Vəli AXUNDOV – 110
Görkəmli dövlət xadimi, milli səhiyyə təşkilatçısı, akademik Vəli Axundovun anadan olmasının 110 illiyi ölkəmizdə xalqa ali səviyyədə xidmət nümunəsi kimi qədirbilənliklə qeyd edilir.
Ümummilli lider Heydər Əliyev ondan əvvəl 10 il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun dövlətçiliyimiz və xalqımız qarşısında xidmətlərinə həmişə layiqincə qiymət vermişdir. 1996-cı ildə isə Ulu öndər öz sələfinin 80 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi barədə sərəncam imzalamış, təntənəli mərasimdə geniş nitq söyləmişdir.
Vəli Axundovun uzun illər rəhbərlik etdiyi elm ocağına onun adı verilmişdir. Prezidentimiz İlham Əliyev də Vəli Axundovun xatirəsinə həmişə böyük hörmət və ehtiram bəsləyir.
Vəli Yusif oğlu Axundov 1916-cı il may ayının 14-də Bakının Saray kəndində anadan olmuşdur. O, Saray kənd orta məktəbindəki ilk təhsilini 1929-cu ildə Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirən gənc Bakı Sənaye Texnikumuna daxil olmuşdur. Kimyaçı-texnik peşəsinə yiyələnmiş Vəli Axundov 1937-ci ildə ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. O, təhsil almaqla yanaşı, Azərbaycan Tibb İnstitutunun ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar uğrunda” qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifələrində çalışmışdır.
Bütün bunlar onu ali təhsilli tibb kadrı olmaqla yanaşı, gələcək ictimai-siyasi fəaliyyətə də hazırlamışdır. 1941-ci ildə institutu bitirərən Vəli Axundov Almaniyanın SSRİ-yə hücumu ilə başlayan müharibədə həkimlik fəaliyyətini ordu hospitallarında davam etdirmişdir. Gənc cərrahı tezliklə 20-ci atıcı diviziyanın tərkibində tibbi-sanitar batalyonun komandiri təyin etmişlər. O, Rusiyada, Belarusiyada, Çexoslovakiyada, Almaniyada gedən döyüşlərdə iştirak etmiş, dəfələrlə təltif olunmuşdur.
1946-cı ildə ordudan tərxis olunduqdan sonra Vəli Axundov Azərbaycan Tibb İnstitutunda tibb tarixi kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. Həmin il onu Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçmişlər. O, gənc olmasına baxmayaraq, bu məsul vəzifədə uğurla çalışmışdır. Yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 1949-cu ildə Vəli Axundovu Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-ci ildə isə Bakı Vilayət Səhiyyə Şöbəsinin müdiri təyin etmişlər. 1953-cü ildə qısa müddətdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktor əvəzi işlədikdən sonra Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsinin müdir müavini vəzifəsinə irəli çəkilmişdir.
Tükənməz enerji ilə məsul vəzifələrin öhdəsindən bacarıqla gələn Vəli Axundov 1954-cü ildə Azərbaycan SSR səhiyyə naziri təyin edilmiş və 1958-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1958-ci ilin fevral ayında Azərbaycan KP MK katibi seçilmiş, iyul ayında isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilmişdir. 1959-cu ildə 43 yaşlı hökumət başçısı respublikanın ali rəhbəri olan Azərbaycan KP MK-nın 1-ci katibi seçilir. Bu vəzifədə 10 il Azərbaycana rəhbərlik etmiş Vəli Axundov 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmiş və 1969-cu ildən 1972-ci ilə kimi akademiyanın vitse-prezidenti olmuşdur.
Vəli Axundov 1972-ci ildən ömrünün sonuna – 1986-cı il avqust ayının 22-nə kimi Q.Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. O, SSRİ Ali Sovetinin (6-7-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (4-7-ci çağırış) deputatı olmuşdur.
Vəli Axundov 1955-ci ildə Gəncə şəhərinin sanitar-epidemioloji xarakteristikası mövzusunda namizədlik, 1964-cü ildə isə Bakı şəhərinin neft rayonlarının sanitar-epidemioloji durumu mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1966-cı ildə professor elmi adı almışdır. O, 300-dən artıq elmi məqalə, 6 monoqrafiya, 11 elmi-kütləvi kitabçanın müəllifi olmuşdur. Alimin rəhbərliyi altında 4 doktorluq, 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Vəli Axundovun gigiyena sahəsindəki elmi nailiyyətləri yüksək dəyəri ilə seçilmiş, apardığı tədqiqatlar SSRİ-nin bir çox respublikalarında tətbiq olunmuşdur. Doktorluq dissertasiyasındakı praktik təkliflər neft emalı sənayesində xüsusi əhəmiyyət kəsb etmişdir. O, gigiyenik-epidemioloji tədqiqatların aparılması üçün kibernetika laboratoriyası təşkil etmişdir. İnstitutun əməkdaşlarının ingilis dili öyrənmələri üçün xüsusi kurslar təşkil etdirmiş və beynəlxalq konfranslar keçirilmişdir. Alimin xidmətlərindən biri də institutun əlavə binasının tikilməsi olmuşdur.
O zaman Vəli Axundovun təşəbbüsü ilə institutda həftənin 5-ci günləri işçilərə bədii filmlər göstərilirdi. Hər ilin sonunda institutda ölkə və Ümumittifaq miqyaslı konfranslar keçirilirdi. Vəli Axundov SSRİ Tibb Elmləri Akademiyasında gigiyena üzrə problem komissiyasının, Ümumittifaq Elmi Tibbi-Texniki İdarənin, Beynəlxalq Tibbi Assosiyasının, Sovet Milli Komitəsinin üzvü olmuşdur. Alim uzun illər Azərbaycan gigiyenistlərinin və sanitar həkimlərinin elmi praktik cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir.
Vəli müəllimin ömür yolu nəinki gənc həkimlərə, bütün gənclərə örnəkdir.
Dünyaya bir dəfə gələn insan öz əqidəsi, əməli, əməyi, həyat tərzi, insanlara münasibəti və əxlaqi dəyərləri ilə özünü təsdiqləyir. Vəli Axundov da xeyirxahlığı, şərəfli əməyi, insanlara olan hörməti, ləyaqəti, səxavəti, kişiliyi ilə fərqlənən, xalqına, vətəninə sevgisi, qohum-əqrəbasına, dostlarına olan məhəbbəti ilə yadda qalan, xalqının, vətəninin yolunda əlindən gələni əsirgəməyərək şəxsiyyətlərdən biri olmuşdur.
Onunla ilk tanışlığım 1976-cı ilin sentyabr ayında olmuşdur. Epidemiologiya kafedrası onun direktor olduğu institutun 1-ci mərtəbəsində yerləşirdi. İnstitutda əmək intizamına ciddi riayət olunurdu. Heç kim boş-boşuna dəhlizdə gəzə bilməzdi. Əməkdaşlar üçün dəhlizin bir kənarında tenis stolu qoyulmuşdu. Fasilədə və işdən sonra kim istəyirdi oynayırdı. Qədirbilən insan olduğu üçün institutda xüsusi guşələrdə görkəmli alimlərin portretləri asılmışdı. İşçilərə elmin yeni nailiyyətləri haqqında daim məlumatlar verilirdi.
Bütün mərtəbələr gül-çiçəklə bəzədilmişdi. İnstitutun yeməkxanası səliqə-səhmanı və yeməklərin keyfiyyəti ilə fərqlənirdi. Binaya daxil olduqda ilk baxışdan buranın rəhbərinin böyük zövq sahibi olduğu hiss edilirdi.
İşimlə əlaqədar olaraq institutun laboratoriyalarından istifadə etmək üçün ondan icazə almalı idim. İşin axırı olduğu üçün katibə səhəri gün gəlməyimi məsləhət gördü. Mən aşağı düşərkən katibə “geriyə qayıdın, Vəli müəllim sizi gözləyir” – dedi. Mən içəri daxil olub epidemiologiya kafedrasının assistenti olduğumu və elmi işimlə əlaqədar laboratoruyada işləmək istədiyimi söylədim. O məni ətraflı dinlədikdən sonra dərhal laboratoriyanın müdirini yanına çağırtdırıb orada işləməyimə icazə verdiyini bildirdi.
Sonra mənimlə yarım saat söhbət etdi və müəllimim, Əməkdar elm xadimi, professor Tağı Tağızadənin gözəl insan, böyük alim, çox böyük təşkilatçı olduğunu söylədi. Bu böyük şəxsiyyətin öz elmi işçisinə siz deyərək müraciət etməsi məni heyrətləndirdi. Sonda nə çətinliyin olsa yanıma gəl dedi. Sonralar mənim onunla yaxınlığım daha da artdı, poeziya vurğunu olmağım xoşuna gəlmişdi. Onu dinlədikcə, insanın qəlbinə bir rahatlıq gələrdi, həzin səsi, güclü məntiqi adamı heyran edərdi.
XX əsrdə Azərbaycanın qeyrətli rəhbərlərindən biri olmuş Vəli Axundov elə bir zirvə idi ki, insanlıq səviyyəsi də daşıdığı vəzifələrə bərabər yüksəklikdə dururdu. O, tarixi şəxsiyyət olduğunu xalqına və Vətəninə çoxillik xidmətləri ilə təsdiqləmişdi.
İbadulla AĞAYEV,
Azərbaycan Tibb Universiteti epidemiologiya və biostatistika kafedrasının müdiri, professor

