Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.
***
Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfiri Bernard Klinqli ilə görüşüb.
Görüş zamanı səfir Bernard Klinql etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
XQ

