Əfsanə və gerçəklik arasında...

post-img

Ermənistan 2 gün sonra belə bir seçim etməlidir

Ermənistanda keçirilməsinə sayılı günlərin qaldığı parlament seçkiləri öncəsi gərginlik durmadan artır. Vəziyyəti şərtləndirən məqamlar isə məlumdur. Bunlar barədə söz açmaq və detallar üzərində dayanmaq mümkündür. Ancaq bir məqam var. Söhbət ideoloji mahiyyət daşıyan məqamdan gedir.

Qeyd edək ki, seçkiqabağı təbliğat kampaniyası başlamazdan əvvəl Baş nazir Nikol Paşinyan və ətrafı parlament seçkilərinin ölkənin sülh və müharibə arasında seçim olduğunu vurğulamışdı. İlk baxışdan siyasi şüar təsiri bağışlayan bu yanaşma sonrakı hadisələrin fonunda daha aydın görünməyə başladı. Hazırda Ermənistanın siyasi gündəliyində müzakirə olunan əsas mövzu məhz regionda münasibətlərin normallaşdırılması və ya keçmiş qarşıdurma siyasətinin davam etdirilməsi məsələsidir.

Baxın, Ermənistan Parlamentinin spikeri Alen Simonyan bir neçə gün əvvəl ölkə mediasına geniş müsahibəsində orta əsrlərin Avropa tarixindən maraqlı misal gətirmişdi. O demişdi ki, ingilislər və fransızlar əsrlərlə düşmən olublar, çoxsaylı müharibələr aparıblar, amma bu gün onlar iş ortağıdırlar, müttəfiqdirlər və sair. Realllıq budur ki, indi hansısa fransızın Britaniyaya, yaxud hansısa ingilisin Fransaya gedib çətinliklərlə üzləşəcəyini düşünmək mümkün deyil. Yəni vaxtilə qanlı qarşıdurmalar yaşamış iki xalqın bu gün Avropanın siyasi və iqtisadi inteqrasiyasının aparıcı qüvvələri sırasında yer almaları tarixi transformasiyanın mümkünlüyünü göstərən mühüm nümunədir.

A.Simonyan yuxarıda diqqətə çatdırdığımız fikri jurnalistin, bir növ, təxribatçı mahiyyət daşıyan sualını cavablandırarkən dilə gətirmişdi. Hesab edirik ki, Ermənistanda parlament seçkiləri ilə bağlı ən vacib nüans elə budur: Ermənilər düşmənçilik səhifəsini bağlasınlar, ya açıq saxlasınlar, yaxud düşmənçiliyi davam etdirsinlər?

A.Simonyanın müqayisəsi təsadüfi deyil. O, Ermənistan cəmiyyətinə mesaj verməyə çalışır: tarixdə uzunmüddətli düşmənçiliklərin əməkdaşlıq münasibətlərinə çevrilməsi mümkündür və bunun üçün siyasi iradə tələb olunur. Məhz buna görə də qarşıdan gələn seçkilərin mahiyyəti təkcə hakimiyyət dəyişikliyi və ya parlamentdə yerlərin bölgüsü ilə məhdudlaşmır. Əsas məsələ Ermənistanın gələcəkdə hansı siyasi və ideoloji xətti seçəcəyidir.

Bəli, erməni iqtidarının təmsilçiləri sülhlə bağlı arqumentlərini sıralayırlar. Onlara əks-qüvvələr isə, faktiki olaraq, düşmənçilik və nifaqın davam etdirilməsinin “zəruriliyini” ortaya qoyurlar. Başqa heç bir ciddi məqam yoxdur. Yəni hansısa digər məsələyə münasibətdəki fərqlilik ya istisnadır, ya da məhz vurğuladığımız motivdən qaynaqlanır. Seçki debatlarının məzmununa diqqət yetirdikdə bu mənzərə aydın görünür. Hakimiyyət nümayəndələri sülhün, regional kommunikasiyaların açılmasının və qonşularla münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayırlar. Müxalif qüvvələri isə daha sərt yanaşmanı müdafiə edir, təhlükəsizlik məsələlərini ön plana çəkərək kompromislərə ehtiyatla yanaşdıqlarını göstərirlər. Beləliklə, siyasi mübarizənin əsas xətti keçmişin düşmənçilik mirası ilə gələcəyin əməkdaşlıq perspektivi arasında formalaşır.

Hər bir seçkidə iqtisadiyyat, sosial siyasət, idarəetmə və digər məsələlər də mühüm rol oynayır. Lakin Ermənistanın hazırkı siyasi reallığında bu mövzuların böyük hissəsi yenə də ölkənin regional siyasətdə tutacağı mövqe ilə sıx bağlıdır. Buna görə də seçkilərin əsas ideoloji məzmununu, əvvəldə də vurğuladığımız kimi, sülh və qarşıdurma arasında seçim kimi qiymətləndirmək mümkündür.

Nəticə etibarilə, Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə yeni siyasi qüvvələrin formalaşması deyil, həm də ölkənin gələcək strateji istiqamətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Seçicilər, faktiki olaraq, bir suala cavab verməli olacaqlar: Ermənistan keçmiş qarşıdurmaların təsiri altında qalacaq, yoxsa regionda yeni əməkdaşlıq və sülh mərhələsinə keçid etməyə çalışacaq? Bu sualın cavabı yalnız ölkənin daxili siyasi həyatını deyil, bütövlükdə, Cənubi Qafqazın gələcəyini müəyyənləşdirə bilər. Ən əsası isə sualın cavabı Ermənistanın bir dövlət kimi Cənubi Qafqaz coğrafiyasında mövculuğu ilə birbaşa əlaqəlidir. Prezident İlham Əliyev, ümumən, Azərbaycan rəsmiləri 2020-ci ilin 44 günlük müharibəsindən və 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra bildirmişdilər ki, regionda tamamilə yeni mərhələ açılıb. Bu, heç də adi deyim deyildi.

Əslində, regionda yeni mərhələ 1994-cü ildə başlanmışdı. Həmin ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın timsalında Cənubi Qafqaz dünyaya böyük açılım etmişdi. Beynəlxalq aləm məhz ölkəmizin sayəsində regiona qədəm qoymuşdu. Ermənistan uzun illər işğalçı siyasət yürütməklə, düşmənçilik fazasını qorumaqla, özünü inkişafdan təcrid duruma salmış, eyni zamanda, Cənubi Qafqazın tam tərəqqisini əngəlləmişdi. Ona görə əngəlləmişdi ki, ölkənin başında dayanan qüvvələr mahiyyət etibarilə xəyanət yolunu seçmişdilər.

Xəyanət həm də xaricdəki havadarların, özlərini ermənilərə şirin satanların buyruq quluna çevrilmək idi. 2020-ci ilin 44 günlük müharibəsi də, 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri də göstərdi ki, həmin havadarların heç bir gerçək mahiyyət daşımayan təəssübkeşlik ampluaları çürüyüb. Hər iki hadisə onu da göstərdi ki, havadarların ermənilər üçün uydurduqları yaşam hekayə və mifdən başqa bir şey deyil.

Bəli, 2 gün sonra Ermənistan və erməni xalqı mif və reallıq arasında seçim edəcək. Reallıq tərəfdarı Baş nazir Nikol Paşinyan iqtidarı, mif və hekayə carçıları isə hakim komandaya qarşı çıxan müxalif kəsimdir. O kəsim ki, ölkəni yenidən keşmişə qaytarmaqda israrlıdır. O keçmişə ki, onda, obrazlı desək, hərəkətdə olan qatarın çarxına çomaq salmaq mahiyyəti dayanır. O keçmiş ki, onun ən böyük tapıntısı vəlvələdən, yaxud zəlzələdən Ermənistan adlı dövlətdir. O dövlət ki, onun regionda ixtilaflar yaratmaq üçün formalaşdırıldığı məlumdur.

Ötən 6 ildə yaşananlar, ən başlıcası, Azərbaycan dövlətinin qətiyyəti göstərdi ki, “erməni kartı” ilə regionda oyunlar qurmaq, siyasi mövcudluq saxlamaq cəhdləri mənasız və puçdur. Hazırda Ermənistan və erməni xalqı məhz bunu görməlidir. Görməlidir ki, onun əyninə biçilmiş düşmən ampluası zərər, acı və məhrumiyyətlər gətirdi. Erməni xalqı bir az da düşünüb bu ampluanın 6 il əvvəl olduğu kimi, yenə də məhvə aparacağını duymağı bacarmalıdır. Bacarmalı və seçkidə düzgün seçim etməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət