaycanlılar kimliklərini intellektləri, Vətənə bağlılıqları, hüquqa sayğıları ilə bərpa edirlər və yeniləşdirirlər.

Bunlara görə onlar inteqrasiya olunmuş gələcəklərinə doğru inamla gedirlər. WUF13-ün hörmətli iştirakçıları bu qətiyyəti, əzmi, sivilliyi və mənəvi hərəkatı gördü, duydu və heyrətləndi. KİV-ə baxsanız bunu əyani görə bilərisiniz!

İnteqrasiya olunmuş gələcək

Özlüyündə müasir cəmiyyətlər üçün fundamental bir məsələdir. Çünki sürətlə dəyişən və müxtəlif tərəflərdən neqativ təsirlərə məruz qalan toplumların birliyi, həmrəyliyi və passionarlığı çox aktuallaşıb. Toplum həm birliyini təmin etməli, həm də beynəlxalq arenada kifayət qədər fəal olmalıdır ki, inklüzivlik və legitimliyini dövlət və kültür identikliyinin atributları kimi qəbul etdirə bilsin.

Ayrıca, Qarabağ nümunəsində Azərbaycan cəmiyyəti çox ağır zərbələr aldı və çətin sınaqlardan keçdi. İndi bizim üçün Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycan cəmiyyətinə inteqrasiyası həyati əhəmiyyətli məsələdir. Bunun fonunda baş tutacaq inteqrasiya modelinin Azərbaycanın ruhu, nəfəsi, ənənəsi, dili, mədəniyyətinin mövcud olduğu coğrafiyaya təsiri hüdudları və dərinliyini elmi “ölçmək” gərəkdir.

“İnteqrasiya olunmuş gələcək” ifadəsi bunlardan əlavə məna çalarlarına malikdir. WUF13 həmin bağlılıqda nələri göstərdi? Üç fakta baxaq və onlar arasında semantik bağlantını aydınlaşdıraq.

Birincisi, “Tarixi abidələrin bərpası: Şuşa şəhərində işğal dövründə məhv edilmiş irsin bərpası çərçivəsində təkcə 2026-cı ildə 15 tarixi abidədə konservasiya işlərinin aparılması nəzərdə tutulur”.

İkincisi, “Vandalizm izlərinin aradan qaldırılması: İşğal zamanı Xankəndi qəbiristanlığının məhv edilməsi və dini-mədəni izlərin silinməsi kimi vandalizm aktları vurğulanmış və bu ərazilərdə məhv edilmiş kimliyin bərpası üçün kompleks tədbirlərin vacibliyi qeyd olunmuşdur”.

Üçüncüsü, “İnteqrasiya və inkişaf: Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin məhv edilmiş infrastrukturunun sıfırdan, müasir standartlara uyğun şəkildə qurulması və inteqrasiya olunmuş gələcəyin formalaşdırılması prosesi sürətlə davam etdirilir”.

Tarixi abidələrin bərpası maddi mədəniyyətin və tarixi yaddaşın maddiləşmiş rəmzinin bərpası deməkdir.

Vandalizm izlərinin aradan qaldırılması isə psixologiyada və ictimai şüurda izi qalmış dini-mədəni “yaraların sarınması” deməkdir.

Bu iki aspekt bir yerdə azərbaycanlı psixologiyası və şüurunda dini, mədəni və maddiləşmiş kültür növlərinin neqativ cəhətlərdən “təmizlənərək” ənənədə ciddi yer almış birliyi də nəzərə alaraq ən müasir konsolidasiya (solidarlıq) nümunəsinə istiqamətlənməsini təmin edir. Həmin solidarlığın əyani və konseptual formulu “inkişafı təmin edən inteqrasiya”dır.

Deməli, WUF13 faktiki olaraq Azərbaycanın intellekt, mənəviyyat, mədəniyyət və sivillik aspektlərində sosial-mədəni və psixoloji yeniləşməklə inkişafı təmin edən inteqrativ xarakterli toplum yaratmaq əzminin beynəlxalq arenada təqdimatı sırasındadır.

Burada əlbəttə, xüsusi yeri və aparıcılığı Azərbaycan dövlət başçısının çox məharətli siyasi-diplomatik fəaliyyəti tutur. Prezident İlham Əliyev milli, regional və qlobal miqyaslarda liderliyinin inklüzivliyi və legitimliyini tam sübut etmiş liderdir!

Qardaşların qardaşlaşan şəhərləri

WUF13-ün Türk Dövlətləri Təşkilatı (TDT) konteksti də çox önəmlidir. “Urban Expo” sərgisində fəaliyyət göstərən Azərbaycan pavilyonunda Türk Dövlətləri Təşkilatının (TDT) Yüksəksəviyyəli Şəhər Dialoqunun təşkili bu baxımdan fövqəladə əhəmiyyətli olaydır. Rəsmi informasiya: “Tədbirdə dayanıqlı şəhərsalma, regional əməkdaşlıq, iqlimədavamlı urbanizasiya və Türk dünyasında şəhər inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub. Sessiya çərçivəsində üzv ölkələr arasında şəhər və ərazi planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Sözügedən dialoq zamanı, həmçinin Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum da imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar”.

Bu, adi qardaşlaşma hadisəsi deyildir – Türk dünyasının ən müasir çağırışlar fonunda addım-addım vahid sosial-mədəni, iqtisadi, mənəvi, psixoloji, əxlaqi, urbanik, memarlıq sferaları üzrə bütövləşməsi və güclü faktora çevrilməsidir.

Nəyin naminə? İnkişafın, sülhün, əməkdaşlığın, təhlükəsizliyin, mədəniyyətin və ədalətin naminə! Biz, kökdən qardaş olanlar bütün dünyanın real qardaşlaşması üçün birləşirik! WUF13 də bunu təsdiq edən tədbirlərdən oldu!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət