Rusiya Prezidenti Azərbaycanla münasibətləri yüksək dəyərləndirib

post-img

“Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.

Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib: “Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır”.

Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya investisiyalarının həcminin 10 milyard rublu keçdiyini vurğulayan Vladimir Putin deyib: “Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var”. O, iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya Prezidenti buna nümunə olaraq “Şimal– Cənub” nəqliyyat dəhlizini göstərib.

Rusiya rəhbəri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını da bildirib: “İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib, bütün xahişlərimizə dərhal reaksiya verib və bu, həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir”.

Rusiya və Azərbaycanın bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar apardığını xatırladan qonşu ölkə başçısı deyib: “Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq”. AZƏRTAC

Son xəbərlər