Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edib.
O bildirib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir.
Konfederasiya sədri qeyd edib ki, sözügedən prioritetlər həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri ilə tam uzlaşır. O, AHİK-in əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşlığın inkişafı sahəsində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara ətraflı məlumat verib.
Sahib Məmmədov qeyd edib ki, Konfederasiya Azərbaycan ilə BƏT arasında imzalanmış “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasında fəal iştirak edir və əmək hüquqlarının müdafiəsi, sosial dialoqun inkişafı və layiqli əməyin təşviqi istiqamətində həyata keçirilən tədbirlərə töhfə verir.
O, sosial dialoqun inkişafı, Sosial-İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, BƏT-in 187 saylı Konvensiyasının ratifikasiyası, eləcə də əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verib.
Q.YUSİFOĞLU
XQ

